Bank Of Baku

Nazir: “Misirlə turizm sahəsində əlaqələrinin genişlənməsində birbaşa aviareysin açılması məqsədəuyğundur”

Nazir: “Misirlə turizm sahəsində əlaqələrinin genişlənməsində birbaşa aviareysin açılması məqsədəuyğundur”
# 31 mart 2018 08:54 (UTC +04:00)

Martın 30-da İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Adel İbrahimlə görüşüb.

 

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, Səfir təyin olunması münasibəti ilə Adel İbrahimi təbrik edən İqtisadiyyat naziri ona Azərbaycanda diPlomatik fəaliyyətində uğurlar arzulayıb.

 

Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Misir Ərəb Respublikasına səfərlərini vurğulayan Ş. Mustafayev keçirilən görüşlərin, aparılan danışıqların ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini diqqətə çatdırıb.

 

İqtisadiyyat naziri Misirlə əlaqələrin inkişafına böyük önəm verildiyini, Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyinin məhz Misirdə açıldığını, Azərbaycanın Misirlə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını qeyd edib. Ş. Mustafayev bildirib ki, bu ilin fevralında Misirin Qahirə şəhərində Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib və ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb. Ölkələrimiz energetika, ticarət, təhsil, əczaçılıq və s. sahələrdə əməkdaşlıq edir. Əməkdaşlığın inkişafı üçün potensialı vurğulayan nazir Misirlə turizm sahəsində əlaqələrinin genişlənməsində birbaşa aviareysin açılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri,  Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Sahar Nasrın Azərbaycana dəvət olunub və səfər çərçivəsində biznes forumun təşkilinin iş adamları arasında əlaqələrin genişlənməsində əhəmiyyətli olacaq.

 

Görüşdə İqtisadiyyat naziri Ş. Mustafayev Misir tərəfinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.

 

Misir Ərəb Respublikasının  Azərbaycandakı səfiri Adel İbrahim ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, Azərbaycanın və Misirin biznes dairələri arasında əlaqələrin genişlənməsində biznes forum, işgüzar görüş və digər formatlı tədbirlərin önəmini qeyd edib, Səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsinə səy göstərəcəyini vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR