Türkiyənin “Ziraat Bankası” 1 mlrd. 440 mln. dollar məbləğində sindikatlaşdırılmış kredit cəlb edib.
“APA-Economics” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 ölkə üzrə 44 bankdan cəlb olunan kredit 452 mln. dollar və 797 mln. avrodan ibarətdir.
Bankın Xəzinə İdarəçiliyi və Beynəlxalq Bankçılıq departamentinin baş direktoru Bilgehan Kurunun sözlərinə görə, bank 2013-cü ildə cəlb etdiyi 700 mln. dollar sindikatlaşdırılmış krediti ikiqat artırıb. “Bu kredit Türkiyə tarixində bir bank tərəfindən cəlb olunan ən böyük həcmli sindikatlaşdırılmış kreditdir. 2017-ci ildə Türkiyədə 7,4% iqtisadi artım olduğundan ölkə iqtisadiyyatının bundan sonra daha da güclənməsi üçün “Ziraat Bankası” olaraq real sektora dəstəyimizi davam etdirəcəyik. Bundan başqa, xarici ticarət əməliyyatlarını da son beş ildə dördqat artırmışıq. Cəlb etdiyimiz sindikatlaşdırılmış kreditlə xarici ticarət əməliyyatlarında da artımı davam etdirəcəyik.
Qeyd edək ki, Türkiyənin "Ziraat Bankası" 2014-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkədə "Ziraat Bank Azərbaycan” ASC törəmə strukturu vasitəsilə bank fəaliyyəti göstərmək üçün lisenziya alıb. "Ziraat Bank Azərbaycan"ın səhmlərinin 99,98%-i "Ziraat Bankası"nın payına düşür.