Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin iyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 11 639 sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan (İSB) "APA-Economics"ə verilən xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 4,2 mln. manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 79,8%-i yaşayış evləri və mənzillər, 0,4%-i inzibati binalar, 19,8%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 14%, sığorta haqlarının məbləğində isə 17% azalma müşahidə edilib.
İyun ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 310, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanıb.
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 22 680 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 7 194 manat təşkil edib.