Üzeyir Hacıbəylinin indiyədək oxuculara məlum olmayan əsərlərinin toplandığı ikicildliyin təqdimatı mərasimi keçirilib – FOTO

Üzeyir Hacıbəylinin indiyədək oxuculara məlum olmayan əsərlərinin toplandığı ikicildliyin təqdimatı mərasimi keçirilib – <font color=red>FOTO</font>
# 16 iyun 2010 11:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycanın görkəmli bəstəkarı, milli operanın banisi, publisist Üzeyir Hacıbəylinin indiyədək oxuculara məlum olmayan əsərlərinin toplandığı ikicildliyin təqdimatı mərasimi keçirilib. APA-nın məlumatına görə, "Elm" nəşriyyatında buraxılmış ikicildlikdəki əsərləri toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən, ön söz müəllifi və lüğətinin tərtibçisi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynovdur. İki cildlik kitabın I cildi 2009-cu ildə nəşr olunmuş “Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş əsərlər (1904-1912)", II cildi isə “Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş, ixtisar və "redaktə" edilmiş əsərləri (1915-1917)” adlanır. İkicildlik bəstəkarın anadan olmasının 125 illiyinə həsr olunub. Tədbirdə çıxış edən millət vəkilləri Cəmil Həsəni, Bəxtiyar Sadıqov, Sabir Rüstəmxanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları Şirməmməd Hüseynovun Azərbaycan cəmiyyətinə növbəti töhfəsindən danışıblar. Çıxışçılar təqdim olunan ikicildliyin Azərbaycan mədəniyyətinə, Üzeyir Hacıbəyov irsinə, eləcə də oxuculara layiqli bir iş olduğunu diqqətə çatdırıblar. Tədbirin sonunda çıxış edən Şirməmməd Hüseynov Üzeyir Hacıbəyli yaradıcılığına nəzər salın, onun bu günə kimi oxuculara məlum olmayan çox əsərlərinin olduğunu diqqətə çatdırıb. Ş. Hüseynov deyib ki, Üzeyir Hacıbəyli 63 il 66 günlük ömrünün hər bir anını Azərbaycan mədəniyyətinin rifahına həsr edib. Müəllif bildirib ki, o, gələn ilin elə bu vaxtı Məhəmməd Əmin Rəsulzadənin III cildliyini təqdim etmək fikrindədir.

Qeyd edək ki, ikicildliyə Üzeyir Hacıbəylinin “Yeni İqbal”, “Sovqat”, “Açıq söz”, “Doğru söz”, “İttihad” qəzetlərində dərc edilmiş əsərləri daxil edilib. Kitabda, həmçinin 1918-ci ilin noyabrında “Azərbaycan” qəzetində dərc olunmuş “Pisgmao Persii” sərlövhəli mühüm bir əsər də yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR