"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin əməliyyat mənfəəti 37% azalıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin əməliyyat mənfəəti 37% azalıb
# 30 may 2024 13:53 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il ASCO-nun xalis mənfəəti əvvəlki illə müqayisədə 33.2% azalaraq 43 milyon 685 min manat təşkil edib. 2022-ci ildə şirkət 65 milyon 441 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə ASCO-nun ümumi mənfəəti 25.7% azalaraq 149 milyon manat, ümumi və inzibati xərcləri 16.8% artaraq 60 milyon 921 min manat, sosial xərcləri 10.9% artaraq 9.5 milyon manat, digər əməliyyat gəlirləri 53.8% artaraq 50 milyon 490 min manat, digər əməliyyat xərcləri isə 4.2% azalaraq 67 milyon 259 min manat təşkil edib. Ötən il dövlət şirkətinin əməliyyat mənfəəti 59 milyon 222 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 36.5% azdır.

2024-cü ilin yanvar ayının 1-nə ASCO-nun cəmi aktivləri 1 milyard 743,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 30,6% və ya 408.1 milyon manat çoxdur. Hesabat dövründə dövlət şirkətinin öhdəlikləri 89,9% və ya 145.4 milyon manat artaraq 307,1 milyon manata, cəmi kapitalı isə 22,4% və ya 262.7 milyon manat artaraq 1 milyard 436,4 milyon manat təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə ASCO-nun baş rəhbərliyi üzvlərinə əmək haqqı cədvəlinə uyğun olaraq 874 min manat əmək haqqı və digər mükafatlar qismində vəsait ödənib. Dövlət şirkətinin baş rəhbərliyinə ödənən vəsait əvvəlki illə müqayisədə 27,6% artıb. Xatırladaq ki, ASCO-nun baş rəhbərliyinə şirkətin sədri və 8 müavini daxildir.

Əlavə edək ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR