Qətərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır

Qətərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır
# 28 sentyabr 2023 09:23 (UTC +04:00)

Qətərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, bu barədə Qədər Dövlətinin Mədəniyyət Nazirliyində bu ölkənin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani ilə mədəniyyət naziri Adil Kərimlinin görüşü zamanı bildirilib.

Nümayəndə heyətini salamlayan Şeyx Əbdülrəhman bin Həməd əl-Tani iki ölkə arasında mədəni əlaqələrdən söz açıb, münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, mədəniyyət və informasiya sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.

Qətərli nazir Azərbaycanda olduğunu, ölkəmizin mədəniyyətini, insanlarını, mətbəxini sevdiyini bildirib. O, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin, eləcə də muzey sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Nazir Adil Kərimli səmimi qəbula, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinə göstərilən xüsusi diqqətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, dövlət başçılarımızın dostluq münasibətləri, digər sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişafına zəmin yaradıb. Görüşdə Qətərin mədəniyyət naziri bu ilin noyabrında Bakıda keçiriləcək beynəlxalq kitab sərgisinə və 2024-cü ildə paytaxtımızda təşkil olunacaq VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna da dəvət edib dəvət edilib.

Bu il Qətərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin planlaşdırıldığı və tədbirin təqviminin və proqramının dəqiqləşdirilməsi üzərində iş aparıldığı diqqətə çatdırılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirlinin nümayəndə heyəti 25-26 sentyabr tarixlərində Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR