Bank Of Baku

Azərbaycanda əmanətlərin aktivlərə nisbəti təhlükəsiz səviyyədədir

Azərbaycanda əmanətlərin aktivlərə nisbəti təhlükəsiz səviyyədədir
# 29 iyun 2009 11:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin məcmu bank aktivlərinə nisbəti 2009-cu ilin iyunun 1-nə 21% təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici son bir ildə 1,7 faiz, ilin əvvəlindən isə 2,5 faiz bəndi artıb.

Bank əmanətlərinin aktivlərə olan nisbəti əmanətlərin kütləvi şəkildə geri götürülməsi zamanı bankların maliyyə durumu, ödəmə qabiliyyəti və ümumilikdə, bununla bağlı risklərin qiymətləndirilməsi üçün zəruri hesab olunan göstəricidir. Həmin göstərici ölkə və iqtisadiyyatın xüsusiyyətlərindən asılı olaraq fərqləndiyi üçün hər hansı vahid norma və standart mövcud deyil, lakin bu göstəricinin 30-35% səviyyəsindən aşağı olması sabitliyi əks etdirir.

Eyni zamanda, həmin nisbətin təhlükəli və ya təhlükəsiz səviyyədə olması barədə araşdırmada aktivlərin keyfiyyəti də nəzərə alınmalıdır. Bununla bağlı qeyd etmək olar ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivlərinin təxminən 3-4%-i qeyri-standart aktivlər kimi qiymətləndirilir. Xatırladaq ki, qeyri-standart aktivlərin tərkibinə ümidsiz, qeyri-qənaətbəxş və təhlükəli aktivlər aid edilir.

Aktivlərin strukturunda da likvid aktivlər xüsusi yeri tutur. Belə ki, yalnız nağd vəsaitlər, müxbir hesablar və maliyyə sektorunda yerləşdirilmiş depozitlər, yəni ən yüksək likvidliyə malik olan aktivlərin payına 16-17% düşür. Bundan başqa, aktivlərin təxminən 65%-ni kreditlər təşkil edir ki, bunun da yalnız 5%-ə yaxın hissəsi vaxtı keçmiş kreditlərin payına düşür. Belə olan təqdirdə, əhalinin əmanətləri üzrə bankların riskləri aşağı səviyyəli kimi qiymətləndirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR