“Bakıda olmaqdan və “AccessBank”la Risk Paylaşımı Mexanizmi (Risk Sharing Facility) üzrə sazişi imzalamaqdan məmnunuq. Çünki bu, ölkədə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə ilk razılaşmadır”.
“APA-Economics” xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə icracı direktoru Elizabeta Falçeti (Elisabetta Falcetti) deyib.
RSF sazişinə əsasən, AYİB və AccessBank yerli şirkətlərə, kiçik və orta biznesin maliyyə resurslarına çıxışını daha da asanlaşdıracaq. İnnovasiyaların cəlbinə, investiya etməyə, ümumilikdə isə kiçik və orta biznesin böyüməsinə imkan tanıyacaq. Azərbaycan bizneslərinin maliyyələşdirilməsini artırmaqla yanaşı, bu saziş "AccessBank"a ölkə daxilində KOB-un səmərəli maliyyələşdirilməsi üçün yeni maliyyələşdirmə üsulları və nou-hau əldə etməyə imkan verəcək.
O qeyd edib ki, AYİB və AccessBank təqdim edilən kreditlərə dair riskləri bölüşmək üçün hər biri 15 milyon avroya qədər vəsait ayıracaqlar.
Elizabeta Falçeti əlavə edib ki, AYİB “AccessBank”la əməkdaşlığını davam etdirəcəyinə ümid edir: “Azərbaycanda maliyyə institutları ilə əməkdaşlığımızı şəxaləndirməkdən məmnunuq. Bu ölkədə əməkdaşlıq etdiyimiz ikinci bankdır. Bir hazırda “Access Bank”la digər məhsullar üzərində işləyirik. Ümid edirik ki, bankla bu istiqamətdə digər bir saziş imzalayacağıq”.
Xatırladaq ki, RSF AYİB regionlarında özəl sektorun böyüməsinə və inkişafına həsr olunmuş Kiçik Biznes Təşəbbüsü daxilində strateji çərçivədir. RSF Banka dövriyyə kapitalına ehtiyacı olan uyğun müəssisələrə tərəfdaş bankların ayırdıqlar kreditləri üzrə riski bölüşdürmək imkanı verir, bu da öz növbəsində KOB-ların böyüməsinə və daha rəqabətli olmasına kömək edir.
Bu günə qədər AYİB 42 yerli maliyyə institutu ilə əməkdaşlıq edərək, kiçik və orta müəssisələrə ümumi dəyəri 1,07 milyard avrodan çox olan 425-dən çox RSF sub-kreditinin verilməsini asanlaşdırıb.