“İlkin olaraq qərarla tanış olarkən görünür ki, Avropa İnsan Hüquqları Məhkəməsi Makuçyan və Minasyanın Azərbaycana və Macarıstana qarşı qaldırdığı iddianın əsas tələbini yerinə yetirməyib. Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasına İnsan Hüquqları üzrə Avropa Məhkəməsini də alət etmək niyyətinə düşüb və bu qurumu siyasiləşdirmək və təbliğat kampaniyasına cəlb etmək cəhdləri rədd olunmalıdır”.
Bunu APA-ya açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsinin Ramil Səfərlə bağlı “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarına münasibət bildirən Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç. Qənizadə deyib ki, hər kəsə bəllidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökündə dayanan səbəblər kimi işğalçı ölkə sözügedən hadisəni də təhrif etmək və onu fərqli istiqamətdə yozmaqla, beynəlxalq ictimaiyyətin diqqətini torpaqlarımızın davam edən qanunsuz işğalı və dinc əhalimizin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır: “Bu gün regionumuzun həm millətlər, həm də fərdlər səviyyəsində üzləşdiyi ağrı və iztirablarının əsasında məhz Ermənistanın millətçi rəhbərlərinin Azərbaycan xalqına qarşı nifrət üzərində köklənmiş ifrat düşmən siyasəti dayanır. Bu ilkin mərhələdə, Avropa Məhkəməsinin gəldiyi qənaətlərlə bağlı söyləmək olar ki, Avropa Məhkəmə əslində Ermənistanın iddiasının əsas tələbini təmin etməyib. İddianın əsas tələbləri Azərbaycanın və Macarıstanın məsuliyyət daşıması, əfv və digər tələblər, o cümlədən təzminat olub. Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər yandan, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da haqlı olaraq vurğulanır ki, Ermənistan həqiqətən insan hüquqları və azadlıqlarına bəyan etdiyi qədər əhəmiyyət yetirir və Avropa Məhkəməsinə hörmət edirsə, o zaman bu ölkə 30 ildən bəri davam edən, Azərbaycan torpaqlarının işğalına və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna dərhal son qoymalıdır. Bu mənada, Avropa Məhkəməsinin hələ 2015-ci ildə çıxardığı və Azərbaycan torpaqlarının işğalına görə Ermənistanın məsuliyyətini təsbit etdiyi Çıqarov işi üzrə qərarının icrası təmin olunmayanadək, rəsmi Yerevanın ölkəmizdən Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur. Təzminata gəlincə, Ermənistan tərəfi Çıqarov işi üzrə qərarla bağlı təzminatı ödəməyənə qədər Azərbaycan hökuməti tərəfindən də təzminat ödənməyəcək”.
Hüquq müdafiəçisi onu da qeyd edib ki, Avropa Məhkəməsi qarşısında proses zamanı bəyan edildiyi kimi, Azərbaycan hökuməti 2004-cu ildə baş vermiş məlum əməli qəbul etmir və ona hər hansı şəkildə bəraət qazandırmağa çalışmır: “Ramil Səfərov bu əməli fərd kimi törədib, Azərbaycan dövlətini rəsmən təmsil etməyib. Buna görə də Azərbaycan dövləti üzərinə hər hansı bir məsuliyyət qoyula bilməz. Macarıstanda baş verən hadisə, daha sonra Ramil Səfərovun Azərbaycana ekstradisiyasına görə Azərbaycan dövləti məsuliyyət daşıya bilməz. Bu işə vaxtilə Macarıstan məhkəməsi tərəfindən baxılıb və məhkum edilmiş şəxs də əməlinə görə kifayət qədər uzun bir müddət cəzasını çəkib. Azərbaycan hökumətinə erməni təbliğatının ünvanlandığı bütün digər qarayaxma iddialarının da heç bir əsası yoxdur”.