Bank Of Baku

«Əmrahbank» brendinin yenilənməsi prosesini ilin sonuna kimi başa çatdıracaq

«Əmrahbank» brendinin yenilənməsi prosesini ilin sonuna kimi başa çatdıracaq
# 10 iyul 2009 12:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankının (SKB) rebrendinq prosesinin icrası bu ilin sonuna kimi başa çatacaq.

Bankın İdarə Heyətinin sədri Emil Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq bankın səhmdarları tərəfindən brendin yeniləşməsi məsələsi təsdiq edilib. Cari ilin sonuna kimi bankın Bakıda və regionda yerləşən bütün filialları yeni brendlə fəaliyyət göstərəcək.

E. Məmmədovun sözlərinə görə, bank öz adını qoruyub saxlamaqla bərabər, diqqətini brendinin, korporativ rənglər çələnginin, internet səhifəsinin dizaynı və məzmununun, o cümlədən filialların eksteryer dizaynının, habelə imicin əksi olan digər məlumat daşıyıcılarının yenidən işlənməsinə yönəldəcək: «Bəhreyndə yerləşən «Beynəlxalq İnvestisiya Bankı» ilə strateji əməkdaşlığımız başlandığı vaxtdan bəri, bankda bir sıra fundamental dəyişikliklər olub. Belə ki, yeni strategiya, missiya və məramlar daha mükəmməl korporativ idarəetmə sistemi qəbul olunub və bunların tətbiqinə başlanılıb. Hazırda beynəlxalq əməkdaşlıq genişlənir, yeni məhsul və xidmətlər təklif olunur. Təbiidir ki, bütün bu dəyişikliklər bizə mənsub və məxsus olan yeni dəyər, ənənə və məramların əksi olan yeni korporativ imicin işlənməsi zərurəti yaradıb».

Qeyd edək ki, yeni brendin hazırlanması işinə brendlərin işlənməsi və tətbiqi sahəsində aparıcı beynəlxalq şirkət olan «McCann Erickson» cəlb edilib.

Təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreynin Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı, 12 bankomatı və 45 POS-terminalı fəaliyyət göstərir.

Cari ilin aprel ayının 1-nə banklın aktivlərinin həcmi 61,442 mln. manat, depozit portfeli 31,142 mln. manat, kredit portfeli 39,552 mln. manat, məcmu kapitalı 22,552 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub. Hazırda bankın respublika üzrə 28 satış məntəqəsi fəaliyyət göstərir ki, bunun 23-ü filialdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR