Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik deflyasiyanın səviyyəsi 3,03% olub

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik deflyasiyanın səviyyəsi  3,03% olub
# 14 iyul 2009 11:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Budapeşt Fondunun İnstitutsional yardım layihəsi çərçivəsində həyata keçirdiyi «Alternativ inflyasiya səviyyəsinin hesablanması» proqramı üzrə Azərbaycanın 11 regionunda 2009-cu il iyun ayı üzrə apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

«APA-Economics»in məlumatına görə, müşahidə nəticəsində məlum olub ki, bu ilin iyun ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,30% azalıb. Qeyd olunan dövrdə Bakıda qiymətlər 0,30% bahalaşıb, regionlarda isə 0,89% ucuzlaşıb. İyunda əmtəə qrupları üzrə ucuzlaşma (2,19%) yalnız ərzaq məhsullarında (regionlarda və mövsümü məhsullarda) baş verib.

Qeyri-ərzaq məhsulları və xidmətlərdə həm regionda (müvafiq olaraq 0,44% və 0,90%) həm də Bakıda (0,10% və 0,34%) bahalaşma qeydə alınıb. Göründüyü kimi iyun ayında əmtəə qrupları üzrə ölkə ərazisində xidmətlərdə daha yüksək qiymət artımı olub (0,62%).

Müşahidənin nəticələrinə görə, ən çox ucuzlaşma mövsümü ərzaq məhsullarında baş verib. Bu zaman qarpız (57,14%), badımcan (48,01%), təzə kartof (31,34%), alça (27,10%), göy lobya (26,73%), yemiş (23,08%) daha çox ucuzlaşıb.

Ay ərzində bahalaşan qeyri-ərzaq məhsulları isə məktəbəqədər yaşda uşaqlar üçün velosipedlər (28,64%), kəsilmiş taxta (3,57%) və divar kağızı üçün yapışqanlar (1,24%) olub. Xidmətlərdən isə aerobika məşğələləri 8,8%, kişilər üçün saç kəsimi 7,89% bahalaşıb.

Aparılan statik müşahidə göstərib ki, cari ilin ilk 6 ayında Azərbaycanda 3,58%-lik deflyasiya baş verib. Bu zaman ən yüksək göstərici 5,12% ərzaq məhsullarında qeydə alınıb.

Ötən ilin iyun ayı ilə müqayisədə cari ilin iyun ayında İQİ 3,03% ucuzlaşıb. O cümlədən regionlarda illik deflyasiya 2,23%, Bakıda isə 3,77% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR