"Bütün təhlillər onu göstərir ki, digər qonşu Türkdilli dövlətlərlə birgə yaradacağımız və inkişaf etdirəcəyimiz ortaq platformalar, göstərdiyimiz xidmətlərin maya dəyərinin daha da aşağı salınmasına, göstərilən xidmətlərin çeşidinin daha da genişləndirilməsi üçün mühüm şərait yaradacaq və imkanlar verəcək".
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da çıxışı zamanı bildirib.
"Biz Azərbaycan bank sektoru olaraq, biz əldə etdiyimiz nailiyyətlər, əldə etdiyimiz gəlirlərin əhəmiyyətli hissəsini məhz müştərilərimizə göstərdiyimiz xidmətlərin maya dəyərinin aşağı salınması və qiymətlərin aşağı salınması istiqamətində istifadə etməkdəyik.
Bu ilin mart ayından başlayaraq interçeync (interchange) xidmətləri üzrə tarifin aşağı salınması, qarşıdakı dövrdə bundan irəli gələrək daha da həm təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu kart biznesinin inkişafına mane olan müxtəlif amillərin ortadan qaldırılması üçün əlavə tənzimləyici tədbirlərin də tətbiq edilməsini düşünürük. Bu limitlərin təyin edilməsi, kart sahələri üzrə olan limitlərin təyin edilməsi, gündəlik əməliyyatlar, varlıq əməliyyatları üzrə tətbiq edəcəyimiz müxtəlif limitlər, düşünürük ki, kart istifadəçilərinin həm təhlükəsizliyinin artırılmasına, həm bu sahədə olan problemlərin aradan qaldırılmasına mühüm töhfə verəcək", - deyə o vurğulayıb.
O həmçinin qeyd edib ki, ani ödənişlər sisteminin və QR-kod sisteminin tətbiq edilməsi ilə həm müştərilərə verilən xidmətlərinin maya dəyərinin aşağı salınmasına mühüm töhfə verəcək. Bank sektoru bunun öz üzərinə düşən məsuliyyətini çox yaxşı dərk edir:
"Artıq sistemin tətbiqə başlamasından keçən az bir dövr ərzində 50%-ə yaxın nailiyyət əldə edilib. Bu nailiyyət ilin sonuna qədər də əhəmiyyətli töhfələr verəcək.
Bu, qeyd etdiyim kimi, həm təhlükəsizlik, həm də göstərdiyimiz xidmətlərin dəyərinin aşağı salınmasına nail olacaq və bütövlükdə iqtisadi inkişafdakı rolumuzun daha da artırılmasına bir dəstək olacaq", - deyə Zakir Nuriyev bildirib.