"Iteca Caspian" bu il 17 tədbir keçirməyi planlaşdırır

iteca caspian bu il 17 tedbir kecirmeyi planlasdirir

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu il beynəlxalq sərgilərin təşkilatçısı “Iteca Caspian” şirkəti 16 sərgi və 1 konfrans olmaqla, ümumilikdə 17 tədbir keçirməyi planlaşdırır.

 

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, sözügedən sərgilər müvafiq dövlət strukturlarının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcəkdir ki bu da sərgilərin ölkə iqtisadiyyatındakı rol və mövqeyinin əhəmiyyətini bir daha əyani şəkildə əks etdirir.

 

Hazırda isə 2016-cı ilin sərgi mövsümündə keçiriləcək tədbirlərdə iştirak üçün müraciətlərin qəbulu fəal surətdə həyata keçirilir. Onu da qeyd edək ki, bu il dörd sərgi öz yubileyini qeyd edir. Beləliklə, cari ilin sərgi mövsümü 15-ci Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi AITF 2016 və 10-cu Yubiley Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Horex Caucasus 2016 sərgiləri ilə açıq elan olunacaq. Bu illər ərzində bütün Xəzəryanı regionda mühüm görüşlərin keçirildiyi, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi “HOREX” və “AITF” sərgiləri qonaqpərvərlik və turizm sənayesinin əsas tədbiri statusunu qazanmağa müvəffəq olmuşdur. Son bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev “AITF” sərgisini ziyarət edərək sərgidəki ekspozisiyalara baş çəkir və sərgi iştirakçıları ilə tanış olur. Ölkə rəhbərliyi tərəfindən həm bu turizm sahəsinə, həm də sərgiyə göstərilən diqqət turizm sahəsində işgüzar münasibətlərin inkişafını daha da stimullaşdırır. Yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən dəstəklənir. Ümumdünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar.

 

Bu il “AITF” sərgisində dünyanın 40 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro (Çernoqoriya) və Çexiya milli pavilyonları sərgidə iştirak üçün yer rezervasiya ediblər. Həmçinin, sərgidə Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaqlar. Ənənəvi olaraq, AZTA stendində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkün olacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq. Həmişə olduğu kimi, sərgi ənənəvi sektorlarla yanaşı, “Tibbi və sağlamlıq turizmi” sektorunu da inkişaf etdirir.

 

 “HOREX Caucasus” 2016 sərgisində “Mehmanxana, Restoran və Kafelər” “HoReCa” sektoru üzrə aparıcı yerli və beynəlxalq istehsalçı və distribyutorların təklif etdikləri peşəkar mətbəx və ticarət avadanlıqları, mehmanxana və restoranlar üçün mebel, habelə tekstil (parça) və uniformalar, peşəkar gigiyenik vasitələr, eləcə də qida məmulatları və içkilər təqdim olunacaq.

 

May ayından etibarən isə estafeti bu il öz 15 illik yubileyini qeyd edən Xəzər Beynəlxalq Dəmiryol İnfrastrukturu və Hərəkət Heyəti, Dəniz Sənayesi, Aviasiya, və Daşımalar və Loqistika “TransCaspian” və 6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat “Road&Traffic” sərgiləri davam etdirəcək. İlk dəfə olaraq, bu il 3-cü Xəzər Beynəlxalq “Kater və Yaxtalar” “CIBS 2016” sərgisi “TransCaspian” və “Road & Traffic” sərgiləri ilə eyni platformada keçiriləcəkdir.

 

Həmişəki kimi, regiondakı energetika bazarının iştirakçılarını qiymətləndirmək üçün ən yaxşı platforma qismində 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power 2016” sərgisi və regionun ən böyük ixtisaslaşdırılmış - 23-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2016” sərgi və konfransı çıxış edəcək (1-4 iyun).

 

Yay fasiləsindən sonra, yəni cari ilin sentyabr ayında payız sərgi mövsümünə start veriləcək və bu mövsüm çərçivəsində 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016”, 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016”, 22-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016”, 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri “Aqua-Therm Baku 2016”, 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “CIPS Caspian 2016” və 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları “Bakutel 2016” sərgilərinin keçirilməsi planlaşdırılır.

 

Bütün dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, bazarın ən iri iştirakçıları bu sərgilərə sponsorluğu davam etdirirlər ki bu da tədbirlərin xüsusi statusunu vurğulayır. Belə ki, cari ildə keçiriləcək sərgilərin sponsorları arasında Azeri M-I Drilling, Caspian Drilling Company, Caspian Marine Services, Global Energy, RusNeft, AZFEN J.V., Tekfen Construction, Bos Shelf, Socar Polymer, Nobel Oil Upstream, Schlumberger, SNAM, INPEX, Caspian Geophysical, Qazax Sement Zavodu, NB Group kimi şirkətlər var. “Iteca Caspian” şirkətinin 2016-cı il üzrə tərəfdaşları arasında “SafeLife” şirkəti (təhlükəsizlik üzrə rəsmi tərəfdaş), habelə rəsmi turoperator “Premier Tour” şirkəti, rəsmi otellər - “Sheraton Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları, eləcə də “AzExpoMontage” şirkəti (rəsmi montajçı) yer alır. Hazırda şirkətlər yaxşı başa düşürlər ki, sərgilər problemləri müzakirə etmək və həll yollarını müəyyənləşdirmək üçün yaxşı imkandır. Hər bir şirkət özünü reklam etməklə yanaşı, ixtisaslaşmış tədbirlərə qatılmalı və həm özü, həm də istehsal etdiyi məhsullar barədə məlumat verməklə, yeni satış kanalları axtarmalıdır. Bu baxımdan, məhz sərgilər yeni imkanlar yaradaraq biznes perspektivlərini daha da genişləndirir. Hal-hazırda, bir sıra şirkətlər öz qiymət siyasətlərini yenidən nəzərdən keçirir və özlərinə yeni podratçılar axtarır. Buna görə də, daim göz önündə olmaq və yeni əlaqələr qurmaq mühüm əhəmiyyət kəsb edir.

 

Sərgilərin keçirilməsi ilə bağlı daha ətraflı məlumat üçün “Iteca Caspian” şirkətinin rəsmi veb-saytına (www.iteca.az) müraciət etmək olar. Sözügedən veb-sayt bu il öz interfeysini tam dəyişmişdir, belə ki, indi veb-saytın daha dəqiq və aydın strukturu bütün zəruri materialları (sərgilərin təqvimi, foto-şəkillər, video-materiallar, eləcə də sərgilər və sərgi biznesi haqqında məqalələri) ehtiva edən bölmələrdən ibarətdir. Həmçinin, bu il sərgi brendlərini müştərilərə daha çox istiqamətləndirmək və onların tanınma səviyyəsini yüksəltmək məqsədi ilə “ITE” şirkətinin dünya brendlərinin sənaye qruplarına daxil olan bir sıra sərgiləri müsbət mənada dəyişikliyə məruz qalıb. Belə ki, Azərbaycan beynəlxalq “Qida sənayesi” “WorldFood Azerbaijan” və Xəzər beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat “Road & Traffic” sərgiləri yeni brend və loqotiplə çıxış edirlər. Azərbaycanın birinci ixtisaslaşdırılmış sərgisi olan beynəlxalq “Xəzər Neft və Qaz” “Caspian Oil and Gas” sərgi və konfransının da loqosu dəyişmişdir. Payız mövsümünə daxil olan və kompleks “rebrendinq” mərhələsindən keçmiş sərgilər arasında “CIRS Securika” sərgisi, eləcə də regionun ən genişmiqyaslı tədbiri olan “BakuBuild” sərgisi yer alır.

 

Beləliklə, paytaxt Bakı şəhərini zəngin sərgi mövsümü gözləyir və daha öncə qeyd etdiyimiz kimi, bu il bir neçə sərgi öz yubileyini qeyd edəcək. Buna görə də, təşkilatçılar tərəfindən iştirakçı və ziyarətçilərdə Bakıda keçirilən sərgilərlə bağlı parlaq və xoş təəssürat yaradacaq yubiley proqramları planlaşdırılmışdır. Həmişəki olduğu kimi, sərgilərdə həm eksponentlərin, həm də qonaqların rahatlığı üçün bir sıra xidmət növü təklif olunacaq, belə ki, “Fast Track” servisi vasitəsi ilə ziyarətçilərin “onlayn” qeydiyyatı bu il də davam etdiriləcəkdir. Eksponentlər və sərgi qonaqlarının rahatlığı üçün bir sıra xidmətlər təklif olunacaq, belə ki, sərgiləri ziyarət etmək arzusunda olanlar üçün xüsusi rahat avtobuslar ayrılacaq. Bu avtobuslar sərgi ziyarətçilərini “Koroğlu” metro-stansiyasında sərginin keçirildiyi Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz daşıyacaqdır. Həmçinin, sərginin keçirildiyi ərazidə iştirakçılar üçün biznes və mətbuat mərkəzləri, eləcə də kafe və restoran fəaliyyət göstərəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ