Bakı-APA-Economics. Vergilər Nazirliyində cari ilin ilk altı ayının nəticələrinə həsr edilmiş kollegiya iclası keçirilib. APA-Economicsin Vergilər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iclasda çıxış edən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, yaranmış yeni iqtisadi şəraitdə ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün bir sıra islahatların aparılmasını zəruri edib.
İclasda qeyd olunub ki, 2016-cı ilin birinci yarım illiyində dövlət büdcəsinə 3 milyard 190.1 milyon manat vəsait toplanaraq proqnoza 102 faiz əməl edilib. Bu vergilərin 929 milyon manatı və ya 29,1 faizi dövlət sektorundan, 2 milyard 261,1 milyon manatı və ya 70,9 faizi qeyri-dövlət sektorundan daxil olub.
Qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə 2 milyard 495,4 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 215,1 milyon manat və ya 9,4% çoxdur. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 bənd artaraq 78,2 faiz təşkil edib.
Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi nəticəsində 2016-cı ilin birinci yarım illiyində regionlar üzrə proqnoz tapşırıqları tam həcmdə yerinə yetirilib və ümumilikdə, regionlardan vergi daxilolmaları 275,3 milyon manat təşkil edib.
Vergilər Nazirliyi tərəfindən biznes subyektlərinin fəaliyyətinə nəzarətin həyata keçirilməsi istiqamətində həyata keçirilən tədbirlərə toxunan F. Məmmədov qeyd edib ki, onun ötən ilin noyabr ayından kiçik sahibkarlıq subyektlərində vergi yoxlamalarının dayandırılması barədəki əmrindən sonra cari ilin 6 ayı ərzində ümumilikdə vergi nəzarəti tədbirlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, o cümlədən səyyar vergi yoxlamalarının sayı 2 dəfə, kameral vergi yoxlamalarının sayı 2,6 dəfə, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 7,4 dəfə azalıb.
Kollegiya iclasında vergilər nazirinin müavini İlkin Vəliyev əlavə vergi mənbələrinin müəyyən olunması, vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədov və Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi Natiq Şirinov mövcud vergi potensialının tam həcmdə vergiyə cəlb edilməsi, bu sahədə şəffaflığın təmin olunması ilə bağlı görülən işlər barədə məruzələrlə çıxış ediblər.