Azərbaycan paytaxtında GUAM ölkələri gənc yazıçılarının I beynəlxalq toplantısı keçiriləcək

Azərbaycan paytaxtında GUAM ölkələri gənc yazıçılarının I beynəlxalq toplantısı keçiriləcək
# 28 fevral 2008 14:48 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bakıda GUAM ölkələri gənc yazıçılarının I beynəlxalq toplantısı keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun Bakı nümayəndəliyində bu gün keçirilmiş mətbuat konfransında məlumat verilib. Nümayəndəliyin rəhbəri, əməkdar artist Rafiq Həşimov layihənin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi ilə birgə həyata keçiriləcəyini bildirib: “Bu layihə çərçivəsində Kiyevdə Azərbaycan yazıçılarının əsərlərinin nəşri, habelə Bakıda GUAM ölkələri yazıçılarının əsərlərinin çapı nəzərdə tutulur. Eyni zamanda Kiyev və Bakıda kitabların təqdimat mərasimi və yazıçıların görüşü planlaşdırılır”. AYB-nin tərcümə seksiyasının rəhbəri Səlim Babullaoğlu isə layihənin I hissəsinin aprel ayında gerçəkləşəcəyini söyləyib: “Kiyevdə nəşr ediləcək antologiyada Anar, Elçin, Əkrəm Əylisli, Rəşad Məcid, Fikrət Qoca, Ramiz Rövşən, Salam Sarvan, Qulu Ağsəs, Zahir Əzəmət və başqalarının əsərləri yer alacaq. Bakıda nəşr ediləcək antologiyaya isə GUAM ölkələrinin hər birindən 5 müəllifin əsərləri daxil ediləcək. GUAM ölkələrini təmsil edən 6 yazıçı mayda Bakıya səfər də edəcək. Bu səfər çərçivəsində bir sıra tədbirlər keçiriləcək”.
Bundan başqa, layihə çərçivəsində GUAM ölkələri yazıçılarının iştirakı ilə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan poeziyası günlərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu beynəlxalq layihələr APA-nın informasiya dəstəyi ilə reallaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR