Bank Of Baku

«UniBank» dörd xarici maliyyə təşkilatından irihəcmli kredit cəlb edib

«UniBank» dörd xarici maliyyə təşkilatından irihəcmli kredit cəlb edib
# 08 iyul 2009 11:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya Maliyyə Şirkəti (FMO), Avstriya İnkişaf Bankı və Almaniyanın DEG İnvestisiya Şirkəti arasında maliyyə paketi üzrə kredit sazişi imzalanıb.

«APA-Economics»in məlumatına görə, maliyyə paketi üzrə kredit sazişini «UniBank» tərəfindən Müşahidə Şurasının sədri Eldar Qəribov, EBRD-dən ölkə üzrə menecer Frensis Delay (Francis Deleay), Avstriya İnkişaf Bankından İdarə Heyətinin üzvü xanım Andrea Naqman (Andrea Hagmann), FMO-dan Azərbaycan üzrə nümayəndə Rud Brouer (Ruud Brouwer) və DEG-dən Azərbaycan üzrə nümayəndə Nolger Rotenbuş (Holger Rothenbusch) imzalayıblar.

«UniBank» üçün ayrılan maliyyə paketinin ümumi həcmi 83 mln. ABŞ dolları təşkil edir. Bunun 37 mln. dolları EBRD, 15,6 mln. dolları DEG, 15 mln. dolları FMO, 10 mln. dolları Avstriya İnkişaf Bankı tərəfindən ayrılır. «UniBank»ın yerli səhmdarlarının paket maliyyələşdirilməsində payı isə 5,4 mln. dollar təşkil edir.

Ayrılan ümumi vəsaitin 7 mln. dolları Azərbaycan bankının səhmdar kapitalına, 25 mln. dolları konvertasiya olunan istiqrazlara, 51 mln. dolları bankın kredit portfelinin genişləndirilməsinə yönəldiləcək.

«UniBank»ın İdarə Heyətinin sədri Faiq Hüseynovun sözlərinə görə, bu saziş Azərbaycanın özəl bank tarixində ən iri paket maliyyələşdirilməsidir və bu, qlobal maliyyə böhranı şəraitində xüsusilə vacibdir: «Bu maliyyə vəsaiti «UniBank»ın kapital bazasının gücləndirilməsi üçün istifadə ediləcək, həmçinin milli iqtisadiyyatın real sektorunun kreditləşdirilməsini davam etdirməyə yardım olacaq».

E.Qəribov isə maliyyə paketinin tərəf müqabili olan təşkilatların texniki dəstəyi ilə müşayiət olunduğunu bildirib. Onun sözlərinə görə, bu maliyyə vəsaiti «UniBank»a öz kredit siyasətini və risklərin idarə olunması siyasətini gücləndirməklə bərabər uzunmüddətli maliyyələşdirmə bazasının inkişafını təmin edəcək.

Xatırladaq ki, 2003-cü ildən başlayaraq, EBRD «Unibank»a səhmdar kapitala sərmayələr və kreditlər şəklində 21 mln. ABŞ dolları həcmində vəsait təqdim edib.

Qeyd edək ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 374,181 mln. manat, kredit portfeli 286,677 mln. manat, depozit portfeli 89,353 mln. manat, məcmu kapitalı 68,900 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
Hazırda bankın respublika üzrə 24 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR