Rəsul Rza vəfatının 30-cu ildönümündə anılıb

Rəsul Rza vəfatının 30-cu ildönümündə anılıb
# 01 aprel 2011 15:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xalq şairi Rəsul Rzanın vəfatının 30 iliyinə həsr olunmuş anma mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasim Rəsul Rzanın Fəxri Xiyabandakı məzarüstü abidəsi önündə keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca Rəsul Rza poeziyasının səmimiyyət və həzinliklə cilalanmış fəlsəfəsindən, şairin sovet dövrü üçün gözlənilməz olan kəskin tənqidi fikirlərindən, eyni zamanda xalqını gözləyən bəlaları uzaqgörənliklə qələmə almasından danışıb.

Şair-publisist Azər Abdulla, şairlər Ramiq Muxtar, Fərqanə Mehdiyeva və başqaları Rəsul Rzanı ədəbiyyatımızın inkişafına əhəmiyyətli təsir göstərən, Azərbaycan dilinə dövlət dili statusu verilməsinə çalışan, müstəqilliyimiz uğrunda mübarizə aparan ictimai xadim, böyük sima kimi səciyyələndiriblər. Türkdilli xalqların şeirlərinin Azərbaycana gətirilməsində şairin əvəzsiz xidmətləri diqqətə çatdırılıb.

Şairin oğlu, AYB-nin sədri, xalq yazıçısı Anar ailə üzvləri adından tədbir iştirakçılarına minnətdarlığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR