“Gəzən kitabxana” Gəncəyə gedib - VİDEO

“Gəzən kitabxana” Gəncəyə gedib - <span style="color: red;">VİDEO
# 02 sentyabr 2013 16:31 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublika ərazisində “Gəzən kitabxana” layihəsi həyata keçirilir. 2013-cü il ərzində reallaşdırılan bu layihənin məqsədi ölkənin müxtəlif bölgələrində gənclərin kitaba, eləcə də elektron qiraətə marağını artırmaqdır. APA-nın qərb bürosunun verdiyi məlumata görə, ixtisaslaşdırılmış xüsusi avtomaşında səyyar fəaliyyət göstərən kitabxanada 5 min ədəd çap olunmuş və 10 min ədəd elektron kitab toplanıb. Kitabxana həmçinin bir neçə noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub. Artıq bir neçə rayonda - Tovuz, Qazax, Quba, Lənkəran, Astara, Sabirabad və Cəlilabadda oxucuların görüşünə getmiş səyyar kitabxana indi də öz qapısını Gəncə şəhərində sakinlərin üzünə açıb.

Gənclərin kitaba olan marağını artırmaq məqsədilə pulsuz fəaliyyət göstərən kitabxanada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, siyasət, uşaq ədəbiyyatı və digər mövzularda əsərləri oxucuların istifadəsinə verilir. Gəncədə qiraət günləri on gün davam edəcək. Həmçinin oxucular sevdikləri kitabların surətini pulsuz əldə edə biləcəklər.

Kitabxanadan məhdud fiziki imkanlı insanların istifadə edə bilməsi də nəzərə alınıb. Bunun üçün Məhdud Fiziki İmkanlı İnsanlar üçün Gəncə Regional İnformasiya Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü ilə çap edilərək göndərilmiş audio və brayl əlifbası ilə kitablar da təqdim olunur.

“Gəzən kitabxana” layihəsi bundan sonra Mingəçevir şəhərinə qonaq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR