Azərbaycan müstəqillik dövründə fərqli mərhələlərdən, sınaqlardan, eniş və yoxuşlardan keçib. Bu mənada İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü ildən 2024-cü illərə qədər dövrü isə siyasi və digər sahələrlə yanaşı, iqtisadi sahədə də tam əsasla milli yüksəliş, rifah və tərəqqi dövrü saymaq olar.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə də öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başladı. Müstəqilliyin ilk illərində yaranan siyasi xaos, ölkənin iqtisadi durumunu da çətinləşdirmişdi. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə iqtisadi sahədə ölkənin gələcək inkişafının təməlləri də atılmış oldu. Yeni neft strategiyası işlənib hazırlandı. 1994-cü ildə Azərbaycan dünyanın böyük neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzaladı. Bu, ölkəni ağır vəziyyətdən çıxarmağın ən uğurlu yolu idi.
Uğurlu neft strategiyası iqtisadiyyatda katalizator rolunnda
Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı.
Beləliklə, neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı və ölkə 2003-cü ildən başlayan makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrünə qədəm qoydu.
200 milyard dollara çatan neft sərvəti
Neft-qaz gəlirlərinin iqtisadiyyata cəlb edilməsində əsas yanaşma makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və “insan kapitalının” inkişafı, yoxsulluğun azaldılması, infrastruktur sahələrinin geniş miqyaslı inkişafı üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı idi.
2003-cü ildə neft gəlirləri hesabına Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 815,6 milyon ABŞ dollar təşkil etdiyi halda ötən 21 ildə bu rəqəm 71 dəfədən çox artaraq 58 milyard dollara yüksəlib. Fondun gəlirləri isə 2023-cü ilin sonuna 196,7 milyard dollara çatıb. Uzunmüddətli dövrdə ARDNF dövlət büdcəsinin xərclərinin maliyyələşməsində əsas rol oynayıb. Sözügedən məqsədlərin icrası üçün ötən dövr ərzində Fonddan dövlət büdcəsinə 149,5 milyard manat vəsait transfert olunub.
İqtisadiyyata 100 milyardlarla dollar investisiya cəlb edilib
Ölkədə yaranan “neft bumu” özü ilə Azərbaycana həm də xarici şirkətlərin marağını artırdı və iqtisadiyyata milyardlarla dollar investisiya cəlb edildi. Yatırımların miqyasını isə rəqəmlər daha dəqiq ifadə edir. 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard ABŞ dolları təşkil edib. Ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların (BXİ) həcmi isə 100.7 milyard ABŞ dollarından çox olub. Ötən dövr ərzində Azərbaycanda ümumdaxili məhsulun həcmi (ÜDM) 7.3 milyard ABŞ dollarından 78.7 milyard ABŞ dollarına çatıb. Bu isə 3.6 dəfə real artım deməkdir. Adambaşına düşən ÜDM isə 888.5 ABŞ dollarından 7 min 798 ABŞ dollarına yüksəlib.
Qeyri-neft-qaz iqtisadiyyatı 41 mlrd. dolları ötüb
İqtisadiyyata cəlb edilən neft vəsaitləri hesabına ölkədə əsas diqqət edilən məsələ qeyri-neft sektorunun formalaşdırılması, daha da inkişaf etdirilməsi, o cümlədən gələcəkdə neft sektorundan asılılığın minimuma endirilməsi idi. Bu sahədə atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi, infrastruktur və enerji layihələrinin genişləndirilməsi, nəqliyyat dəhlizlərinin işə salınması, kənd təsərrüfatı, sənaye istehsalı, turizm və ictimai iaşə, tikinti, informasiya və rabitə sahəsi və digər istiqamətlər üzrə inkişafa nail olmaq üçün addımlar atıldı.
Bunun nəticəsi olaraq 2003-2024-cü illərdə qeyri-neft-qaz iqtisadiyyatı 5.0 milyard ABŞ dollarından 41.1 milyard ABŞ dollarına yüksəlib. Kənd təsərrüfatı sektorunda 2,1 dəfə, nəqliyyat sektorunda 4,9 dəfə, turizm və ictimai iaşə sektorlarında 18,9 dəfə, informasiya və rabitə sahəsində isə 23 dəfə artım qeydə alınıb.
2003-cü ildə 1.6 milyard ABŞ dolları təşkil edən Azərbaycanın valyuta ehtiyatları 43 dəfə artaraq 69 milyard ABŞ dollarına yüksəlib. Dövlət büdcəsinin gəlirləri 0.9 milyard manatdan 30.7 milyard manata çatıb.
Maliyyə sabitliyini təmin edən böyük həcmdə valyuta axını
Ölkənin ticarət əlaqələri isə daha da genişlənib və inkişaf edib. Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrin sayı 55-dən 2022-ci ildə 185-ə çatıb. Təsadüfi deyil ki, ölkəmizin xarici ticarət dövriyyəsi 3.8 milyard ABŞ dollarından 52.7 milyard ABŞ dollarına yüksəlib. İxracın həcmi isə 2.2 milyard ABŞ dollarından 38.1 milyard ABŞ dollarına çatıb. Başqa sözlə, 2022-ci ildə ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 2002-ci illə müqayisədə 13.7 dəfə, o cümlədən idxal 8.7 dəfə, ixrac isə 17.6 dəfə çox artıb.
Ötən dövr üzrə xarici ticarətin profisiti 0.5 milyard ABŞ dollarından 23.6 milyard ABŞ dollarına çatıb. Bu isə ölkəyə böyük həcmdə valyuta axını və maliyyə sabitliyi deməkdir.
Bundan əlavə, qeyri-neft-qaz sənayesində istehsalın artırılması həm də ölkənin bu sahədə ixracının həcminə müsbət təsir edib. Belə ki, son 21 ildə ölkədə qeyri-neft-qaz sənayesində istehsal 1.6 milyard manatdan 17.7 milyard manata yüksəlib. Paralel olaraq qeyri-neft ixracı 11.8 dəfə artaraq 0.3 milyard ABŞ dollarından 3.1 milyard ABŞ dollarına yüksəlib.
Ümumiləşdirsək, Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatında 64% paya malik güclü iqtisadiyyat formalaşdırıb.
Azərbaycan regionun ən qısa və təhlükəsiz nəqliyyat habına çevrilib
Dünyada baş verən geosiyasi proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi və ikinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün yeni fürsətlər yaradıb. Çindən Avropaya yüklərin ən qısa zamanda və hazırkı geosiyası proseslər fonunda təhlükəsiz çatdırılması üçün Orta Dəhliz ən ideal alternativə çevrilib.
Hazırda Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. İndiki mərhələdə BTQ dəmir yolu ilə ildə təqribən 6-8 milyon ton yük daşınır. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirilməsinə start verilib. Ələtdə yaradılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin çox mühüm seqmentlərindən birini təşkil edir. Buradan aşırılan yükləri eyni zamanda Şərq-Qərb və Şimal-Cənub marşrutlarına da istiqamətləndirmək mümkündür. Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir.
Ölkə üzərindən tranzit daşımalar sürətlə artır. Təkcə bu ilin ilk yarısında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16,4 milyon tona çatıb. Yüklərin 7,5 milyon tonu və ya 45,8%-i dəmir yolu nəqliyyatı, 5 milyon tonu və ya 30,5%-i avtomobil nəqliyyatı, 3,9 milyon tonu və ya 23,7%-i dəniz nəqliyyatı ilə daşınıb.
Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub
Azərbaycanda aparılan sosial siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, yoxsulluq səviyyəsi azalıb, yeni iş yerləri yaranıb. Dövlətimizin başçısının strateji inkişaf kursunun uğuru nəticəsində Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.
Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb. 2003-cü ildə dövlət büdcəsindən sosial xərclərə 678,2 milyon manat, 2022-ci ildə 11,6 milyard manat yönəldilib.
Prezidentin rəhbərliyi ilə keçən dövrdə əməkhaqları və pensiyalar ilə bağlı müsbət artım dinamikası qeydə alınıb. Orta aylıq əmək haqqının nominal məbləği 13.3 dəfə artaraq 63.1 manatdan 840 manata çatıb. Orta aylıq pensiyanın nominal məbləği 18 dəfə artaraq 23,8 manatdan 435 manata çatıb. Yoxsulluq səviyyəsi 46.7%-dən 5.5%-ə enib. “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyi isə Azərbaycanda işsizlik səviyyəsinin hətta 4,5%-dək azalacağını proqnozlaşdırıb.
Regionların inkişafı diqqət mərkəzidə
2004-cü ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul olunub, sonrakı dövrdə regionların, Bakı və ətraf kənd və qəsəbələrin, iqtisadi, sosial, mədəni və digər sahələrin inkişafı ilə bağlı ardıcıl proqramlar, layihələr icra edilib. Dövlət başçısı, həmçinin, azad edilmiş ərazilərdə tətbiq edilən xüsusi nümayəndəlik institutunun simasında yeni idarəçilik modelinin sınaqdan keçirildiyini və gələcəkdə digər regionlarda da bu modelin tətbiq olunacağını anons edib.
Regional idarəetmənin təkmilləşdirilməsi məqsədilə ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanda iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb. Yeni iqtisadi rayonların ikisi işğaldan azad olunan ərazilərdə yaradılıb. Bu qərar regionlarımızda idarəetmənin təkmilləşdirilməsi üçün mühüm addımdır.
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına diqqətini əks etdirən maraqlı bir korelyasiya burada yerinə düşür. Belə ki, ölkə başçısı 2003-2023-cü illərdə ümumilikdə regionlara 572 səfər edib. Onlarda 96-sı işğaldan azad edilmiş rayon və şəhərlərə, 476-sı isə digər şəhər və rayonlara olub. Regionlarda ümumilikdə 2515 tədbir keçirilib. Onlardan 505-i işğaldan azad edilmiş şəhər və rayonlarda, 2010-u isə digər şəhər və rayonlarda baş tutub. Regionlarda keçirilmiş tədbirlərin 1225-i açılış, 711-i tanışlıq, 231-i təməlqoyma, 15-i təqdimat, 74-ü baxış, 259-u görüş, ziyarət və digər tədbirlər olub. Bu fakt özü də ölkə başçısının regionların sosial-iqtisadi inkişafına necə həssaslıqla yanaşdığının bariz göstəricisidir.
Uğurlu sosial-iqtisadi siyasət, icra olunan ardıcıl və məqsədyönlü dövlət proqramları yoxsulluğun kəskin şəkildə azalmasını şərtləndirməklə, ölkəmiz bu sahədə müsbət təcrübəsinə görə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib.
Azərbaycanın müsbət imici beynəlxalq indeks və hesabatlarda yer alıb
Azərbaycanın müsbət imici beynəlxalq indeks və hesabatlarda da əksini tapır. Belə ki, “Doing Business-2009” hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə elan edilib. Ölkəmiz hesabatda öz reytinqini 64 pillə yaxşılaşdıraraq 97-ci yerdən 33-cü pilləyə yüksəlib. “Doing Business 2019” hesabatında isə Azərbaycan 25-ci yerə layiq görülüb və ən islahatçı 10 ölkə sırasında yer alıb. Həmçinin, sözügedən hesabatın son nəşri olan “Doing Business 2020” hesabatında da ölkəmiz dünyanın ən islahatçı on ölkəsindən biri kimi qeyd olunub. Bundan əlavə, Azərbaycan “Qlobal İmkanlar İndeksi 2023” hesabatında 124 ölkə arasında 49-cu yerdə qərarlaşıb. Dünya İqtisadi Forumun İnklüziv İnkişaf İndeksi üzrə 74 inkişaf etməkdə olan ölkə arasında Azərbaycan 3-cü yerdədir. Azərbaycan “Qlobal Rəqabətlilik İndeksi”ndə isə 141 ölkə arasında 58-ci olub.
Xarici borclanmadan asılılıq daha da azalıb
Ölkənin maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan da asılılıq azalıb. Belə ki, xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3 faizdən 10,0 faizə azalıb və xarici dövlət borcunun ümumi dövlət borcu portfelində payı 94,9 faizdən 25,7 faiz bəndi azalaraq 2023-cü il 01 iyul tarixinə 69,2 faizədək endirilib. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə, daxili dövlət borclamasına üstünlük verilməsi ölkədə qiymətli kağızlar bazarının inkişafına yönəlmiş addımdır.
“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın hədəflərinə uyğun olaraq, ötən dövr ərzində ölkədə qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə dövriyyədə olan dövlət istiqrazlarının həcmi davamlı olaraq artırılaraq, 812,2 milyon manatdan təqribən 7 dəfə çox artaraq cari tarixə 6 milyard manatadək genişləndirilib.
Dövlət büdcəsi ilə bağlı atılan digər ən önəmli addımlardan biri büdcənin qeyri-neft gəlirlərinin 20,5 dəfədən çox artmasına nail olunması, büdcə gəlirlərində sektorun payının 50%-ə çatmasıdır.
Digər tərəfdən, 2003-2023-cü illərdə büdcə xərcləri hər il orta hesabla 21,2% artıb, dövlət büdcəsi həm sosial, həm də investisiya istiqamətli olub.
Bu dövrdə müdafiə və milli təhlükəsizlik xərcləri 44,5 dəfə artaraq 6054,8 milyon manata, təhsil xərcləri 18,8 dəfə artaraq 4407,2 milyon manata, səhiyyə xərcləri 32,6 dəfə artaraq 1805,0 milyon manata, sosial müdafiə və sosial təminat xərcləri 20,2 dəfə artaraq 4315,9 milyon manata çatıb. Hazırda büdcə xərclərinin təxminən 1/3-i investisiyaların maliyyələşməsi məqsədlərinə yönəldilir.
Azərbaycanın suveren reytinqinin artırılması makro-iqtisadi sabitliyin göstəricisidir
Ümumilikdə, 2003-2024-cü illərdə görülən işlərin iqtisadi inkişafa, makro-iqtisadi sabitliyə təkan verməsinin təsirini beynəlxalq maliyyə təşkilatlarının, kredit reytinq agentliklərinin reytinq qiymətləndirmələrində və ölkə üzrə proqnozlarında da müşahidə edə bilərik. Yeri gəlmişkən, “Fitch Ratings” beynəlxalq kredit reyting agentliyi tərəfindən bu il iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərar vermişdir.
8 ildən sonra ölkənin suveren reytinqinin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “Stabil” olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşaxəli islahatların beynəlxalq miqyasda qiymətləndirilməsinin təzahürüdür.