Bank Of Baku

Azərbaycanda yeni yaradılan lizinq şirkətinin təqdimatı keçirilib

Azərbaycanda yeni yaradılan lizinq şirkətinin təqdimatı keçirilib
# 30 iyun 2009 11:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda yeni yaradılmış «Ansar Leasing» şirkətinin təqdimat mərasimi keçirilib. «APA-Economics»in məlumatına görə, mərasimdə bank, sığorta və lizinq şirkətləri, beynəlxalq maliyyə təşkilatları, həmçinin dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktoru Xalid əl-Abudi investisiya yatırımı üçün Azərbaycanda əlverişli şəraitin olduğunu bildirib: «Bu şərait özünü ölkənin stabil inkişafında və sosial-iqtisadi siyasət sahəsində həyata keçirilən layihələrdə göstərir».

X.əl-Abudi bildirib ki, «Ansar Leasing» şirkəti İslam İnkişaf Bankı, həmçinin 45 İslam ölkəsi və İslam ölkələrinin təmsilçiləri olan 5 maliyyə qurumu tərəfindən təsis edilmiş ICD tərəfindən yaradılıb. ICD-nin əsas fəaliyyət istiqaməti şəriət qaydalarına uyğun biznes subyektlərinə maliyyə yatırımlarının həyata keçirilməsindən ibarətdir.

Tədbirdə iştirak edən İqtisadi İnkişaf Nazirliyi Aparatının başçısı Samir Vəliyev ölkənin maliyyə sektorundakı inkişafdan, o cümlədən son illər ərzində lizinq sektorunda əldə olunan nailiyyətlərdən danışıb. S.Vəliyev bildirib ki, İslam İnkişaf Korporasiyası Azərbaycanda bir sıra layihənin maliyyələşdirilməsində yaxından iştirak edib: «Hesab edirəm ki, bu qurumun təsisçiliyi ilə yaradılan «Ansar Leasing» şirkəti də ölkənin qeyri-neft sektorunun inkişafına dəstək olacaq».

İslam İnkişaf Bankının (İİB) Azərbaycan üzrə nümayəndəsi Tamerlan Tağıyev isə çıxışında Azərbaycanın bu quruma 1992-ci ildən üzv olduğunu və həmin tarixdən indiyədək ölkəyə 280 mln. ABŞ dolları həcmində vəsaitin ayrıldığını bildirib. T.Tağıyev İİB-in Azərbaycanla əməkdaşlığı çərçivəsində vəsaitlərin ayrılmasını gələcəkdə də davam etdirəcəyini vurğulayıb.

Sonda yeni yaradılan lizinq şirkətinin baş meneceri Ceyhun Nağıyev «Ansar Leasing» şirkətinin gələcək planları, fəaliyyət istiqamətləri, lizinqin müddəti və şərtləri ilə bağlı geniş təqdimatla çıxış edib.

C.Nağıyevin sözlərinə görə, ICD tərəfindən yaradılmış «Ansar Leasing» şirkəti 2008-ci ilin dekabr ayının 12-də dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı isə 5 mln. manat təşkil edir. Şirkət əsasən maliyyə lizinqi xidmətlərinin göstərilməsi ilə məşğul olacaq. Fəaliyyətində şəriət qaydalarını rəhbər tutan müəssisə qısa müddət ərzində Azərbaycanın lizinq bazarında aparıcı mövqeyə malik olmaq niyyətindədir: «Biz bu istiqaməti seçməklə müştərilərimizin rəğbətini qazanmağı və onların maraqlarının keşiyində dayanmağı düşünürük».

C.Nağıyev qeyd edib ki, şərtlərə əsasən, müştəri 20% məbləğində ilkin ödəniş aparmaqla, 12-72 ay müddətinə lizinq müqaviləsi bağlayacaq. İlkin olaraq əməliyyatlar ABŞ dolları ilə aparılacaq.

Baş menecer gələcəkdə şirkətin əsas hədəflərinin kənd təsərrüfatı, tikinti sektoru və səhiyyə sahəsinin olduğunu bildirib. O, həmçinin yaxın gələcəkdə şirkət tərəfindən bazara daşınmaz əmlak lizinq növünün də çıxarılacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR