“Naxçıvan Bank” ASC-nin kredit portfelinin bir hissəsi “Kapital Bank”a ötürülüb.
“APA-Economics” xəbər verir ki, bununla bağlı “Naxçıvan Bank”ın müştərilərinə SMS bildiriş göndərilib.
Qeyd edilib ki, dekabrın 4-dən etibarən bankın müştərilərin kredit müqaviləsinin şərtləri dəyişmədən “Kapital Bank”a ötürülür. Müştərilər kredit ödənişlərini “Kapital Bank”a ödəməli olacaqlar.
Məsələ ilə bağlı “Kapital Bank”dan “APA-Economics”ə bildirilib ki, söhbət bankın tam kredit portfelindən getmir: "Bu günə “Naxçıvan Bank”ın istehlak kreditlərinin yalnız bir hissəsi “Kapital Bank”a ötürülüb".
Qeyd edək ki, sonuncu, yəni 2023-cü ilin III rübünün maliyyə nəticələrinə əsasən, “Naxçıvan Bank”ın müştərilərə verilən istehlak kreditlərinin həcmi 100 milyon manata yaxın olub.