Hindistanın Nyu Dehli şəhərində Nizami Gəncəvi parkı yaradılacaq və onun heykəli qoyulacaq

Hindistanın Nyu Dehli şəhərində Nizami Gəncəvi parkı yaradılacaq və onun heykəli qoyulacaq
# 14 aprel 2011 10:04 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycanın Hindistandakı səfirliyi bu ili Hindistanda “Nizami Gəncəvi ili” elan edib. Səfirlikdən APA-ya verilən məlumata görə, N. Gəncəvi ili çərçivəsində Hindistanda bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Hindistanda N. Gəncəviyə aid ədəbi izlər və əsərlərin aşkarlanması istiqamətində səfirliyin apardığı araşdırmalar nəticəsində məlum olub ki, N. Gəncəvinin əsəri ilk dəfə Kəlküttə şəhərində çap edilib və hazırda Hindistanın bir neçə şəhər kitabxanaları və arxivlərində müxtəlif əlyazmalar mövcuddur. Bundan əlavə, səfirlik aşkar edib ki, Hindistanın Prezident Sarayının mərkəzi zalında (Ashoka Hall) N. Gəncəvinin portreti mövcuddur. Həmçinin zalın tavanına N. Gəncəvinin əsərlərindən təsvirlər və qısa beytlər həkk edilib. Ölkənin bütün yüksək səviyyəli dövlət tədbirləri məhz bu zalda keçirilir və N. Gəncəvinin portreti zalda yeganə olduğuna görə ziyarətçilərin diqqətindən yayınmır.

N. Gəncəvi ili çərçivəsində səfirlik elmi konfrans, opera və balet nümayişi, film festivalı, xalça və rəsm sərgisi, muğam konserti keçirəcək. Nyu Dehli şəhərində N. Gəncəvi parkının yaradılması və orada dahi Azərbaycan şairinin heykəlinin ucaldılması da planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR