Moskvada tarixçi Eldar İsmayılovun "Azərbaycanda "böyük terror"un tarixi" adlı kitabının təqdimatı olub - FOTO

Moskvada tarixçi Eldar İsmayılovun "Azərbaycanda "böyük terror"un tarixi" adlı kitabının təqdimatı olub - <span style="color: red;">FOTO
# 15 may 2015 10:32 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında azərbaycanlı tarixçi Eldar İsmayılovun "Azərbaycanda "böyük terror"un tarixi" adlı kitabının təqdimat mərasimi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MQİMO) keçirilən təqdimat mərasimində Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nümayəndələri iştirak ediblər.

“MQİMO”nun azərbaycanlı tələbə klubun tərəfindən təşkil olunan tədbirin moderatoru, ÜAK Mərkəzi Şurasının üzvü Azər Cahangirov E. İsmayılovun "Azərbaycanda "böyük terror"un tarixi" adlı kitabının təqdimat mərasiminin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində keçirilməsinin sevindirici olduğunu söyləyib. Məlum kitabın nadir faktoloji material üçün mənbə olduğunu qeyd edən A. Cahangirov bildirib ki, kitabda olan sənədlər psixoloji nöqteyi-nəzərdən çox mürəkkəbdir: "Məlum nəşr Eldar İsmayılovun karyerasının son akkordları olub. Bu kitab bizə keçmişdə buraxdığımız səhvləri gələcəkdə bir daha təkrarlamamağımızı təlqin edir. Bu gün bu tədbridə iştirak edən gənclər Azərbaycan tarixinin bu mərhələsini mütləq bilməlidirlər".

Azərbaycanın Rusiyadakı səfirliyinin birinci katibi Eldar Bayramov isə "Azərbaycanda "böyük terror"un tarixi" kitabının Rusiya ictimaiyyətinə təqdim oluna biləcək dünya standartlarına uyğun elmi tədqiqat olduğunu söyləyib. Onun sözlərinə görə, kitabda tarixçilik prinsipinə tam riayət olunub.

Eldar İsmayılov barədə xatirələrini Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti, tarix elmləri namizədi İsmayıl Ağakişiyev də bölüşüb: "Eldar İsmayılovun adı sovetlər tarixi elminin flaqmanı sayılan Moskva Dövlət Universitetinin tarix fakültəsinin aparıcı mütəxəssislərinin sırasında olub. O, böyük alim, gözəl tədqiqatçı, lektor idi”.

Tarix elmləri namizədi Eldar Abbasov isə "Azərbaycanda "böyük terror"un tarixi" kitabının nəşrə hazırlanması prosesi barədə danışıb: "Kitabı "Rosspen" nəşriyyat evinə göndərən kimi, bizə müsbət cavab verdilər. Qeyd edilməlidir ki, bu kitab "Stalinizm tarixi" seriyasının bir hissəsi oldu. Təəssüflər olsun ki, kitabın müəllifi onun nəşr olunduğunu görə bilmədi".

Tədbirdə çıxış edən rusiyalı tarixçi və yazıçı, qafqazşünas Rudolf İvanov Eldar İsmayılovun "Azərbaycanda "böyük terror"un tarixi" kitabını yüksək qiymətləndirib.

Azərbaycanın Rusiyadakı səfirinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova “MQİMO”nun azərbaycanlı tələbə klubuna tədbirin təşkilatçılığına görə təşəkkürünü bildirib. O, E. İsmayılovun "Azərbaycanda "böyük terror"un tarixi" kitabının təqdimat mərasiminin azərbaycanlı tələbə klubunun köməkliyi ilə Moskva Dövlət Universitetində də keçiriləcəyinə ümid etdiyini söyləyib.

Qeyd edək ki, E. İsmayılovun "Azərbaycanda "böyük terror"un tarixi" monoqrafiyası 1936-1938-ci illərdə Stalin repressiyalarının qurbanlarına həsr olunub. Respublika və mərkəzi arxivlərdən toplanmış çoxsaylı sənədlər əsasında E. İsmayılov Stalin repressiyaları dövrünün dərin analizini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR