Tarzən Vamiq Məmmədəliyev: “Alim yeni tərz yaradıb, bu da muğamı bir qədər bayağılaşdırır” - MÜSAHİBƏ

Tarzən Vamiq Məmmədəliyev: “Alim yeni tərz yaradıb, bu da muğamı bir qədər bayağılaşdırır” - MÜSAHİBƏ
# 07 may 2020 11:26 (UTC +04:00)

Xalq artisti, tarzən Vamiq Məmmədəliyevin APA-ya müsahibəsi

- Vamiq müəllim, karantin günlərini necə keçirirsiniz, adaptasiya ola bilirsiniz?

- Ağır olsa da yaşayırıq. Çünki ümumi gələn zavaldır, dözməliyik. Mən arada özümü danlayıram ki, nahaq yerə bu qədər yaşadım, cavan olsaydım, çıxıb gəzərdim. Amma gərək qanunlara, qoyulan qaydalara da tabe olasan. Yaxşı ki, həyət-bacam var, bir az başımı qatıram. Bundan başqa onlayn dərslər keçirəm. Tez-tez deyirəm ki, rədd olsun koronavirus, yaşasın onlayn (gülür).

- Yəni adaptasiya ola bilirsiniz?

- Əlbəttə. Mən həm də müəlliməm, dərslərimi onlayn şəkildə keçirəm, məşq edirəm (bu vaxt xoruz banlayır). Xoruz da təsdiqlədi (gülür).

- Görüşəndə yarızarafat, yarıciddi, əl verib salamlaşmadınız, ayağınızı toqquşdurdunuz, bu da adaptasiya ilə bağlıdır?

- (Gülür). Yeniliklərə alışmaq lazımdır. Dövlətin qoyduğu qayda-qanunlara əməl etməlisən. Ondan kənara çıxmaq olmaz.

- Uşaqlığınız da müharibədən sonrakı ağır dövrə düşüb. Həyatınızda bu cür təhlükə, təcrid görmüsünüz, yoxsa ilk dəfədir?

- İyunun 9-da 74 yaşım olacaq. İndiyədək belə şeyə rast gəlməmişdim. Mən anamın bətnində olanda anam tif xəstəliyi keçiribmiş. Xəstəlik üzündən topuğa qədər uzanan saçlarını kəsibmişlər. Bacılarım həmişə deyərdilər ki, ayağın ağırdır, sən doğulanda anamız xəstələnmişdi. Məhəmməd Füzuli də vəbadan ölüb. Yəni epidemiyalar barədə çox eşitmişəm, amma özüm rast gəlməmişəm. Bu təcrübəni həyatımda ilk dəfə yaşayıram. Düzdür, aclıq görmüşəm. Mənim yadımdadır, evə ağ çörək alınanda sevinərdik, qara çörək yeyərdik. Güzəran yaxşı deyildi. Qəndi qovurğa kimi çeynəyib yeyərdik.

- Ailəniz də kiçik olmayıb, 8 nəfərlik ailəni saxlamaq da çətin olardı.

- Əlbəttə çətin olub. Atam terapevt, anam qadın həkimi idi. Atam da, anam da təmənnasız olaraq bu kəndə xidmət ediblər. Atam Məmmədəli Məmmədəliyev həm Səhiyyə Nazirliyinin inspektoru işləyirdi, rayonlara səhiyyəni yoxlamağa gedərdi, həm də Tibb İnstitutunda latın dilindən dərs deyərdi. Atam fransız, ərəb dillərini gözəl bilirdi. Rəhmətlik Vasim (Vasim Məmmədəliyev – M.A.) ərəb dilini atamdan öyrənmişdi.

- Siz köklü Kürdəxanılısınız?

- Yox. Əslində bizim şəcərəmiz Nəsrəddin Tusiyə gedib çıxır. Əcdadlarım gəlib Ordubadda məskunlaşıblar. Sonralar atamgil Bakıya köçüb Sabunçuda məskən salıblar. Rəhmətlik filoloq Əli Fəhmi ilə həm qonşu, həm də siğə qardaş olublar.

- Siz görkəmli alim Yusif Məmmədəliyevlə də qohum düşürsünüz?

- Bəli, Yusif Məmmədəliyev atamın əmisi oğludur.

- Atanız həm də orta əsrlərdə yaşamış Azərbaycan alimlərinin tibbə aid əsərlərinin tərcüməsi, öyrənilməsi ilə də məşğul olub.

- Bəli, atam orta əsrlərdə yaşamış alimlərin tibbə aid əsərlərini tədqiq edərdi, onları Azərbaycan dilinə çevirərdi. Atamın çox böyük kitabxanası vardı. O qədər böyük idi ki, sonra hansısa kitabı axtaranda tapmaq olmurdu. Atam Leninqradda Şərqşünaslıq İnstitutunda iki il ərəb dilini oxuyub, akademik Kraçkovskinin tələbəsi olub. Sonra anasının təkidi ilə Bakıya gəlib 1 il fəhlə işləyəndən sonra Tibb İnstitutuna girib.

- Quranın tərcüməçisi Kraçkovskini nəzərdə tutursunuz?

- Bəli.

- Yəqin sonralar qardaşınızın Quranı tərcümə etməsində bunun rolu az olmayıb?

- Atam ömrü boyu mollaların qənimi olub. Məclisdə mollanın Quranı səhv oxuduğunu görəndə acıqlanardı ki, dini korlama, düzgün oxu. Atam Quranı yaxşı bilirdi. Qardaşıma da Quranı Azərbaycan dilinə çevirmək istəyi atamdan keçmişdi. Vasim Quranın tərcüməsinə birinci Əli Fəhmi ilə başlamışdı.

- Vasim müəllim Quranın Ön sözündə bu haqda yazıb və Əli Fəhminin çevirdiyi surəni də kitaba salıb.

- Elədir. Hələ 1968-1969-cu illərdə Əli Fəhmi ilə Quranı tərcümə etməyə başlayırlar. Lakin Moskvada Vasimgilin bu işindən xəbər tutub icazə vermirlər, onlar da tərcüməni saxlayırlar. Bir də qardaşım 80-lərin axırında bu işə qayıdır və Ziya Bünyadovla birlikdə Quranı tərcümə etməyə başlayır.

- Tərcümədə daha çox kimin çiyninə yük düşüb?

- Ziya Bünyadov ərəb tarixini yaxşı bilsə də, dilçi deyildi. Tərcümə zamanı qardaşıma çox böyük köməklik edib. Qardaşım da bunu heç zaman danmayıb, ömrünün axırına qədər Ziya Bünyadovu üstün tutub. Qardaşımı çox vaxt din adamı kimi qəbul eləsələr də, o, ərəbşünas, filoloq idi. Sizə bir epizod danışım. Onun Georgi Sereteli adlı gürcü elmi rəhbəri var idi. Qardaşım Tiflisə gedəndə ona baş çəkir, görür ki, Georgi yatağa düşüb, xəstədir. O, qardaşıma deyir, Vasim, Quranı götür, ordan mənim üçün bir surə oxu. Qardaşım deyir Quranı götürüb oxudum, Georgini yuxu apardı. Sonra yoldaşı deyib ki, sən ona neynədin yatdı, neçə gündür xəstəlik yatmağa qoymurdu, nə qədər dərman vermişdik. Bəlkə də o alim daxilən müsəlmançılığı qəbul etmişdi, heç kəs bilmirdi. Qardaşım bunu neçə yerdə danışmışdı.

- Qardaşınızı tez-tez xatırlayırsınız?

- Qardaşımdır da, xatırlamamaq olmur. O, kəndi çox sevirdi. Axır vaxtlar hər bazar günü saat bir, ikinin yarısı bizə gələrdi. Onun yediyi yeməkləri mən bilirdim; xaş, kələ-paça, düşbərə, göy qutabı kimi xörəkləri xoşlayardı. Hər bazar günü bu bəhanəylə bizə gələr, musiqidən, ədəbiyyatdan danışardıq. Qardaşım muğamı çox gözəl bilirdi. Xanəndələr onu görəndə özünü yığışdırır, istəyir qəzəliyyatı, istərsə də muğamın şöbələrini düz oxumağa çalışırdılar, Hacıbabasından tutmuş o dövrün bütün xanəndələri yanına məsləhətə gəlirdilər.

- Siz Bakı toylarında çox olmusunuz, o dövrdə xanəndələrdə sanki ikiqat məsuliyyət vardı, dinləyicilərdən çox ehtiyat edirdilər.

- Məndən əvvəl də toya getmək ənənəsi vardı, sonralar estafet gəlib mənə çatdı. O dövrdə xanəndəyə, sazəndəyə də böyük hörmət vardı.

- Muğam üçlüyü üçün konsertdə, televiziya çəkilişlərində, yoxsa toylarda ifa eləmək çətin idi?

- Hər üçü məsuliyyətli idi. Konsertdə və ya televiziya çəkilişində gərək düz oxuyaydın, çünki bu efirə gedirdi. Amma Bakı toylarının da özünəməxsus ağırlığı, məsuliyyəti var idi. Ümumiyyətlə, Abşeronda həm aşıq sənətinə, xüsusilə də Şirvan aşıqlarına, həm də xanəndələrə böyük hörmət vardı. Ağsaqqallar burdan yığışıb Kürdəmirə Aşıq Şakiri, Füzuliyə Ağabala Abdullayevi görməyə gedirdilər. Özü də toylar 6 ay, 1 il qabaqdan təyin olunurdu. Hamı da həmin günü gözləyirdi. Adət var idi, xanəndə gündüz gəlirdi, bir muğam oxuyurdu, sonra onun üçün ayrılan otağa çəkilib axşama kimi dincəlirdi. Buna ixtilat deyirdilər. Qabaqlar Abşeron toyları yaz-yay aylarında olardı, qışa toy salınmazdı. Toydan sonra da əsas muğam həvəskarları evə yığışardılar. Xanəndələr orda da oxuyardılar.

- Xanəndə istədiyini oxuyurdu, yoxsa sifarişlərə önəm verilirdi?

- İkisi də olurdu. Sifariş olmayanda özü bildiyi muğamı, dəsgahı oxuyurdu. Əgər kimsə “Rast” sifariş veribsə, xanəndə onu axıra kimi oxumalı idi: “Bərdaş”dan, “Maye”dən tutmuş, “Qəraye”yə qədər. Əgər birini ötürsəydi, irad tutardılar ki, filan şöbə qaldı. Toyda çox iş olurdu. Bir dəfə Mütəllim (Mütəllim Mütəllimov – M.A.) Zabrat toyunda “Şur” oxuyub, ayağ deyirlər, ayağ verib düşə bilməyib. Məşədi Əsgər adlı bir kişi də deyib ki, ay camaat xanəndəmiz düşə bilmir, gedin qonşudan nərdivan gətirin (gülür). Arif (Arif Babayev – M.A.) həmişə deyirdi ki, məni xanəndə edən Bakı toyları olub.

- Hansı kəndlərdə muğam oxumaq daha məsuliyyətli sayılırdı?

- Deyim: Kürdəxanı, Nardaran, Maştağa, Bilgəh, Buzovna. Əsas bu kəndlərdi.

- Bildiyim qədəri ilə Bakı toylarında səslə yanaşı, qəzələ də fikir verirdilər.

- Qulaq asanlar iki qrupa bölünürdü. Adam vardı qəzəliyyatı yaxşı bilirdi, adam da vardı muğamı. Məsələn, xanəndə qəzəldə hansısa beyti oxumayanda irad tuturdular ki, filan beyt qaldı, sözü səhv deyəndə özünə bildirirdilər. Mənim yadımdadır, bizdə bir Balaağa vardı, Akademiyada işləyirdi, Əruzu yaxşı bilirdi. Bir dəfə dedi, Hacıbaba müəllim, bu sözü düz demirsən, Hacıbaba da qayıtdı ki, kitabda o cür yazılıb. Üstündən bir müddət keçəndən sonra Hacıbaba ona etiraf elədi ki, araşdırdım, sən düzmüşsən.

- Baxmayaraq ki, Hacıbaba Yaqub Məmmədova, Alim Qasımova, Səxavət Məmmədova və başqalarına baxanda qəzəli çox gözəl bilirdi.

- Yaqubun qəzəldə səhvləri çox idi. Amma səhv oxusa da, onun üçün keçirdilər. Nəyə görə? Səsi şirin idi, səsinə bağışlayırdılar. Pəsxan, guşəxan xanəndələr həmişə qəzəliyyatı gözəl bilib. Guşəxanlıq bilirsən nədir? Muğamın içində kiçik guşələr olur. Zil səsi olan xanəndələr o guşələri oxumurlar, çünki səsi var, zili gözləyir ki, orda nəsə eləsin. Amma pəsxan xanəndələr guşəxanlıqla, xırda boğazlarla qəzələ üstünlük verirlər.

- Belə başa düşdüm ki, səsinə güvənən xanəndələr qəzələ çox da fikir vermirlər ki, “onsuz da səsimlə valeh edəcəm” düşünürlər, düzdür?

- Düppədüz. Səsli xanəndələr çox vaxt qəzəliyyata müəyyən qədər biganə yanaşırlar. Amma zil səsi olmayan xanəndələr, çalışırlar ki, qəzəli düzgün oxusunlar, məsələn Hacıbaba Hüseynov. Qəzəli düzgün oxumaq ənənəsi də Hacıbabadan başladı. Bu ənənəni sonra Ağaxan Abdullayev, Alim Qasımov davam elədi, Hacıbaba özü qəzəl yazdı. Həmişə mənə deyirdi ki, ay Vamiq, Füzulidən oxuyuram pul verən yoxdur, ona görə bu qəzəlləri yazmışam ki, toyda qazancım olsun. Onun yaxşı təsnifləri vardı, bəzilərini o vaxtı türklərdən götürüb Azərbaycanlaşdırmışdı. Deyirdi, bunları özüm üçün götürmüşəm, ağzımdan alırlar, amma yarıtmırlar.

- Daha çox nəyə pul verirdilər?

- Əvvəla gərək xanəndənin, musiqiçinin hörməti olaydı. Hacıbaba, Yaqub, Bəhram Mansurov məclisə girəndə hamı ayağa qalxardı. Özü də onların iştirak elədikləri toylara dəvət olunanlarla yanaşı, ətraflarında dost-tanışları da gələrdi. Kürdəxanıda toy olurdusa, Maştağadan, Nardarandan, Balaxanıdan dəstə ilə gələr, pul xərcləyərdilər. Xanəndənin ağzı nə idi səhv oxusun! Oynamaq da nətəhər olardı? Zurnaçılar - çalğıçı dəstəsinə zurnaçı deyirdik - adətən şabaşa gəlirdi. Hörmətli bir adam dururdu bir dənə yaxşı rəqs edirdi, məsələn, oynaya-oynaya yerdən yaylıq götürürdü, yığılan şabaşa çalğıçıların planı dolurdu.

- Yerə yığılan şabaş çalğıçıların idi?

- Bəli.

- Xanəndəyə isə ayrıca pul verilirdi?

- Xanəndəyə sifarişə görə pul verilirdi, toy sahibi də əvvəldən danışıb gətirirdi.

- Pulu xanəndə bölürdü?

- (Gülür). Bura ən zəif yerdi. O verilən haqdan uyğun olaraq tarçalana, kamançaçalana pul verilirdi. Ortadan yığılan sifarişlər isə tən bölünməli idi. Pulu hamı çox istəyir. Bizdə musiqiçilər həmişə toyla dolanıb. İran musiqiçiləri yox, onların həm yaxşı sənətləri, həm də hər birinin əlavə qazanc yeri olub. Birinin karxanası, birinin dükanı, o birinin oteli... Bizdə indi-indi belə şeylər yaranıb, o dövrdə elə şey yox idi. Biz ancaq sənətlə dolanmışıq. Dövlət ad veribsə, verib, bir də toylara gedib qazanmışıq.

- Xanəndələr arasında səxavətliləri çoxdu, ya xəsisləri?

- Belə də, yaxşı pul verəni də vardı, xəsislik edəni də. Misal üçün, Hacıbaba orta idi, nə o yanlıq idi, nə bu yanlıq. Çünki o heç vaxt tarçalana tabe olmazdı, “Şur” ifa edirsən, bir də görürsən elə yerdən başlayırdı, ağlına gəlməzdi. Hazır vəziyyətdə olmalı idin. Muğamı yaxşı bilirdi deyə, keçidlər edirdi, yəni yola gedirdik. Tarçalana nə lazımdır, təki xanəndə oxusun.

- Adətən muğam üçlüyündə xanəndə aparıcı olsa da, yəqin tarzənin yaşı, təcrübəsi öz sözünü həmişə deyir.

- Bəli, elədi. O qədər olub ki, cavan xanəndələr deyiblər, Vamiq müəllim neynəyəcəyik, demişəm, narahat olma, düzələcək. Alim birinci dəfə Kürdəxanıya gələndə yolda “Moskviç”ini saxlayıb dedi, görəsən, məni orda bəyənəcəklər? Dedim, mən bəyənmişəm səni, onlar da bəyənəcəklər. Alim toylara getməyə qorxurdu, onu toylara ilk dəfə mən gətirmişəm. Televiziyada tarzən Hacı Məmmədovla “Çahargah”, “Orta Mahur” oxudu, camaatın xoşuna gəldi. Mən toy görmüşəm ki, yeddi-səkkiz xanəndə çağırıblar, çoxu Alimi oxudub. Onunla biz 90-cı illərə qədər toylara getmişik. Sonradan tərzini dəyişdi, özünə yeni dəstə yaratdı. Çünki biz ona mane olurduq, deyirdik ki, belə oxumaq olmaz. Özünə cavan müşayiətçilər götürdü, nə dedi, ona əməl etdilər.

- Amma Sizə deyə bilməzdi.

- Bizə yox, bizə deyə bilməzdi. Biz deyirdik ki, buranı sən düz oxumursan, belə etmə.

- Düz yəni necə?

- Müəyyən qaydalar var ki, xanəndə ona əməl etməlidir. Mən həmişə demişəm, xanəndə əgər məni qane edirsə, deməli camaatı da qane edir. Çünki mən muğamı yaxşı bilirəm. Məni qane edəndə bilirdim ki, tamaşaçını qane edir. İkincisi də müşayiətçidən də çox şey asılıdır. O vaxt Xan Şuşinski Nardarana toya gedib. Onun Allahyar adında bir tarzən qardaşı vardı. Allahyar onu zilə çox çıxmağa qoymurdu, səsini qoruyurdu. Nardaranlılar da Xana deyiblər, özün xan olmağına xansan, tarçalanın isə xamdır.

- Alimin muğamda elədiyi yeniliklər Sizi qane elədi?

- Hər adam özünə müəyyən yol seçməlidir. O dedi ki, klassik yolu bilirəm, indi də belə etmək istəyirəm. Alim muğama sərbəstlik gətirdi, muğamdan-muğama keçidlər elədi, təsnifləri dəyişdi.

- Və bütün bunlar Sizi qane etmədi.

- Sözsüz... Çünki klassikanı pozmaq olmaz. Yeni nəsil gəlir, deyir ki, Alim belə oxuyub. Sən ona deyə bilmirsən ki, Alim vaxtilə hamısını düz oxuyub. İndi də düz oxuyur, sadəcə, yeni tərz yaradıb, bu da muğamı bir qədər bayağılaşdırır. Məsələn, oxumağa başlayanda bilmirsən “Şur”du, “Dəşti”di, yoxsa nədir, o qədər gəzişir ki, çaşbaş qalırsan. Bu da muğamı bilməyindən irəli gəlir.

- Siz Alimin daha çox təzə ifalarını dinləyirsiniz, ya əvvəlkilərini?

- Yox, əvvəlki ifalarını.

- Yerdən oturub oxuyandan sonra qulaq asmırsınız?

- Yox. Çünki bizim sənətdə Xan Şuşinski, Zülfi Adıgözəlov, Seyid Şuşinski - hamısı stulda ağayana oturub ifa ediblər. Qabaqkı üslubda tar, xanəndə, bir də kamança vardı. Sonradan Alim üçlüyü ləğv elədi, balaban, qanun, zərb alətini ora gətirdi. Kiçik ansambl yaratdı.

- İranda da bu cür geniş tərkibli muğam ansamblları dəbdədir.

- İranda muğamı korlamayıblar. İranda bütün rədiflər, zəngulələr sayladır. Sən istədiyin qədər zəngulə vura bilməzsən.

- Xanəndələrdən ən çox kimləri müşayiət eləmək Sizə xoş gəlib?

- Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səxavət Məmmədov, Alim Qasımov, Zahid Quliyev - bu xanəndələr yanımda olanda kefim də kök olurdu, bilirdim toy yaxşı keçəcək, elə ki, yanımda səriştəsiz xanəndə olurdu, onda narahat olurdum.

- Yeni xanəndələr Sizi qane edir?

- Mən açıq deyim ki, Abşeronda muğam sənətinə tələbat azalıb. Ona görə də yeni ifaçılar muğamı müxtəsər oxuyurlar, çünki tələb yoxdur. Tələb olmadığına görə də məsuliyyət azalır.

- Əvvəlki toy ənənələrini yenidən bərpa etmək mümkün olmazmı?

- Çətin ağlım kəsir. O dövran getdi. Bizdə toylarda şabaş adəti vardı. Sərpayıya da sərf edirdi ki, muğam oxunmasındansa rəqs olsun, çoxlu pul yığılsın. Belə-belə adətlər muğamı toylardan sıxışdırdı.

- Muğam ifası zamanı xanəndə ilə tarzən arasında hər hansı zarafat, sataşma olurdumu? Məsələn, xanəndə ilə aranız dəyib, Siz də onun harda zəif olduğunu bilirsiniz və zəif olduğu yerə çəkirsiniz, ya da pəsxan müğənnidir, qəsdən zil pərdədə çalırsınız.

- Bu mənim azarım idi. Səsli xanəndədən oxumağı umurdum. Hacıbaba üçün müşayiət edəndə hərdən zil pərdələrə gələndə deyinirdi, Vamiq, onları sən oxuyacaqsan(gülür)? Amma o birilər üçün ifa edəndə tələbkarlıq edirdim, “Şur” başlamısansa, “Sarənc”i də oxumalısan, “Simayi-Şəms”i də...

- Xanəndələri arada bərkə-boşa salırdınız?

- Sözsüz... Oxuyanı ki, qıdıqlamadın, bir xal vurub onu tərpətmədin, o çalmaq olmadı. Tarzən xanəndəni pərdə-pərdə çəkir, sən onu yoxlayırsan, görüm bu yeri oxuya biləcək, filan pərdəyə qalxa biləcək, yoxsa yox. O vaxtı Ağaxanı, Alimi məclislərə gətirəndə onlar adətən “Mahur-Hindi”, “Zabul Segah”, “Şur” oxuyurdular. Bayıra çıxıb qayıdırdım, deyirdim “Orta Mahur”, “Humayun” sifariş verdilər. Soruşurdular ki, kim istəyib? Deyirdim, istəyiblər. Sonradan bunlar bildilər ki, mən bu sifarişləri özümdən verirəm, dedilər, sən bizi havayı oxutdururdun. Dedim havayı oxutdurmamışam, mən sizi xalqa sevdirmişəm. Mən özüm onların oxumağından zövq alırdım. Heç fikirləşmirdim ki, axırda qazancım nə olacaq. Bir dəfə zarafatla Ağaxana dedim ki, Allah üzünüzə baxıb ki, musiqi tənqidçisi olmamışam, bilirəm hamınızın canında nə var. (Astadan deyir) Ağaxan zilə çıxanda falset oxuyurdu. (gülür). Ağaxan çox zarafatcıl idi, onunla çox sərgüzəştlərimiz olub. Amma oxumaqda ciddi idi. Yaxşı sənətkar idi.

- Habil Əliyev də yaman baməzə olub.

- Hə, o da baməzə idi. Söz deyən idi, amma düzünə deyirdi. Habil toylara çox az gedirdi. Habilə daha çox solo çaldırırdılar, oxuyan ikinci dərəcəli olurdu. Onun özünün yolu var idi. Əgər dərin musiqi təhsili olsaydı, çox yaxşı bəstəkar olardı. Habilin ən böyük xidmətlərindən biri o oldu ki, kamançanı ermənilərin əlindən aldı.

- Mən eşitmişəm, kamançanın çanağının içinə şüşə qırıqları doldurub ki, səsi yanıqlı çıxsın.

- Habil ölənə qədər kamançanın tembrini tapa bilmədi. Özü də etiraf edirdi. Ölənə qədər kamançadan narazı qaldı.

- Bayaq Alim Qasımovun yolundan danışdıq. Bəlkə həqiqətən muğamda yeniliyə, islahata ehtiyac var?

- Məncə muğamda islahata ehtiyac yoxdur. Onu eləsək, muğam məhv olacaq. Rəhmətlik Üzeyir Hacıbəyli 1925-ci ildə muğam proqramını tərtib edən zaman bir sıra əsas şöbələri saxladı, kiçik şöbələri, guşələri birləşdirdi. Əgər Üzeyir bəy bunları etməsəydi, bizim muğam çoxdan məhv olmuşdu.

- Üzeyir bəyin etdiklərinin üstündən 95 il keçib. Yenidən bu tərtibata baxmaq, nələrisə əlavə etmək, nələrisə çıxarmaq olmazmı?

- Muğamda yenilik yoxdur. Sən “Rast”da necə yenilik edə bilərsən? Mən tələbələrimə deyirəm ki, düzgün öyrən, sonra özünə yol seç.

- Yeri gəlmişkən, tarzən Şəhriyar İmanov mənə müsahibəsində demişdi ki, tarda texniki dəyişikliklərin aparılmasına ehtiyac var.

- Hər kəsin öz fikri var. Yenilik dalınca qaçan əslini də itirər. Bizim Qurban Pirimov, Mirzə Fərəc, Əhməd Bakıxanov, Əhsən Dadaşov, Bəhram Mansurov, Hacı Məmmədov, Məmmədağa Muradov kimi tarzənlərimiz tarı belə çalıblar. Bunu korlamaq olmaz. Sən tara bir xal, bir mizrab gətirə bilərsən. İndiyə kimi deyirlər, bu Əhsənin xalıdır, bu filankəsin xalıdır.

- Siz tara nə gətirmisiniz?

- Mən tara düzgünlüyü gətirmişəm. Mən muğamı öyrənib özümünkü eləmişəm, o yolla da gedirəm. Muğama, eləcə də tara toxunmaq olmaz. Bəziləri tara əlavə pərdə bağlayırlar. Deyirəm buna ehtiyac yoxdur. 22 pərdədə hər şey çalınır. Biz öz muğamımızı ifa etməliyik. Ərəblərin, hindlilərin, farsların, türklərin öz muğamı var. Bu da bizim muğamımızdır, Azərbaycan muğamı, dünya da bunu qəbul edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR