Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Müharibədən dərhal sonra Prezident İlham Əliyevin göstərişinə əsasən, azad olunmuş ərazilərin bərpa-quruculuq işlərinə start verildi.
Bu ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, yenidən qurulması və bərpası üçün ərazilərin minalardan, partlamamış hərbi sursatdan təmizlənməsi isə ən önəmli məsələdir. Bu günə qədər işğaldan azad edilmiş ərazilərin 152 min hektardan artıq hissəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 2026-cı ilin sonuna qədər 280 min hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulur.
İnfrastruktur layihələri
30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarında yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri məhv edilib, təbii sərvətlər talan olunub, tarixi-mədəniyyət və dini abidələrə, ətraf mühitə ciddi ziyan vurulub. Ölkəmiz Böyük Qayıdışı qısa müddətdə və uğurla təmin etmək üçün azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasını və zəruri infrastrukturun yaradılmasını öz gündəliyinin əsas məsələlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasını təmin etmək üçün "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi də sözügedən hədəflərə nail olmaq üçün bu istiqamətdə atılan əhəmiyyətli addımdır.
Ərazilərin bərpası proqramı çərçivəsində zəruri infrastrukturun yaradılmasının prioritetliyi təmin edilir ki, bu da təbiidir. Həyata keçirilən bərpa-quruculuq işlərinin mühüm bir istiqamətini işğaldan azad edilmiş ərazilərdə müasir elektrik enerjisi şəbəkəsinin qurulması təşkil edir. Bu günədək 330 kV-luq bir, 110 kV-luq on bir yarımstansiya və otuz Su Elektrik Stansiyası istismara buraxılıb, uzunluğu 1000 km-dək 20-dən çox elektrik veriliş xətti istifadəyə verilib. Eyni zamanda 110 kV-luq Xankəndi yarımstansiyasının, iki Su Elektrik Stansiyasının tikintisi davam edir. Vurğulamaq yerinə düşər ki, bəhs olunan ərazilər "yaşıl enerji" zonası elan edilib. Bərpa olunan enerji mənbələri ilə zəngin olan bu ərazilərdə müasir enerji infrastrukturun yaradılması istiqamətində mühüm işlər görüləcək.
Bu ərazilərdə qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində məqsədyönlü tədbirləri uğurla davam etdirir. Ümumi uzunluğu 314.45 km olan “Azadqaraqoyunlu-Ağdam”, “Böyükbəhmənli-Şuşa” və “Horadiz-Laçın” magistral qaz xətlərinin tikintisi yekunlaşıb.
Su təchizatı məsələsi də diqqətdən kənarda qalmayıb. Suqovuşan, Xaçınçay su anbarları və Köndələnçay su anbarları kompleksi təmir-bərpadan sonra istifadəyə verilib, Zabuxçay su anbarının tikintisi isə yekunlaşmaq üzrədir.
Ölkə başçısının tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Belə ki, işğaldan azad olunmuş ərazilərdə 7 yolun tikintisi başa çatdırılaraq istismara verilib. 27 yol layihəsi üzrə işlər, eyni zamanda uzunluğu 47,1 km olan Bərdə-Ağdam və uzunluğu 110,4 km olan Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisi davam etdirilir.
Vətən müharibəsindən sonra qısa müddət ərzində Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilib, Laçın rayonunda hava limanının tikintisi sürətlə davam etdirilir.
Qeyd edək ki, 2021-2023-cü illər ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən quruculuq, bərpa işləri ilə əlaqədar dövlət büdcəsindən bütövlükdə 12.1 milyard manat vəsait ayrılıb. Cari ilin dövlət büdcəsindən ayrılan vəsaitin həcmi isə 4 milyard 855.8 milyon manatdır.
30 ildən sonra doğma yurda qayıtmaq...
Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir. Güclü dövlət olan Azərbaycan erməni vandalları tərəfindən dağıdılaraq yerlə-yeksan edilən şəhər və kəndlərimizdən didərgin düşən qaçqınların öz doğma yurd-yuvalarına qayıtmalarını tezliklə təmin etmək niyyətindədir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Bu günədək ümumilikdə işğaldan azad edilmiş 8 şəhərin Baş Planı hazırlanıb. 2022-ci ilin 19 iyul tarixindən bu günədək 4 şəhərə (Şuşa, Laçın, Füzuli və Xocalı şəhərləri) və 4 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux və Sus kəndləri) ümumilikdə 2036 ailə olmaqla 7901 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.
Qarabağda təhsil və insan kapitalının inkişafı
Qarabağın ölkənin sosial-mədəni və iqtisadi məkanına reinteqrasiyası düşünülmüş sistemli layihələrin həyata keçirilməsi vasitəsilə baş verir və burada intellekt, təhsil, mədəniyyət və mənəvi-əxlaqi dəyərlər aparıcı rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev məsələyə yüksək həssaslıqla və ən müasir layihələri reallaşdırmaq əzmi ilə yanaşır. Qarabağda yenidənqurma işləri, o cümlədən təhsilin bərpası ilə bağlı ardıcıl və sistemli siyasət yeridilməsi dövlətçilik və cəmiyyətin inkişafı baxımından son dərəcə əhəmiyyətlidir. Artıq bu istiqamətdə konkret nəticələr əldə edilib. Belə ki, bu günədək Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərində, Zəngilan rayonunun Ağalı kəndində, Laçın rayonunun Zabux kəndində və Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərində ümumilikdə 8 məktəb binası istifadəyə verilib. Ağdam, Cəbrayıl, Kəlbəcər şəhərlərində, Kərkicahan qəsəbəsində, Laçın rayonunun Sus kəndində, həmçinin, əhalinin köçü planlaşdırılan digər yaşayış məntəqələrində ümumilikdə 12 məktəbin tikintisi və ya əsaslı təmiri işləri davam edir. 13 körpələr evi-uşaq bağçasının tikintisi və ya əsaslı təmiri yekunlaşacaq. 2024-cü ilin sentyabr ayında Xankəndi şəhərində ilkin mərhələdə 800-1000 tələbənin təhsil alacağı Qarabağ Universitetinin fəaliyyətə başlaması insan kapitalının inkişaf etdirilməsinə böyük təkan verəcək.
İşğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində dost xarici dövlətlər də yaxından iştirak edirlər. Füzuli şəhərində Özbəkistan Respublikası tərəfindən inşa edilən orta məktəb 2023-cü ilin 23 avqust tarixində, Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə 2024-cü ilin 12 mart tarixində istifadəyə verilib. Həmçinin Macarıstan şirkəti tərəfindən Cəbrayıl rayonunun Soltanlı kəndinin, Slovakiya şirkəti tərəfindən isə Ağdam rayonunun Qərvənd kəndinin layihələndirilmə işləri sürətlə aparılmaqdadır.
Qarabağ və Şərqi Zəngəzurda iqtisadi islahatlar
Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Bu sənaye parklarının rezidentləri qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Eyni zamanda müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib. Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır, bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20%-i məbləğində maliyyə yardımı ödənilir.
Qarabağ və Şərqi Zəngəzurda sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir. Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.
Sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün vergi güzəştləri
Görülən bu tədbirlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb, Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Belə ki, bu ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək.
Həmçinin, işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. İşğaldan azad olunan ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, turizm sahəsi üzrə nəzərdə tutulan ümumi güzəştlərlə yanaşı, mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizinin fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur.
Qarabağ turizm mərkəzi kimi
Qarabağın turizm potensialı olduqca zəngindir, burada turizmin çox növləri - ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar var. Turizmin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri çərçivəsində 8 (Şuşa - “Qarabağ”, “Xarı bülbül”, "Yasəmən" hotelləri, Şuşa Otel-Konqres Mərkəzi, Xankəndi - “Palace”, “Qarabağ” hotelləri, Zəngilan Konqres Mərkəzi, Ağdam Konqres Mərkəzi) hotel və konqres mərkəzi bərpa və yenidən inşa olunaraq istifadəyə verilib. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Laçın və Kəlbəcər rayonlarında İşğal və Zəfər Muzeyləri komplekslərinin layihələndirilmə işləri davam etdirilir.
Xüsusilə vurğulayaq ki, Prezident İlham Əliyevin rəhbərliyi Qarabağda həyata keçirilən bərpa və yenidən qurulma işləri Azərbaycanın öz gücü, milli resursları və milli imkanları hesabına həyata keçirilir.