Azərbaycan Yazıçılar Birliyi kitab satışına tətbiq edilən ƏDV-nin ləğvi üçün Milli Məclisə müraciət edib

Azərbaycan Yazıçılar Birliyi kitab satışına tətbiq edilən ƏDV-nin ləğvi üçün Milli Məclisə müraciət edib
# 30 noyabr 2011 12:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Yazıçılar Birliyi ölkədə kitab satışına tətbiq edilən Əlavə Dəyər Vergisinin (ƏDV) aradan qaldırılması üçün Milli Məclisə müraciət edib. APA-nın məlumatına görə, müraciətin mətni bu gün AYB-nin “Natəvan” klubunda “ƏDV-yə yox deyək, kitaba dəstək verək!” adı altında keçirilən dəyirmi masada açıqlanıb.

Dəyirmi masada AYB-nin sədri, xalq yazıçısı Anar, AYB katibləri Çingiz Abdullayev, Fikrət Qoca, Milli Məclisin deputatları Elmira Axundova, Rəbiyyət Aslanova, Hüseynbala Mirələmov, Sabir Rüstəmxanlı, Musa Quliyev və digər tanınmış simalar iştirak ediblər. Ç. Abdullayev Azərbaycanda kitab satışında ƏDV-nin olmasından narazılığını ifadə edib: “Bu günə kimi bu mövzu ətrafında çox danışılıb, müzakirələr aparılıb. Nəhayət, problemin aradan qaldırılması üçün rəsmi olaraq Milli Məclisə müraciət hazırlamaq qərarına gəldik. Bu gün dünyanın çox ölkəsində, elə qonşu ölkələrdə kitab satışında ƏDV yoxdur, varsa da cüzidir. Bu hal əslində ölkəmizdə kitab oxuyanların sayının azalmasına səbəb olur. Bir kitab mağazası 18% ƏDV ödəyirsə, bir kitabın üzərinə 30-40% əlavə qiymət qoymalıdır ki, cibinə nə isə getsin. Nəticədə kitabların çox baha satılması onsuz da çox az olan oxucuların daha da azalmasına səbəb olur”.

Ç. Abdullayev başqa dillərdə kitabların ölkəyə gətirilməsində problemlər yaşandığını da söyləyib.

Dəyirmi masada millət vəkilləri, yazıçı və naşirlər də müzakirəyə qoşularaq fikirlərini bəyan ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR