Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Hər il Kanzas Federal Ehtiyat Bankı tərəfindən “Cekson-Houl”da təşkil olunan , iqtisadçılar və dünya mərkəzi banklarının nümayəndələrinin çoxdan gözlənilən illik simpoziumu bu gün başlayır və şənbə gününə qədər davam edəcək.
“APA-Economics” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, konfransda Canet Yellen və digər mərkəzi bank rəhbərlərinin çıxış edəcək.
Bu çıxışların nəticəsi olaraq uzunmüddətli faiz dərəcələri üzrə investorların gözləntilərinin dəyişəcəyi və bunun yaxın həftələrdə bazara təsir edəcəyi bildirilir.
Federal Ehtiyat Sisteminin rəhbəri Canet Yellenin çıxışı sabaha planlaşdırılıb. Maliyyə bazarları ondan Federal Ehtiyat Sisteminin siyasətinin perspektivləri barədə siqnallar gözləyirlər.
“Alfa Kapital” şirkətinin analitiki Andrey Şenk bildirib ki, FES rəhbərinin çıxışının əsas mövzusu monetar siyasətin alətləri olacaq. Onun fikrincə, monetar siyasətin və onun məqsədləri aydın təyin olmadan səmərəsiz olur. A.Şenk deyib ki, hələlik mərkəzi banklar tərəfindən aparılan stimullaşdırıcı tədbirlər arzu olunan effekti vermir: “Dünyada inflyasiya aşağı olaraq qalır, iqtisadi artım tempi isə zəifləyir. Eyni zamanda, hazırda mövcud durumdan imtina edilməsi və daha sərt monetar siyasətə keçid də mümkün deyil. Çünki, bu addım bazarda şoka səbəb olacaq ki, bu da vəziyyəti daha da dərinləşdirəcək. Dünya iqtisadiyyatının keçdiyi yeni şəraitdə faiz dərəcələri aşağı olaraq qalacaq”.
İnvestorlar indiki şəraitdə uzunmüddətli ideyaların dəyişməyəcəyini bəyan edir: “İnkişaf etməkdə olan bazarlarda keyfiyyətli səhmləri, həmçinin inkişaf etməkdə olan bazarların səhmləri prioritet olaraq qalır. Portfelin şaxələndirilməsi qismində isə bizə qızıl maraqlı gəlir”.
“Robobank” şirkətinin analitiki Maykl Evei kimi bir çox analitiklər ehtimal edir ki, FES artıq etiraf etməlidir ki, bu il pul-kredit siyasəti sərtləşdirilməyəcək.
HSBC bankının hesabatında isə deyilir ki, əgər ABŞ Mərkəzi Bankının rəhbəri növbəti faiz dərəcəsinin artımı üçün müvəqqəti çərçivələri müəyyən etməsə, C.Yellenin şərhləri bazar gözləntilərini dəyişməyəcək.
“Citi bank”ın analitikləri isə hesab edirlər ki, əgər C. Yellen 2016-cı ildə faiz dərəcələrinin artımı ilə bağlı hər hansı bir siqnal verərsə, inkişafda olan bazarlar yenidən artıma görə lider olacaqlar.
Ancaq bununla belə başqa mövqelər də mövcuddur. UBS analitik şirkətinin ABŞ üzrə baş iqtisadçısı Dryu Meytus hesab edir ki, bu dəfə faiz dərəcələrinin artımına hazırlıqla bağlı siqnal veriləcək: “Gözləyirik ki, C. Yellen proqnozlarında olduqca optimist olacaq”.
ABŞ-ın Kolumbiya Universitetinin iqtisadçısı Maykl Vudvord isə hesab edir ki, faiz dərəcələrinin sentyabrda artacağı ilə bağlı imkanlar olsa belə, C. Yellen FES-in bunu etməyə hazır olduğu ilə bağlı dəqiq siqnal verməyəcək.