Yanvar ayında bank sektorunun aktivləri 7 faizdən çox artıb

Yanvar ayında bank sektorunun aktivləri 7 faizdən çox artıb
# 27 fevral 2024 14:48 (UTC +04:00)

Azərbaycanın bank sektorunun aktivləri bu ilin yanvar ayında 49 mlrd. 296.8 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,5% çoxdur.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu dövrdə sektorun cəmi öhdəlikləri 0,1% artaraq 43 mlrd. 144.4 mln. manata, balans kapitalı isə 1,5% artaraq 6 mlrd. 152.4 mln. manata yüksəlib.

Yanvar ayında bankların kredit portfeli 1.7% və ya 383.4 mln. manat artaraq 23,566.4 mln. manata çatıb. Kredit portfelinin 54.8%-ni (12,912.9 mln. manat) biznes kreditləri, 29.7%-ni (7,008 mln. manat) istehlak kreditləri, 15.5%-ni (3,645.5 mln. manat) ipoteka kreditləri təşkil edib. Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 296.1 mln. manat (+2.3%), 71 mln. manat (+1%) və 16.3 mln. manat (+0.4%) artıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1% bəndi azalaraq 1.9% təşkil edib.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.1%-i və ya 34,995.4 mln. manat. Depozit portfelinin 63.3%-i (22,164.2 mln. manat) hüquqi şəxslərin, 36.7%-i (12,831.2 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

2024-cü ilin yanvar ayında fiziki şəxslərin əmanətləri 2% və ya 249.1 mln manat artaraq 12,831.2 mln. manat təşkil edib. Fiziki şəxslərin əmanət portfelinin 55.4%-i (7,113.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,499.8 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 79%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR