Rəsul Rzanın 100 illik yubileyi ilə bağlı konfrans keçirilib

Rəsul Rzanın 100 illik yubileyi ilə bağlı konfrans keçirilib
# 19 may 2010 12:10 (UTC +04:00)
Bakı – APA. Bakı Slavyan Universitetində xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Universitetdən APA-ya verilən məlumata görə, konfransa Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar da qatılıb.

Anar tədbirin təşkilinə görə rektor Kamal Abdullaya təşəkkür edib: “Bu görüşlər Rəsul Rza yaradıcılığına səmimi hörmətin əlamətidir. Bugünkü görüşün keçirilməsi spesifik xarakter daşıyır, çünki konfransda universitetin profilinə uyğun olaraq Rəsul Rzanın rus, çex, polyak, bolqar ədəbi mühiti ilə əlaqələrindən danışıldı. İnanıram ki, bu məlumatlar çoxlarına R. Rza yaradıcılığına daha dərindən bələd olmağa kömək edəcək”.

Anar Rəsul Rzanın yubileyi münasibətilə nəşr edilmiş təqvimi və şairin dövlət hesabına buraxılmış şeirlərindən ibarət 3 cildik kitabını universitetə hədiyyə edib.

Tədbir Bakı Slavyan Universiteti Humanitar liseyinin şagirdlərinin və filologiya fakültəsi tələbələrinin ifasında bədii kompozisiya ilə sona çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR