Tiflisdə Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi qeyd olunub

Tiflisdə Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi qeyd olunub
# 03 may 2010 23:37 (UTC +04:00)
«Xalq şairi Zəlimxan Yaqub poeziyasını diqqətlə izləmək və onu qiymətləndirmək bizim də borcumuzdur. Onun yubiley tədbirləri Bolnisidə, Marneulidə təntənəli şəkildə qeyd olunub. Bu gün Tiflis şəhərində onun yubileyi böyük bir təntənə ilə keçirilir. Onun gürcü dilində tərcümə olunmuş, Azərbaycan və Gürcüstan dostluğuna həsr olunmuş şeirlərini biz gürcülər sevə-sevə oxuyuruq. Bu gün sizə bir şad xəbər verim. Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycanın xalq şairi Zəlimxan Yaqubu Azərbaycan və Gürcüstan ədəbi əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Bu gün icazə verin mən onu hörmətli şairimizə təqdim edim”, - deyə D.Kirkatidze bildirib və “Şöhrət” ordenini Z.Yaquba təqdim edib.

Xalq şairi Z.Yaqubun 60 illik yubileyinə həsr edilən tədbirdə Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycanın Millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin əməkdaşı Arif Əliyev, gürcü şairi Besik Xaranauli, tərcüməçi Zezva Medulaşvili, Marneuli Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, fəlsəfə elmləri doktoru Azər Turan, AYB-nin Gürcüstan şöbəsinin rəhbəri Rafik Hümbət, Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Xələddin Yolçuyev və başqaları çıxış edərək Zəlimxan şerinin gözəlliyindən, onun şeirlərindəki məhəbbət motivlərindən, yurdsevər poeziyasından onun təkcə Turan dünyasında deyil, eləcə də bütövlükdə İslam dünyasında sevildiyini və səmimiyyətə, səxavətə, ulu Vətən torpağına xidmət etdiyini, Azərbaycan poeziyası tarixində xoşbəxt bir şair olduğunu qeyd ediblər.

Xalq şairi Zəlimxan Yaqub öz çıxışında onu Gürcüstanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif etdiyi üçün Mixail Saakaşviliyə, Zəlimxansevərlərə minnətdarlığını bildirib: “Gürcüstan prezidentinin mənim poeziyama verdiyi böyük qiymət Gürcüstanda yaşayan azərbaycanlılara verilən qiymətdir. Çünki dünyada elə bir dövlət tanımıram ki, Gürcüstan və Azərbaycan qədər taleləri də eyni olsun, yaraları da, dərdləri də, şovinist düşmənləri də. Bu gün hər iki dövlətin coğrafi ərazi problemi var. Onun torpaqları işğal altındadır. İki xalq bir olmalıdır. Azərbaycanın və Gürcüstanın bütövlüyünü qorumaq üçün hər iki ölkə mübarizə aparmalıdır”.

Gürcü tərcüməçi Zezva Medulaşvili APA-ya Azərbaycan dilində verdiyi açıqlamasında bildirib ki, Zəlimxan Yaqub sadəcə şair deyil, həm də dövlət xadimidir: “O, yaxşı şair olmaqla bərabər, eyni zamanda yüksək intonasiya ilə şeirlərini söyləməyi çox sevir. Mən onunla 18 yaşında tanış olmuşam. Bir də indi 40 ildən sonra onunla görüşürük. Mən “Koroğlu” dastanını gürcü dilinə tərcümə edəndə o, mənə bir şeir yazmışdı. O vaxtdan uzun illər keçib. Mən neçə-neçə Azərbaycan dastanlarını, bayatılarını gürcü dilinə tərcümə etmişəm. Zəlimxana uzun ömür arzulayıram. O, ədəbi fəaliyyəti ilə, yaradıcılığı ilə həm Azərbaycanın, həm də Gürcüstanın fəxridir. O, mənim dostum olduğuna görə, mənim də fəxrimdir. Qoy Borçalımız, mənim də Borçalım sevinsin ki, belə oğullar yetişdirib”.

Azərbaycanın Millət vəkili Qənirə Paşayeva jurnalistlərə bildirib ki, azərbaycanlılar bu bölgənin ədəbiyyatı üçün ziyalılar yetişdirib: «Onlar təkcə Azərbaycan xalqı və Gürcüstan üçün yox, eləcə də Dünya ədəbiyyatı üçün çox böyük şair və yazıçılar yetişdirib. Harada azərbaycanlı varsa, hər yerdə, xüsusilə öz ata-baba yurdlarında onların yubileylərinin yüksək səviyyədə qeyd olunması çox önəmlidir. Çünki burada yaşayan soydaşlarımızın mədəniyyətinin, ədəbiyyatının yaşaması və inkişafı üçün bir stimuldur. Bu çox önəmlidir ki, burada yaşayan soydaşlarımız ədəbiyyatımıza və mədəniyyətimizə nə qədər töhfələr verir. İkincisi, Azərbaycan və gürcü xalqlarının münasibətlərinin inkişafına müsbət təkan verən hadisələrdir. Çünki dünyada ən önəmli şey xalqlar arasında, dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsidir. Bu cür tədbirlər ölkələrimiz, xalqlarımız arasında olan dostluğa, mədəni əlaqələrin inkişafına öz töhfələrini verir. Mən hesab edirəm ki, Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyinin bu mənəvi gözəlliyə malik olan şəhərdə qeyd olunması vacibdir. Onun Gürcüstan prezidenti tərəfindən orden ilə təltif edilməsi önəmli məsələdir, çünki Zəlimxan Yaqub Gürcüstanda doğulub, burada boya-başa çatıb və prezidentin xalq şairinə verdiyi qiymət buradakı ədəbiyyata, mədəniyyətə, buradakı azərbaycanlılara verdiyi münasibətin göstəricisidir. İnanıram ki, gələcəkdə Gürcüstanın paytaxtında bu ölkədə doğulub boya-başa çatan böyük ziyalılarımızın yubileyləri, təqdimatları keçiriləcək. Bu günkü tədbir çox önəmli hadisə idi. Mən də burada iştirak etməkdən çox şadam».

Tədbirdə Gürcüstan parlamentinin deputatları, Gürcüstan Yazıçılar İttifaqının üzvləri, Bakıdan gəlmiş qonaqlar, Marneuli, Qardabani, Bolnisi rayonunun rəhbərləri, Tiflisin ətraf rayonundan, Rustavidən, Qoridən, Karelidən gəlmiş azərbaycanlı və gürcü ziyalıları iştirak ediblər.

Tədbirdə “Sarvan” folklor rəqs qrupu Azərbaycan və gürcü rəqslərini nümayiş etdirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR