Bankdan «APA-Economics»ə verilən məlumata görə, bank xidmətlərinin bütün növlərini əhatə edən yeni tariflər müştərilərin tələbatını daha tam ödənilməsinə yönəldilib.
«Azərdəmiryolbank»ın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, yeni tarif paketinin əsas xüsusiyyətlərindən biri onun sistemləşdirilməsi və müştərilərə münasibətdə fərdi yanaşmadadır: «Bankla əməkdaşlıq müddətindən və illik dövriyyədən asılı olaraq, korporativ müştərilər A, B, C və D kateqoriyalarına bölünür ki, bu da müxtəlif əməliyyatlar üzrə daha əlverişli tariflərin tətbiqinə imkan yaradacaq».
İllik dövriyyə | Əməkdaşlıq müddəti | |
5 ilə qədər | 5 ildən çox | |
10 000 000 manatdan çox | A | A |
1 000 001 – 10 000 000 manat | B | A |
100 001 – 1 000 000 manat | C | B |
100 000 manatadək | D | C |
Korporativ müştərilər üçün bəzi bank xidmətlərinin tarifləri Bankın filial və şöbəsinin regional yerləşməsindən də asılıdır. «Yeni tariflər daha əlverişli və rəqabətə davamlıdır ki, bu da Banka fərdi və korporativ müştərilər bazarında fəaliyyətini gücləndirməyə, beləliklə də müştəri bazasını genişləndirməyə imkan yaradacaq», - deyə Y.Cabbarov bildirib.
Qeyd edək ki, Bank və onun hazırkı müştəriləri arasında mövcud əvvəlki tariflər qüvvədə olan müqavilələrin şərtlərinə uyğun olaraq dəyişməz qalır.
«Azərdəmiryolbank»ın xidmət şəbəkəsinə 32 filial və şöbə daxildir ki, onlardan 14-ü Bakı şəhərində, qalan 18-i isə regionlarda fəaliyyət göstərir.
Xatırladaq ki, 1989-cu ildə təsis edilən «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı mövcuddur. Nizamnamə kapitalında «25%+1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.