Bank Of Baku

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması üzrə İşçi Qrupunun 7-ci iclası keçirilib

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması üzrə İşçi Qrupunun 7-ci iclası keçirilib
# 27 iyul 2009 13:28 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Azərbaycanın Cenevrədəki BMT-nin bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinə istinadən APA-ya verilən məlumata görə, tədbirdə Xarici İşlər, İqtisadi İnkişaf, Ədliyyə, Sənaye və Energetika, Maliyyə, Vergilər və Kənd Təsərrüfatı nazirliklərinin, o cümlədən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin nümayəndələri iştirak ediblər.

Nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan hökumətinin davamlı sosial-iqtisadi inkişaf, ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafı məsələlərinə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə son dövr ərzində görülən işlər barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanın milli iqtisadi maraqlarını və həssaslıqlarını özündə təsbit edən mallar və xidmətlər üzrə təkmilləşdirilmiş təkliflər və digər sənədlər hazırlanaraq ÜTT Katibliyinə və aidiyyəti ölkələrə təqdim olunduğunu və növbəti ikitərəfli danışıqların keçirildiyi söylənilib. Bununla yanaşı, Azərbaycan milli qanunvericiliyinin ÜTT-nin Sazişlərinə uyğunlaşdırılması sahəsində ölkədə son 6 ay ərzində görülən və gələcəkdə görüləcək işlərlə bağlı üzv ölkələrə məlumat verilib.

İclasda iştirak edən bir sıra ölkələrin nümayəndələri (Afrika Qrupu adından Misir, Türkiyə, açıq dənizə çıxışı olmayan ölkələr adından Paraqvay, Çin, Braziliya, Pakistan, İordaniya) çıxış edərək Azərbaycan üçün əlverişli şərtlərlə ÜTT-yə üzvlüyünü dəstəkləyib, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilmiş tədbirləri və onların nəticələrini müsbət qiymətləndiriblər.

Həmçinin ABŞ, Avropa Komissiyası, Kanada, Avstraliya, Cənubi Koreya və digər ölkələrin nümayəndələri Azərbaycanın ÜTT-yə üzvlüyünü prinsip etibarilə dəstəkləyiblər. İclas zamanı üzv ölkələr tərəfindən verilən əlavə suallar cavablandırılıb və tədbirin yekununda Azərbaycanın xarici ticarət rejiminə dair yeni sualların üzv ölkələr tərəfindən 2009-cu ilin 14 sentyabr tarixinə qədər təqdim olunması və İşçi Qrupunun növbəti iclasının cari ilin sonunda, yaxud 2010-cu ilin ilk rübündə keçirilməsinə dair qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR