Rusiya Mərkəzi Bankı uçot dərəcəsini qaldırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Bankı məlumat yayıb.
Rusiya Mərkəzi Bankı (RMB) uçot dərəcəsini 100 baza bəndi artıraraq 19,00%-ə çatdırıb.
Məlumata görə, bu qərar ölkədə hazırkı yüksək inflyasiya təzyiqləri ilə izah edilir.
"2024-cü ilin sonuna qədər illik inflyasiya, ehtimal ki, iyul ayı üzrə proqnozlaşdırılan 6,5-7,0% intervalını keçəcək. Daxili tələbin artımı hələ də əmtəə və xidmətlərin təklifini genişləndirmək imkanlarını əhəmiyyətli dərəcədə üstələyir. Dezinflyasiya prosesini bərpa etmək, inflyasiya gözləntilərini azaltmaq və inflyasiyanın 2025-ci ildə hədəfə qaytarılmasını təmin etmək üçün pul siyasətinin daha da sərtləşdirilməsi tələb olunur. Rusiya Bankı qarşıdakı iclasında əsas faiz dərəcəsinin artırılmasına açıqdır. Rusiya Bankının proqnozuna görə, pul siyasətinin mövqeyini nəzərə alaraq, illik inflyasiya 2025-ci ildə 4,0-4,5%-ə qədər azalacaq və 4%-ə yaxın qalacaq" - Bankın açıqlamasında qeyd edilib.