Bank Of Baku

Azərbaycan fond bazarında ilk dəfə birja əqdləri birjadan kənar sövdələşmələrin həcmini üstələyib

Azərbaycan fond bazarında ilk dəfə birja əqdləri birjadan kənar sövdələşmələrin həcmini üstələyib
# 07 avqust 2009 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan qiymətli kağızlar bazarında ilk dəfə olaraq birjada keçirilən əqdlərin həcmi birjadan kənar sövdələşmələrin sayını üstələyib.

Bakı Fond Birjası (BFB) İdarə Heyətinin sədri Xəyal Abdinovun «APA-Economics»ə verdiyi məlumata görə, əgər hələ ötən il birjadan kənar əqdlər birjada qeydə alınan sövdələşmələri üstələyirdisə, cari ildə bu göstərici tam əksinə olub: «Əgər bu il ərzində birjadan kənar bağlanan əqdlərin payı 40% təşkil edibsə, birjada qeydə alınan sövdələşmələrin xüsusi çəkisi 60%-ə bərabər olub».

Qeyd edək ki, 2009-cu ilin yanvar-iyul ayları ərzində BFB-da bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 2 659,383 mln. manat təşkil edib. Bu da 2008-ci ilin eyni dövrünün analoji göstəricisi ilə müqayisədə 46,7% azdır. Hesabat dövründə ümumi əqdlərin 91,8%-i dövlət qiymətli kağızlarının (DQK) payına düşüb. Yanvar-iyul aylarında azalma əsasən DQK bazarı üzrə müşahidə olunub. Məhz notların ilkin və təkrar bazarında müvafiq olaraq 78,76% və 79,41% azalma qeydə alınıb. Hesabat dövründə həmçinin repo əməliyyatları 47,53% azalıb və ümumilikdə DQK bazarında dövriyyə 49,96% düşüb.

Bundan başqa, hesabat dövründə korporativ istiqrazlar bazarı 1,4 dəfə, o cümlədən korporativ istiqrazların təkrar bazarı 3,6 dəfədən çox artıb.

Ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb. Belə ki, bu sektorda əməliyyatların həcmi 200 dəfə, səhmlərin ilkin bazarının həcmi isə 75,1% artıb.

Həmçinin, birja fəallığının artımı DQİ-lərin ilkin və təkrar bazarında hiss olunub və müvafiq olaraq 1,6 və 5,5 dəfə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR