Bank Of Baku

Azərbaycan-Koreya İqtisadi Əməkdaşlıq Komissiyasının 3-cü iclası keçirilib

Azərbaycan-Koreya İqtisadi Əməkdaşlıq Komissiyasının 3-cü iclası keçirilib
# 15 iyul 2009 10:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Seulda Azərbaycan-Koreya İqtisadi Əməkdaşlıq Komissiyasının (İşçi Qrup) 3-cü iclası keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətinə Fövqəladə Hallar, Sənaye və Energetika, Maliyyə, Kənd Təsərrüfatı, Rabitə və İnformasiya Texnologiyaları, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük, Əmlak Məsələləri Dövlət Komitələrinin, ARDNŞ-in, Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Şəhər İcra Hakimiyyətinin, “Azərsu” SC-nin, “Azərenerji” ASC-nin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin əməkdaşları təmsil olunub.

Tədbirdə 2007-ci ilin avqustunda Bakıda keçirilmiş iclasdan ötən dövr ərzində görülmüş işlər, ikitərəfli əlaqələrin mövcud vəziyyəti, qarşılıqlı səfərlərin iqtisadi əlaqələrə təsiri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Səfər zamanı Komissiyanın tərkibində yaradılmış 5 istiqamət üzrə - ticarət və investisiyalar, enerji və təbii ehtiyatlar, rabitə və informasiya texnologiyaları, tikinti və kənd təsərrüfatı sahələri üzrə Komitələrin görüşləri keçirilib. Aparılmış danışıqların nəticəsi olaraq hər bir Komitənin iclasları üzrə İşçi Protokollar imzalanıb.

Sonda Azərbaycan-Koreya İqtisadi Əməkdaşlıq Komissiyasının 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Həmçinin Komissiyanın növbəti iclasının 2010-cu ilin ikinci yarısında Bakıda keçirilməsi barədə razılığa gəlinib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Koreyanın Bilik İqtisadiyyatı nazirinin birinci müavini Kim Yanq Hakla, həmçinin Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının Koreya tərəfindən sədri Li Su Hınqla görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR