İradə Tuncayın «Yol romanı» kitabının təqdimatı olub - FOTO

İradə Tuncayın «Yol romanı» kitabının təqdimatı olub - <font color=red>FOTO</font>
# 13 iyun 2012 11:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Azərbaycan Mətbuat Şurasında yazıçı-publisist İradə Tuncayın «Yol romanı» kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində müxtəlif media qurumlarının rəhbərləri, həmçinin yazarlar iştirak ediblər.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, bu kitab yazıçının bir səfərinin təəssüratları olmaqla yanaşı, Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından önəmlidir. Ə. Amaşov kitabın təqdimatının Dialoq Avrasiya Platforması ilə birgə təşkil olunduğunu vurğulayıb.

«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid isə çıxışında romanın kitab halında nəşr olunmazdan əvvəl, hissə-hissə rəhbərlik etdiyi qəzetdə çap olunduğunu söyləyib. «Yol romanı»nı bədii ədəbiyyat nümunəsi adlandıran R. Məcid əsəri oxuyan hər bir kəsin müxtəlif hisslər keçirdiyini deyib.

Müəllifin həyat yoldaşı, millət vəkili Aqil Abbas isə əsərin ərsəyə gəlməsi, müəlliflə birgə səyahət zamanı qarşılaşdıqları epizodlar haqqında danışıb. O, xüsusilə səfər zamanı İran ərazisində rastlaşdıqları problemlərə diqqət yönəldib. A. Abbas kitabın yenidən və daha çox tirajla çap olunacağını bildirib.

APA agentliyinin baş direktoru Vüsalə Mahirqızı isə qeyd edib ki, müəllif bu əsərdə Türkiyə, Azərbaycan və Gürcüstanda rastlaşdıqlarını qələmə alıb. «Hesab edirəm ki, İradə Tuncay bundan sonra əsər yazmasa belə, «Yol romanı» onun avtobioqrafiyasıdır», - deyən V. Mahirqızı digər türk xalqlarının yaşadıqları regionları tanıdan bu tip əsərlərin yazılmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən «Azər News» qəzetinin baş redaktoru Fazil Abbasov, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı, «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «525-ci qəzet»in redaktoru Yusif Rzayev, «Kulis.az» portalının redaktoru Qanturalı, «Ədalət» qəzetinin əməkdaşı Ceyhun Musaoğlu, Dialoq Avrasiya Platformasının Azərbaycan üzrə nümayəndəsi Mustafa Saatçı və digər şəxslər əsər haqqında fikirlərini bildirib, əsərin əhəmiyyətindən danışıblar.

Müəllif isə çıxışında «Yol romanı»nda səfər boyu keçirdiyi hissləri qələmə aldığını deyib. «Bu yol mənim öz içimdən keçir», - deyən müəllif kitabın hazırlanmasında əməyi olanlara da öz təşəkkürlərini bildirib.

Tədbirdə İ. Tuncaya Dialoq Avrasiya Platformasının «Həqiqətə xidmətlərinə görə» mükafatı təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR