Xızıda Mikayıl Müşfiqin anadan olmasının 100 illiyi qeyd olunub

Xızıda Mikayıl Müşfiqin anadan olmasının 100 illiyi qeyd olunub
# 20 iyun 2008 12:51 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, ədəbiyyat və mədəniyyət xadimləri Mikayıl Müşfiqin anadan olmasının 100 illiyi münasibətilə Xızı rayonunun Sayadlar kəndində fəaliyyət göstərən Müşfiq ocağını ziyarət ediblər. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənlinin APA-ya verdiyi məlumata görə, ziyarətdən sonra Mikayıl Müşfiqin ev muzeyinin əsaslı təmir və yeni tərtibatdan sonra açılışı keçirilib. Açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Yazıçılar Birliyinin sədri Anar, tənqidçi-publisist Nizaməddin Şəmsizadə, şair Gülhüseyn Hüseynoğlu və başqaları çıxış ediblər. Mədəniyyət Evində isə şairin yaradıcılığına həsr olunan ədəbi-bədii gecə keçirilib. Tədbirdə xalq artistləri Nurəddin Mehdixanlı, Məleykə Əsədova və digər qiraət ustalarının ifasında M. Müşfiqin şeirləri səslənib. Nümayəndələr mərhum prezident Heydər Əliyevin və görkəmli dramaturq Cəfər Cabbarlının Xızıdakı abidəsini də ziyarət ediblər.
Qeyd edək ki, iyunun 24-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Mikayıl Müşfiqin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR