Azərbaycan Yazıçılar Birliyi “Natəvan” klubunda keçiriləcək tədbirlərin sayını məhdudlaşdıracaq

Azərbaycan Yazıçılar Birliyi “Natəvan” klubunda keçiriləcək tədbirlərin sayını məhdudlaşdıracaq
# 02 may 2007 09:36 (UTC +04:00)
Bu ilin may ayından etibarən, Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda keçiriləcək tədbirlərin, xüsusilə kitab təqdimatlarının sayı xeyli məhdudlaşdırılacaq. Bu barədə APA-ya məlumat verən AYB-nin mətbuatla əlaqə şöbəsinin rəhbəri Ədalət Əsgəroğlu bildirib ki, indiyədək “Natəvan” klubu bütün müəlliflərin üzünə açıq olub: “Rəhbərlik humanistlik göstərərək, müəlliflərin kitab təqdimatı, ədəbi məclislər, müzakirələr keçirməsinə təmənnasız olaraq yer ayırırdı. Bu məqsədlə Yazıçılar Birliyinə müraciət edən müəllifin kitabının səviyyəsi, müzakirələr vaxtı qonaqların kimliyi də soruşulmurdu. Amma bu humanistlik heç də gözlənilən nəticəni vermədi, əvəzində “Natəvan”da keçirilən hansısa təsadüfi kitab təqdimatında Yazıçılar Birliyinin adı hallandı. Birliyi bu cür səviyyəsiz tədbirlərə yer ayırmaqda ittiham etməyə başladırlar. Bu səbəbdən Yazıçılar Birliyi “Natəvan” klubunda keçirilməsi nəzərdə tutulan tədbirləri məhdudlaşdırmağı qərara alıb. Yalnız özünü təsdiq edən müəlliflərin kitabları müzakirəyə çıxarılacaq, ədəbi səviyyəsi şübhə doğurmayan kitabların təqdimatı keçiriləcək”.
Ə. Əsgəroğlu hesab edir ki, ədəbiyyatın inkişafı naminə atılan bu gərəkli addımı qadağa kimi qiymətləndirmək düzgün olmazdı: “Bu addımla Yazıçılar Birliyində kitab təqdimatlarına qadağa qoyulmur, sadəcə, birlik təsadüfi müəllifin, onun hansısa kitabının tanınmasında, yayılmasında əsla maraqlı olmadığını nümayiş etdirir”.
“Natəvan” klubunun müdiri Maarif Soltan isə APA-ya bildirib ki, AYB-də tədbir keçirmək istəyən müəlliflərin müraciətinə katiblikdə baxılacaq: “Təqdimatı nəzərdə tutulan kitabların bədii səviyyəsi də müzakirə olunacaq. Bu qayda yubilyarlara da şamil ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR