Azərbaycan standartlarının 40%-dən çoxu beynəlxalq standartlara uyğunlaşdırılıb

"Standartlar şəhərləri daha dayanıqlı edir" devizi altında Beynəlxalq Standartlaşdırma Gününə həsr edilmiş tədbir keçirilib.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) "APA-Economics"ə verilən məlumata görə, tədbirdə çıxış edən SMPDK sədrinin müavini Niyazi Rəhimov Azərbaycanın inkişaf strategiyasının hazırkı mərhələdə qarşıda duran əsas vəzifələrini sadalayıb.

 

O deyib ki, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişafını, ixrac və rəqabət imkanlarını genişləndirmək məqsədilə işlər aparılmaqdadır. Komitə sədrinin müavini qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, prioritet sənaye və aqrar sahələrinin müəyyən olunması ilə ölkənin idxaldan asılılığının azaldılmasına və ixrac imkanlarının gücləndirilməsinə yönəlib.

 

N. Rəhimov bu istiqamətdə keyfiyyət infrastrukturu sahələrinin imkanlarından geniş istifadə olunduğunu vurğulayıb. Texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və patent sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması və qarşıya qoyulmuş vəzifələrin uğurlu icrası məqsədilə islahatların aparıldığını qeyd edən komitə sədrinin müavini qanunvericiliyin inkişafını, ikitərəfli və beynəlxalq qurumlarla elmi-texniki əməkdaşlığı, keyfiyyət infrastrukturu sahələrinin idarə edilməsində islahatları və yerli məhsulların və xidmətlərin rəqabətqabiliyyətinin artırılmasını təmin etmək üçün Prezidentin 10 fevral 2017-ci il tarixli Fərmanının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu Fərmana əsasən komitə tərəfindən milli orqan statuslu 4 publik hüquqi şəxs yaradılıb. Bunlardan biri ölkəmizi standartlaşdırma sahəsində beynəlxalq təşkilatlarda təmsil edən Azərbaycan Standartlaşdırma İnstitutudur.

 

N. Rəhimov hazırda milli standartlaşdırma sisteminin işində özəl sektorun daha da aktiv iştirakının təmin edilməsi və ölkədə istehsal olunan məhsulların, göstərilən xidmətlərin  rəqabətqabiliyyətinin artırılması məqsədilə işlərin aparıldığını, beynəlxalq təcrübəyə əsasən "Texniki tənzimləmə" və "Standartlaşdırma" haqqında yeni qanun layihələrinin hazırlandığını, aidiyyəti üzrə təqdim edildiyini bildirib.

 

Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru v.i.e. Namiq Tağıyev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, institut standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirir.

 

N. Tağıyevin sözlərinə görə, beynəlxalq təcrübəni nəzərə almaqla hazırlanmış "Standartlaşdırma haqqında" qanun layihəsində məhsulların təhlükəsizlik göstəricilərinə, o cümlədən məhsullarla əlaqəli proseslərə, saxlanmaya, qablaşdırmaya, etiketləməyə və terminologiyaya dair tələblərin texniki reqlamentlərlə, məhsulların keyfiyyət göstəricilərinə dair tələblərin isə standartlarla müəyyən olunması, texniki reqlamentlərin icrasının sahibkarlar üçün məcburi, standartların icrasının isə könüllü xarakter daşıması, məhsulların texniki reqlamentlərə uyğunluğunun qiymətləndirilməsinin onların risk qrupları üzrə təsnifatından asılı olaraq həyata keçirilməsi və yalnız yüksək risk qrupuna aid məhsulların sertifikatlaşdırılmasının məcburi olması ilə bağlı müddəalar öz əksini tapıb.

 

Standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq barədə məlumat verən N.Tağıyev qeyd edib ki, Azərbaycanın 2003-cü ildən etibarən İSO-da tamhüquqlu üzv kimi, 2011-ci ildən Avropa Standartlaşdırma Təşkilatında (CEN) Assosiativ Standartlaşdırma Orqanı (ASO) statusunda, 2017-ci ildən isə Tərəfdaş Standartlaşdırma Orqanı (HSO) statusunda təmsil olunur. Hazırda ölkəmizdə 960-dan çox milli standart qüvvədədir ki, bu standartların 45%-i Avropa və beynəlxalq standartlarına uyğunlaşdırılıb. Texniki Komitələr haqqında da məlumat verən N.Tağıyev bildirib ki, hazırda iqtisadiyyatın aparıcı sahələri olan qida, neft-qaz məhsulları, informasiya texnologiyaları, kənd təsərrüfatı, tikinti materialları, nəqliyyat sahələri üzrə 13 milli texniki komitə fəaliyyət göstərir.

 

Sonra Azərbaycan Sahibkarlar Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynallı, ABAD-ın direktoru Rüfət Elçiyev, Sumqayıt Texnologiyalar Parkı MMC-nin İstehsalat üzrə direktoru İdris Mustafayev və digər qonaqlar çıxış edərək qeyri-neft ixrac potensialının artırılması istiqamətində texniki tənzimləmə və standartlaşdırmanın rolunu vurğulayıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanin qeyri neft ixraci 1 2 mln dollari otub
    Azərbaycanın qeyri-neft ixracı 1,2 mln. dolları ötüb
  • goycayda reyd zamani 140 surucu cerimelenib
    Göyçayda reyd zamanı 140 sürücü cərimələnib
goycayda reyd zamani 140 surucu cerimelenib goycayda reyd zamani 140 surucu cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9941
 
RR
0.0287