Qazaxıstanın mədəniyyət naziri: Azərbaycanla təcrübə mübadiləsi aparmaq çox vacibdir

Qazaxıstanın mədəniyyət naziri: Azərbaycanla təcrübə mübadiləsi aparmaq çox vacibdir
# 04 dekabr 2023 18:34 (UTC +04:00)

"Media nümayəndələrinin Mədəniyyət Günlərində aktiv iştirakı fonunda biz görürük ki, ölkələrimiz arasında çox sıx qarşılıqlı əlaqələr mövcuddur. Mən sizin simanızda bütün Azərbaycan xalqını ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik etmək istəyirəm”.

APA xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət naziri Aida Balayeva ölkəmizdə keçirilən Qazaxıstan Mədəniyyət Günlərində çərçivəsində keçirilən qala konsert zamanı deyib.

Xalqlarımızı bizim ümumi tariximizin birləşdirdiyini nəzərə alaraq deyə bilərəm ki, xalqlarımız hər zaman bir birinin qələbəsinə səmimi qəlbdən sevinib, ən çətin vaxtlarda bir-birini dəstəkləyib. Bu gün bizim dil və mədəniyyət yaxınlığımız qarşılıqlı əlaqələrin bütün istiqamətlərdə, hər bir sahədə daha da inkişaf etdirilməsinə imkan verir. Prezidentlərimizin razılaşmasına əsasən, hazırda Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçirilir. Gələn il Qazaxıstanda Azərbaycan Günləri təşkil ediləcək. Bu da öz növbəsində ölkələrimizin mədəni-humanitar sahədə qarşılıqlı əlaqələrinə yeni impuls verəcək”.

Nazir bugünkü qala konsertdə ölkəsinin ən yaxşı kollektivlərinin və ifaçılarının çıxış edəcəyini bildirib, incəsənət xadimlərinin sərgisinin göstəriləcəyini əlavə edib.

“Bu günlərdə keçirilən tədbirlər bir-birimizi daha yaxından tanımağa şərait yaratdı. Həmçinin, mən bu gün Prezident Administrasiyası səviyyəsində və həmkarım mədəniyyət naziri ilə görüş keçirdim. Biz mədəni - humanitar sahədə əməkdaşlığa dair konkret addımlar planını müzakirə etdik. Burada söhbət təkcə mədəni tədbirlərin, media tədbirlərinin təşkilindən getmir, həmçinin biz muzey işinin təşkilində təcrübə mübadiləsi barədə danışdıq, kitabxana, kinematoqrafiya sahəsində də əməkdaşlığı müzakirə etdik. Əməkdaşlarımızın bilik və bacarıqlarını artırmaq, təcrübə mübadiləsi aparmaq çox vacibdir. Mən düşünürəm ki, gələn ildən etibarən bizim əməkdaşlığımızın daha səmərəli bir dövrü başlayacaq. Görürük ki, artıq konkret planlar var, ölkələrimizin müxtəlif kollektivləri və dövlət qurumları tərəfindən təşkil edilən görüşlər zamanı biz təkcə nailiyyətləri deyil, mədəniyyət və informasiya sahəsində olan müxtəlif problemli məsələlərin də həlli istiqamətində müzakirələr aparacağıq", - deyə nazir əlavə edib.

Nazir sonda qardaş Azərbaycan xalqına çiçəklənmə, rifah arzulayıb:

"Azərbaycanlıların bütün arzularının həyata keçməsini arzu edirəm. Biz hər zaman sizin uğurlarınıza sevinəcək və qürur duyacağıq".

Nihat PİR

Hacı CAVADOV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR