Roland Prays: Azərbaycanla yeni ölkə tərəfdaşlığı çərçivəsini müəyyənləşdiririk - EKSKLÜZİV

Roland Prays: Azərbaycanla yeni ölkə tərəfdaşlığı çərçivəsini müəyyənləşdiririk - EKSKLÜZİV
# 27 fevral 2024 12:25 (UTC +04:00)

Cənubi Qafqazda regional kommunikasiyaların bərpası regionlararası və ölkələrarası ticarətin inkişafında mühüm rol oynaya bilər.
Bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays APA-nın Gürcüstan bürosuna deyib.

O, Ermənistanın da Orta Dəhlizin bir parçası ola biləcəyini, dəhlizin regional iqtisadi inkişaf naminə bütün ölkələrin bir araya gətirilməsi baxımından real fürsət olacağını qeyd edib: “Bu cür təbiətə malik dəhlizlər bazarlarla yanaşı, insanları əlaqələndirir, körpüyə çevrilir. Biz bunu yalnız Asiya və Avropa arasında deyil, həm də region daxilində baş verəcəyini nəzərdə tuturuq. Düşünürəm ki, Dünya Bankının araşdırmasının əsas və maraqlı qənaətlərindən biri Orta Dəhlizin təşəkkülü ilə regiondaxili ticarətin maksimallaşdırıla biləcəyidir. Azərbaycan, Ermənistan və Türkiyə dəhlizin bir parçası ola biləcək oyunçulardır. Biz Orta Dəhlizi regional inkişaf, regionlararası iqtisadi inkişaf naminə bütün regionun bir araya gətirilməsi baxımından real fürsət kimi görürük”.

Rolande Prays Azərbaycanın Orta Dəhlizin reallaşdırılması baxımından zəruri ölkə olduğunu, bu istiqamətdə kollektiv fəaliyyətin dəhlizi daha dayanıqlı edəcəyini əlavə edib: “Bu gün Orta Dəhlizin potensialının üzə çıxarılması ilə bağlı hesabatı təqdim edəcəyik. Bu hesabat Orta Dəhlizin tərkib hissəsi olan üç ölkəyə - Gürcüstan, Azərbaycan və Qazaxıstana fokuslanır. Gürcüstanın Qara Dənizə, Avropa istiqamətində çıxışı var, Azərbaycan isə Qazaxıstanla birlikdə Xəzərin sahilində yerləşir. Bu ölkələrin hər biri Asiya ilə Avropa arasındakı quru körpüsü olan Orta Dəhlizin reallaşdırılması baxımından zəruri oyunçulardır. Əgər onlar bu istiqamətdə kollektiv fəaliyyət qərarı versələr, dəhliz uğurlu və dayanıqlı olacaq. Bu baxımdan əlbəttə ki, Azərbaycanın iştirakı zəruridir”.

Regional direktor Dünya Bankının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərində iştirakı ilə hələlik qərar qəbul edilmədiyini qeyd edib: “Qeyd etmək istəyirəm ki, biz hazırda Azərbaycanla birgə işimizi yenidən canlandırırıq. Bilirsiniz ki, biz ölkədə əvvəllər aktiv işləmişik, indi isə yeni investisiyalar və yeni potensial istiqamətlər axtarışındayıq. Biz o sahələrdə işləyirik ki, Bank və Azərbaycan hökuməti həmin sahələrin aktuallığı barədə razılaşsınlar və həmin sahələrin bizim dəstəyimizə ehtiyacı olsun. Biz hazırda Bankın ölkəyə ən yaxşı şəkildə dəstək verə biləcəyi istiqamətlər üzrə hökumətlə müzakirələrimizi davam etdiririk və yekun qərar hələ qəbul edilməyib. Bu qərar hazırda hazırlamaqda olduğumuz və Bankın layihə portfelini və hökumətlə əməkdaşlıq istiqamətlərini əhatə edəcək Ölkə ilə Tərəfdaşlıq üzrə Çərçivə Sənədində əksini tapacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR