Bank Of Baku

Avqustda Azərbaycanda dövlətin vəsaiti hesabına 70-dən artıq ipoteka krediti verilib

Avqustda Azərbaycanda dövlətin vəsaiti hesabına 70-dən artıq ipoteka krediti verilib
# 10 avqust 2009 08:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqust ayının ilk 5 iş günü ərzində Azərbaycan İpoteka Fondunun müvəkkil banklarına 4 mln. manat məbləğində 100-ə yaxın müraciət daxil olub, ümumi məbləği 3 mln. manat təşkil edən 70-dən çox ipoteka krediti verilib.

Azərbaycan İpoteka Fondundan «APA-Economics»ə verilən məlumata görə, 2006-2007-ci illər ərzində Azərbaycan İpoteka Fondunun xətti ilə ümumi həcmi 75,8 mln. manat təşkil edən ipoteka krediti verilib. «İpoteka kreditlərinin çox əlverişli şərtlərlə verilməsi bu kreditlərə qısa müddət ərzində yüksək tələbin yaranmasına səbəb olub və nəticədə, dövlət büdcəsindən ayrılmış vəsaitlərin tükənməsi nəticəsində 2007-ci ilin iyun ayında ipoteka kreditlərinin verilməsi dayandırılıb və yalnız 2009-cu ilin iyun ayında bu proses bərpa olunub. Əgər 2006-cı ildə cəmi 5,6 mln. manat ipoteka krediti verilibsə, cari ilin son iki ayı ərzində bu rəqəm artıq 20 mln. manatdan çox olub», - deyə fonddan bildirilib.

Verilmiş kreditlər üzrə orta müddət 24 il, orta faiz dərəcəsi isə illik 7,6% təşkil edir. Artıq elan edildiyi kimi, ipoteka kreditləşməsinin bərpası Azərbaycan İpoteka Fondu tərəfindən cəlb edilmiş vəsaitlər hesabına həyata keçirilir. Fond tərəfindən 7 il müddətinə 55 mln. manat məbləğində illik 3%-lə təmin edilmiş istiqrazların emissiyası dövlət qeydiyyatına alınıb, bu istiqrazların 25 mln. manatı isə artıq yerləşdirilib. Hazırda Fond tərəfindən təklif olunan istiqrazlar bazarda mövcud digər kağızlarla müqayisədə gəlirlilik baxımından (illik 3%) investorlar üçün daha sərfəlidir. Bu baxımdan, Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının yerləşdirilməsi ilə bağlı 2009-cu ilin 16 iyun, 14 iyul və 27 iyulda tarixlərində keçirilmiş hərraclarda istiqrazlar üzrə tələb təklifi bir neçə dəfə üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR