Nizami Cəfərov: “Qazaxıstan Azərbaycanın latın qrafikasına keçidlə bağlı təcrübəsini öyrənir”

Nizami Cəfərov: “Qazaxıstan Azərbaycanın latın qrafikasına keçidlə bağlı təcrübəsini öyrənir”
# 05 avqust 2011 12:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Türkdilli dövlətlər latın qrafikalı əlifbaya keçidlə bağlı Azərbaycanın təcrübəsini öyrənirlər. APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) saytına açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N. Cəfərov bildirib ki, Azərbaycandan sonra türk dünyasında özbəklər də latın əlifbasına keçid ərəfəsindədirlər: “Qazaxlar da bizim təcrübəmizi öyrəndilər. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin yaratdığı komissiya Türkiyə və Azərbaycanda oldu. Azərbaycanda müəyyən məsləhətlər aldılar ki, əlifbaya keçərkən nə etmək lazımdır. Hətta xırda incəliklərə qədər maraqlandılar. Bizdə keçid baş verən zaman cəmiyyətin müxtəlif zümrələrin necə münasibət göstərmələrini soruşdular. Yəqin ki, qazaxlar da bu əlifbaya keçəcək. Qazaxların ardınca qırğızlar da bu addımı atacaq. Çünki qazaxlarla qırğızların dili bir birinə çox yaxındır. Faktiki olaraq Azərbaycan dövləti bu dəfə də öncüllüyü ələ aldı və uğurlu təcrübəni digərlərinə verdi».

N. Cəfərov bundan başqa türk xalqlarının Azərbaycan və Türkiyə təcrübəsindən faydalandıqlarını da bildirib. Komitə sədrinin sözlərinə görə, yarım müstəqil dövləti olan türk xalqları, tatarlar, başqırdlar, yakutlar da bu məsələ üzərində düşünür və Azərbaycan təcrübəsini tədqiq edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR