Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi kəskin artır

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi kəskin artır
# 29 iyul 2009 11:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda kommersiya bankları tərəfindən verilmiş kreditlər üzrə vaxtı keçmiş kreditlərin həcmi 2009-cu ilin iyulun 1-nə 242,8 mln. manat təşkil edir. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, ötən ilin eyni tarixi ilə müqayisədə bu göstərici 2,5 dəfə artıqdır.
Qeyd edək ki, cari ilin iyulun 1-nə ümumi kreditlərin həcmi 6 463,8 mln. manata bərabərdir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə olan göstəricidən 6 185 mln. manat (4,5%) çoxdur. 2008-ci ilin iyulun 1-nə vaxtı keçmiş kreditlər ümumi kreditlərdə 1,6%-lik paya malik olub, cari ilin iyulun 1-nə bu göstərici 3,8%-ə çatıb. Bu kəskin artım bankların müştəriləri - həm sahibkarlar, həm də fiziki şəxslər olan borcalanları arasında ödəmə qabiliyyətində problemlərin yaranmasını göstərir. Bu da öz növbəsində müxtəlif bazarlarda, xüsusən ticarət, xarici ticarət, istehsalat, tikinti və s. sahələrdə konyunkturun pisləşməsi ilə əlaqədardır.
Əlavə edək ki, sözügedən tendensiyalar daha iri miqyasda bütün dünyada, o cümlədən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə də mövcuddur və dünya maliyyə böhranının əsas mənfi nəticəsi kimi qəbul olunur. Bir sıra ölkələrdə bu problemin istehlakın müxtəlif yollarla dəstəklənməsi üsulu ilə aradan qaldırılmasına cəhd edilir, lakin istehsalın və idxalın stimullaşdırılması olmadan yalnız istehlakın dəstəklənməsi ilə bazar konyunkturunun normallaşdırılmasına nail olmaq çətindir.
Azərbaycanda həmin problemlər digər ölkələrlə müqayisədə hələ özünü sərt şəkildə büruzə vermədiyindən, hər hansı ciddi və mürəkkəb addımlara ehtiyac yoxdur. Vaxtı keçmiş kreditlərin xüsusi çəkisinə gəldikdə, qeyd etmək lazımdır ki, 2,5 dəfəlik artıma baxmayaraq, bu göstərici hələ də məqbul səviyyədədir.
Xatırladaq ki, dünya bank praktikasında maliyyə bazarının sağlam şəraitində vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisinin 5%-ə qədəri normal səviyyə hesab olunur. Böhran şəraitində isə bu rəqəm hətta 10-15%-ə qədər yüksələ bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR