Rusiya Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun “Rusiya Azərbaycanın ortağıdır və Ermənistanın ərazi bütövlüyünü təhdid edir” bəyanatına münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Fransa Prezidentini xəyalpərəst adlandırıb.
“Makron xəyalpərəstdir, başqa nə deyə bilərəm?! Bunları demək üçün ancaq gərək zəngin fantaziyaya malik olasan. Ümumiyyətlə söhbətin nədən getdiyi aydın deyil. Ərazi bütövlüyü ilə bağlı mümkündür ki, Fransa Prezidenti heç kəsin bilmədiyini bilir. İstərdik ki, o, bizimlə baxışlarını bölüşsün. Biz də başa düşək ki, o, nə demək istəyib. Bəlkə, doğurdan da biz nəyisə bilmirik. O zaman sadəcə olaraq xəbərdarlıq etmək istəyirəm ki, bunu Makrondan və ya bunu ona yazandan başqa heç kim bilmir”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova Makronun bu cür bəyanatlarla baş verənlərin mexanikasını açdığını söyləyib.
"Biz indiyə kimi deyirdik ki, rəsmi İrəvan öz məsuliyyətinin başqalarının üzərinə atmaq istəyir. İndi isə bunu onlara kimin təhrik etdiyini görürük. Biz Fransa hakimiyyətinin bu cür gedişlərini yaxşı bilirik. Buna yaxşı nümunə Afrika qitəsidir. Fransa hakimiyyətinin bu təxribatçı leksikası və fəaliyyəti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə qərəzli yanaşmasında da görünür. Nə vaxt ki onlar vasitəçi kimi deyil, istisnasız olaraq öz siyasi maraqlarından çıxış edirlər”, - Rusiya XİN sözçüsü vurğulayıb.