Bank Of Baku

«Azər-Asiya» sığorta şirkətinin növbəti iclası bu ayın sonunda keçiriləcək

«Azər-Asiya» sığorta şirkətinin növbəti iclası bu ayın sonunda keçiriləcək
# 11 iyul 2009 09:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyul ayının 30-da «Azər-Asiya» Azərbaycan-İran müştərək sığorta şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iclasda şirkətin idarə heyətinin buraxılması və ləğvetmə komissiyasının yaradılması məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, sonuncu dəfə keçirilən iclasda şirkətin ləğvinə dair komissiyanın yaradılmasına iranlı səhmdarlar razılaşmayıblar. Səsverməyə iranlı səhmdarlar qatılmadığı üçün ləğvetmə komissiyasının yaradılmasına yetərsay olmayıb.

Şirkətdən bildirilib ki, sonuncu iclasda iranlı səhmdarlar yerli səhmdarlarla komissiyanın yaradılması, həmçinin digər məsələlərin həlli üçün növbəti iclasın müddətini əlavə olaraq üç ay uzadılmasına razılaşıblar.

Xatırladaq ki, 2008-ci ilin fevral ayının 11-də Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.

İranlı səhmdarlar isə Azərbaycan Maliyyə Nazirliyi tərəfindən şirkətin lisenziyasının dayandırılmasını qeyri-qanuni hesab edirlər. Xarici səhmdarlar şirkətin lisenziyasının ləğvinə yol verməyəcəklərini bildirirlər.

İranlı səhmdarlar yol verilmiş nöqsanların aradan qaldırılmasını, həmçinin şirkətin nizamnamə fondunun 10 mln. manatadək artırılmasına razıdırlar. Lakin onlar məsələnin siyasiləşməsini problemin həllinə mane olduğunu qeyd edirlər.

Xatırladaq ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət indiyədək 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR