Nazirlik vergi ödəyicilərinin bank hesablarından çıxarılmış vəsaitləri təhlil edəcək - MÜSAHİBƏ

nazirlik vergi odeyicilerinin bank hesablarindan cixarilmis vesaitleri tehlil edecek musahibe

Vergilər Nazirliyinin Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru Toğrul Quliyevin "APA-Economics"ə müsahibəsi:

 

- Məlum olduğu kimi, 16 dekabr 2016-cı il tarixdə "Nağdsız hesablaşmalar haqqında" qanun təsdiq edilib. Bu qanunun tətbiqi, eyni zamanda vergi orqanları qarşısında qoyulan yeni vəzifələrlə bağlı oxucularımıza məlumat verməyinizi xahiş edirik.

 

- "Nağdsız hesablaşmalar haqqında" qanunun qəbul edilməsi vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi, vergiyə cəlb edilən dövriyyənin vergi hesabatlarında dəqiq əks etdirilməsi, vergidən yayınma hallarının qarşısının alınması istiqamətində atılmış çox mühüm bir addımdır və şəffaflığın təmin olunmasının əsas şərtlərindən biridir.


Qanunun 3.4-cü maddəsinə əsasən, vergilərin, gömrük rüsumlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının, faizlərin, sığorta ödənişlərinin, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqlarının (o cümlədən: işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım və müavinətlərin (o cümlədən birdəfəlik müavinətlər), kompensasiya və təzminatların, stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsinin, faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılmasının, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinin (xərclənməsi), təhsil haqlarının ödənilməsinin, turagentlərə ödəmələrin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub.

Göründüyü kimi, qanunun əhatə dairəsi kifayət qədər genişdir. Bu səbəbdən, həmin vergi ödəyicilərinin qanunvericiliyin tələblərinə düzgün əməl etməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən sığorta, lizinq, təhsil müəssisələri və turagentlərin siyahısı müəyyən edilərək onlara izahlı bildirişlər göndərilib, görüşlər keçirilərək qanunun tələbləri həmin vergi ödəyicilərinə izah edilib. Təbii ki, Vergilər Nazirliyi təkcə maarifləndirmə və məlumatlandırma işi ilə kifayətlənmir, eyni zamanda həmin vergi ödəyicilərində ödənişləri nağdsız qaydada qəbul etmək üçün müvafiq infrastrukturun yaradılması işində zəruri dəstək göstərir, olmadığı təqdirdə bank hesablarının açılması, POS-terminalların və digər ödəniş vasitələrinin quraşdırılması üçün onlara lazımi köməklik göstərir.

 

- Vergilər Nazirliyi tərəfindən sözügedən qanunun tələblərinə əməl edilməsinə nəzarət etmək məqsədilə hansı addımlar atılır?

 

- Biz artıq müəyyən tədbirlər görməyə başlamışıq. Belə ki, yaxın vaxtlarda vergi ödəyicilərinin bank hesablarından çıxarılmış vəsaitlərin məbləği, sığorta əməliyyatları, kommunal xidmətlər göstərən təşkilatların fəaliyyəti və digər əlaqəli məlumatlar əldə ediləcək, riskli vergi ödəyiciləri müəyyən olunaraq onlarla fərdi qaydada işlər aparılacaq. Məlum olduğu kimi, vergi sisteminə yoxlama və nəzarət tədbirləri risk modelləri əsasında təyin edilir. Yəni müəyyən məlumatlar əsasında riskli vergi ödəyiciləri müəyyən edilir və riskin səviyyəsinə uyğun olaraq, nəzarət tədbiri həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, vergi ödəyiciləri tərəfindən bank hesablarından nağd şəkildə çıxarılan vəsaitlərdən banklar tərəfindən 1% dərəcə ilə vergi tutulur və bu barədə vergi orqanlarına hesabat təqdim edilir. Həmin hesabatlarda vergi ödəyiciləri tərəfindən nağdlaşdırılmış vəsaitin məbləğinə baxılacaq, əgər bu məbləğ risk yaradırsa, belə halda həmin ödəyicilər tərəfindən qanunun tələblərinə əməl edilib-edilməməsini yoxlamaq məqsədilə onların fəaliyyəti  xüsusi nəzarətə götürüləcək.


Qanunun tələblərinə əməl olunmasına nəzarətin təmin edilməsi məqsədilə Vergi Məcəlləsinə də müvafiq əlavələr edilib. Belə ki, Vergi Məcəlləsinin 50-ci maddəsinə edilmiş əlavə ilə nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarət edilməsi operativ vergi nəzarəti ilə əhatə olunan məsələlərin dairəsinə daxil edilib. Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada aparılmasına görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə isə 40%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

- Qanunla müəyyən kateqoriyalara aid vergi ödəyiciləri üzrə nağd hesablaşmaların məbləğinə məhdudiyyətlər müəyyənləşdirilib. Bu məhdudiyyətlər hansı kateqoriyadan olan vergi ödəyicilərini əhatə edir?

 

- Qanuna əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200

000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Burada bir məqama diqqət yetirmək lazımdır ki, məhdudlaşdırılmış məbləğ yalnız təqvim ayı üçün, yəni ilin hər bir ayının 1-dən sonunadək olan müddət üzrə nəzərdə tutulub. Qanunun bu maddəsində göstərilən məhdudiyyət çərçivəsində xərcləmələrə vergi ödəyiciləri xüsusi diqqət yetirməlidirlər.

Qanunun bu maddəsi ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvar ayının 1-dən tətbiq edilir, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci ilin aprel ayının 1-dən qüvvəyə minəcək.

 

- Elə kateqoriya, məsələn, şadlıq evlərinin fəaliyyəti, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri var ki, onların məsrəflərinin böyük bir hissəsini kənd təsərrüfatı məhsullarının alınmasına çəkilən xərclər təşkil edir. Bu məhsulların əsasən vergi ödəyicisi olmayan fiziki şəxslərdən alındığını nəzərə alsaq, nağd hesablaşmalarla aparılan əməliyyatların məbləğinə qoyulan bu məhdudiyyət həmin vergi ödəyicilərinin maraqlarına toxunmurmu?

 

- Qanunun 3.5-ci maddəsi ilə məbləğinə heç bir məhdudiyyət qoyulmadan vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilən malların siyahısı müəyyən edilib. Kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının alınması həmin siyahıya daxildir. Bununla da nağd hesablaşmalarla aparılan əməliyyatların məbləğinə qoyulan məhdudiyyət sualınızda qeyd olunan vergi ödəyicilərinin fəaliyyətini məhdudlaşdırmır və onların maraqlarına toxunmur.

 

- Bəs qanunun tələblərinə əməl edilməsi üçün vergi ödəyicilərindən nə tələb olunur?

 

- Buna qədər biz vergi ödəyicilərinin alacaqları mal, iş və xidmətlərə görə ödənişlərin nağdsız qaydada aparılması barədə danışdıq. Bunun üçün təbii ki, vergi ödəyicisinin bank hesabı olmalıdır. Qanunla, həmçinin, bir sıra fəaliyyət növü ilə məşğul olan şəxslərin həmin xidmətləri nağd qaydada göstərməsinə də məhdudiyyət qoyulub: məsələn, turagentlər və ya təhsil müəssisələri. Turagentlər təqdim etdikləri turların dəyərinin nağdsız qaydada ödənilməsini təmin etməlidirlər. Bunun üçün onlarda bank hesabı, POS-terminal olmalı, digər ödəniş vasitələrindən istifadə edilməlidir. Eyni məsələ təhsil müəssisələrinə də aiddir. Ödənilən təhsil haqları mütləq nağdsız qaydada aparılmalıdır. Əvvəldə də qeyd etdiyim kimi, bununla əlaqədar müvafiq fəaliyyət sahələri ilə məşğul olan vergi ödəyicilərinin məlumatlandırılması təmin edilib. Əlaqəli məlumatlar əsasında həmin vergi ödəyicilərinin fəaliyyətinə nəzarət təmin olunacaq.

 

- 2017-ci il yanvarın 1-dən qüvvədə olan Vergi Məcəlləsinə əsasən mallar, işlər, xidmətlər yalnız ciddi hesabat blankları vasitəsilə alınmalıdır. Bu barədə nə demək istəyərdiniz?

 

- Əvvəlcə onu qeyd etmək istəyirəm ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq hər bir vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə bu məsələlərə daha da aydınlıq gətirildi. Qanunun tələbini pozan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi də Vergi Məcəlləsində nəzərdə tutulub. Belə ki, hər bir vergi ödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı qaimə-faktura və ya elektron qaimə-faktura verməyə borcludur. Məlum olduğu kimi, gəlir və xərclərin, həmçinin vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınmaya gətirib çıxarır. Bu cür halların qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərlə məsuliyyət tədbirləri nəzərdə tutulub. Belə ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsindən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə isə 40%-i miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulub. Odur ki, maliyyə sanksiyalarına məruz qalmamaları üçün vergi ödəyicilərinə malları ciddi hesabat blankları əsasında almalarını tövsiyə edirəm.

 

Azərbaycan ərazisində malların sənədsiz satılması qanuna ziddir. Hər bir mal ya ölkədə istehsal olunur, ya da xaricdən idxal olunur: hər iki halda onlar qanunamüvafiq qaydada sənədləşdirilməlidir. Əgər satılan malın sənədi yoxdursa, deməli, o, ölkəyə ya qaçaqmal kimi gətirilib, ya da qanunsuz istehsala aiddir. Bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır.

 

- Son olaraq oxuculara daha nə demək istəyərdiniz?

 

- Oxucularımızın diqqətinə bir daha çatdırmaq istərdim ki, qanuna əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları yalnız nağdsız qaydada həyata keçirilməlidir. Muzdla çalışan işçilər işəgötürənlər tərəfindən onlara əmək haqlarının nağdsız qaydada, plastik kartlar vasitəsilə verilməsini tələb etməlidirlər. Vergilər Nazirliyi, təbii ki, qanunun tələblərinə ciddi əməl edilməsi üçün vergi ödəyicilərinə nəzarəti həyata keçirəcək.


Vergi qanunvericiliyində edilən dəyişikliklər, eləcə də "Nağdsız hesablaşmalar haqqında" Qanunun tətbiqi vergi ödəyiciləri üçün geniş imkanlar açmaqla bərabər, onlar tərəfindən uçotun düzgün aparılması, nağdsız hesablaşmalara üstünlük verilməsi kimi öhdəliklər qoyur. Bizim də vergi ödəyicilərindən xahişimiz odur ki, qanunun tələblərinə düzgün əməl etsinlər, alınan malların müqabilində onlara sənəd təqdim olunmadıqda mütləq Vergilər Nazirliyinə məlumat versinlər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:09 25 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub
    Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdi...
  • istanbul metrosunda yangin olub
    İstanbul metrosunda yanğın olub
istanbul metrosunda yangin olub istanbul metrosunda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ