Akif Məlikov: “60 yaşında Məcnun, 55 yaşında Leyli ola bilməz” - MÜSAHİBƏ

akif melikov 60 yasinda mecnun 55 yasinda leyli ola bilmez musahibe

Teatr mühitində qalmaqallar tez-tez olur. Yaradıcı, iddialı insanlar bir dam altında çalışırsa, bu söz-söhbətlərdən qaçmaq mümkün deyil. Və bu, 50 il əvvəl də belə idi, 100 il bundan sonra da belə olacaq. Dünya teatr tarixi, dünya niyə, elə bizim teatr tarixi hansı əlbəyaxa davaların, düşmənçiliklərin şahidi olmayıb? Teatrdan küsüb gedən, qəzəbini uda bilməyib aktyor yoldaşının vida mərasiminə qatılmayan o qədər sənətkar sayaram. Məsələn, 60-cı illərdə Opera və Balet Teatrının qapıçısı Fatma Muxtarovanı tanımayıb deyə, vaxtilə teatrın siması olan bu böyük sənətkar küsüb və and içib: mənim burdan ancaq tabutum keçəcək. Belə də olub...

 

Bizə şükür, tutalım, bir neçə il əvvəl Rusiyanın ən böyük teatrında sıravi aktyorlardan biri truppa müdirinin üzünə “kislota” atmışdı. Təsəvvür edirsinizmi?

 

Sözümü Opera və Balet Teatrına gətirmək istəyirəm. Mən bu teatrın kulis məsələlərinin, mətbəx narazılıqlarının mətbuata çıxmasının şahidi olmamışam. Ta son söz-söhbətlərə qədər. On il əvvəl olubsa da, xatırlamıram. Çox eşitmişəm ki, bunun bircə səbəbi var: 1987-ci ildən teatra rəhbərlik edən Akif Məlikovun sərt idarəçiliyi! Özü də etiraf edir: yaradıcı təşkilat olsa da, səviyyəni saxlamaq üçün teatrda “tam hərbiləşmiş şəraiti” qorumaq lazımdır.

 

Bir də Opera və Balet Teatrı mətbuatın gündəminə bəstəkar Arif Məlikovun müsahibəsindən, xalq artistləri Mədinə Əliyeva və Nəzakət Teymurovanın işdən getməsindən sonra gəldi. Teatrın direktorundan soruşası çox şey var idi.

 

- Bizim sizə çoxlu suallarımız var, müsahibə razılıq verməyinizi xahiş edirəm...

 

- Mən sizin bütün suallarınıza cavab verməyə hazıram....

 

Və insafən, cavab verdi də!

 

Müsahibənin bu qədər geniş alınmasının bir səbəbi mənim suallarımın çoxluğudursa, bundan daha artığı Akif Məlikovun ürəyinin dolu olmasıdır. Məncə, bu yaxşı əlamətdir. Əsas odur, ürək dolu olsun...  

 

Azərbaycan Dövlət Opera və Balet Teatrının rəhbəri APA-ya danışır...

 

 

* * *

 

 

- Akif müəllim, ötən həftə olan narazılıqları nəzərə almasaq, Opera və Balet Teatrının ətrafında yaranan qalmaqallı məsələləri xatırlamıram. Əvvəlcə, soruşmaq istəyirəm: teatrda işləriniz necədir? Hansı uğurlar, nə kimi qayğı və narahatlıqlarınız var?

 

- Hər bir ölkədə ən qabaqcıl mədəniyyət ocağı Opera və Balet Teatrıdır. Bu, bir növ həmin ölkənin mədəni barometri hesab olunur. Tutalım, İtaliya mədəniyyətindən danışanda birinci növbədə La Skala Teatrı götürülür, Fransada Qrand Opera var, amerikalılar Metropolitenlə fəxr edirlər.

 

- Ruslarda “Bolşoy Teatr”, Sankt-Peterburq Mariinski Teatr və s.

 

- Bəli. Azərbaycanın da ən qabaqcıl mədəniyyət ocağı bizim Opera və Balet Teatrıdır. Tanınmış, nüfuzlu sənətkarlar hər zaman Opera və Balet Teatrında çalışıblar. Bu gün bizim teatrın 500 nəfərdən çox əməkdaşı var. Bir neçə kollektiv fəaliyyət göstərir. Böyük simfonik orkestr, solist qrupu, muğam sektoru, balet qrupu, xor kollektivi, inzibati işçilər və s. Amma müqayisə üçün deyim ki, məsələn, sizin adını çəkdiyiniz “Bolşoy Teatr”da 7 min əməkdaş çalışır. Təsəvvür edirsinizmi? Onların yalnız balet truppası 350 nəfərdir. Hər bir mədəniyyət ocağının uğur kriteriyası var: tamaşaçı. Tamaşaçı bilet alıb gəlirsə, demək, teatr uğurla işləyir. Nə qədər desələr, bizim teatr uğurla işləyir, amma tamaşaçı gəlmir, o mifdir. Bu mənada deyim ki, uzun illərdir Opera və Balet Teatrı dövlətin bütün planlarını yüz faizlə yerinə yetirir. Bizim tamaşalara axınla gəlirlər. Tamaşaçılarımızın böyük əksəriyyəti xaricilərdir. Yəni səfirlər, diplomatik korpusun nümayəndələri, xarici təşkilatlar və s. Tamaşaçının teatra gəlməsi üçün səhnə əsərlərinin yüksək səviyyəsi olmalıdır.

 

- Xüsusən, tamaşaçılar xaricilərdirsə, onları aldatmaq mümkün deyil...

 

- Əlbəttə. Onlar dünyanı gəziblər, ən böyük teatrlarda olublar. Biz həmin tamaşaçını necə aldada bilərik?  Xatırlayırsınızsa, ABŞ-ın sabiq səfiri var idi, Enn Dörsi, o, bizim teatrın daimi tamaşaçısı idi. Xanım Dörsi Avstriyada da səfir olub. Deyirdi, inanmazdım ki, Azərbaycanda Vyana Opera Teatrı səviyyəsində teatr var. İtaliyanın ölkəmizdəki səfiri Heydər Əliyevlə görüşəndə demişdi ki, Opera və Balet Teatrının səviyyəsinə valehəm. Teatrın rəhbəri kimi hər zaman səviyyəni qoruyub-saxlamağa çalışmışam. 

 

“Mən sərt olmasaydım, burda çox böyük qalmaqallar ola bilərdi”

 

Mən rəhbər təyin olunanda məlum oldu ki, 17 il ərzində teatra bir nəfər də olsun qastrolçu dəvət olunmayıb. Özləri çıxış ediblər, oxuyublar-oynayıblar. Ən məşhur ulduzları dəvət elədim. Məsələn, Yelena Obraztsovanı, Maya Plisetskayanı ilk dəfə Azərbaycana mən dəvət etmişəm. Onların gəlişi bizim gənclər üçün master klass idi. Buna baxmayaraq, mədəniyyət işçiləri, artistlər belə düşünürlər ki, onlardan istedadlısı yoxdur. Bu problem bizdə var.

 

- Bu bütün teatrlarda, daha doğrusu, ümumən sənətdə var. Yaradıcı insan iddialı olur...

 

- Mən heç vaxt istəməmişəm ki, bu cür adamların qəlbinə dəyim. Bir də görürsən, balacaboy, şişman aktrisadır, amma səsi var. O, özünə uyğun rolda çıxış etməlidir. Amma iddia edir ki, mən Aidanı, Toskanı oxumalıyam. Çalışıram, izah edəm ki, biz dövlət təşkilatında çalışırıq və tamaşanın səviyyəsini qorumaq borcumuzdur. Bundan başqa rəhbər bəzi məsələlərdə sərt olmalıdır, qorxmamalıdır ki, hansısa ifaçı qəzetə qaçacaq, nə isə danışacaq.

 

- Teatr mühitində təxminən belə bir fikir var: Opera və Balet Teatrından söz-söhbətlər ona görə kənara çıxmır ki, əməkdaşlar Akif Məlikovdan qorxurlar...

 

- Bilirsiniz, mən sərt olmasaydım, burda çox böyük qalmaqallar ola bilərdi. Bura yaradıcı təşkilatdır, amma həmişə deyirəm ki, gərək tam hərbiləşmiş şərait olsun. Bu, mənim xəttimdir. Teatr mühiti çox çətindir. Özü də burda qısqanclıq var. Bəziləri özlərini elə aparırlar ki, yəni biz nə deyirik, elə də olmalıdır.

 

“Bura yaradıcı təşkilatdır, amma həmişə deyirəm ki, gərək tam hərbiləşmiş şərait olsun”

 

 

Ad çəkmirəm, məşhur bir xalq artistimiz burda heç kimi saymırdı. Onu dəvət etdim ki, mən, siz, teatrın xadiməsi, hamımız eyni səviyyəli adamlarıq. Amma xalq artisti adı sizə imkan vermir kiminsə haqqında nalayiq söhbətlər edəsiniz. Sözlə yola gəlməyəndə, gərək teatrdan uzaqlaşdırasan. Onda da aləm qarışır bir-birinə. Deyir, ağrıyan dişin müalicəsi yoxdursa, çəkib atmaq lazımdır.

 

- Peşəkar ifaçılarla bağlı qayğılarınız varmı?

 

- Təbii ki. Məsələn, “Aida”, “Toska” kimi məşhur əsərlər var. Bəzi tamaşaların baş ifaçıları bizdə yoxdur. Məcburam, ora ifaçı dəvət edim. “Toska”da Kavaradossimiz yoxdur. Belə baxanda Toska obrazını yüksək səviyyədə yarada bilən ifaçı yoxdur.

“Aida”da Afaq Abbasova çox yüksək səviyyədə çıxış elədi. İndiyə qədər bu səviyyədə Aida yox idi. Mən kənar ifaçıları dəvət etməyə məcburam. Özümüzdə olsa, bu qədər tez-tez dəvət etmərəm.

 

- Yəqin ki, qastrola gələn ifaçının qonorarı teatrın daxili imkanları hesabına ödənilir..

 

- Bəli, tamamilə daxili imkanlar hesabına.  

 

- Sirr deyilsə, xaricdən gələn ifaçıların qonorarı nə qədər olur?

 

- Dünyada heç bir professional direktor kimə nə qədər qonorar verdiyini demir. Kimsə deyirsə, deməli, o professional deyil. Sadəcə, onu deyə bilərəm ki, indi bir az çətindir. Çünki hər şeyin qiyməti qalxıb. Yol pulu, otel qiymətləri bahadır, çətinliklərimiz olur. Mənim qarşımda duran ən böyük vəzifə Opera və Balet Teatrını elitar teatr səviyyəsində saxlamaqdır. Mən musiqiçiyəm, ona görə də hər şeyə özüm nəzarət edirəm. Kollektiv böyükdür, mürəkkəbdir.

 

“Qarşımda duran ən böyük vəzifə Opera və Balet Teatrını elitar teatr səviyyəsində saxlamaqdır”

 

Bunu demək bəlkə də düzgün deyil, amma biz səmimi söhbət edirik. Məndən əvvəl niyə kənardan niyə ifaçılar dəvət etmirdilər? Çünki o gəlib oxuyanda bizim əməkdaşların xoşuna gəlmirdi. Yəni kənar ifaçı ifa edəndə səviyyə görsənirdi. Mən direktoru təyin olunanda burda bir qrup yaranmışdı. Deyirdilər ki, gərək heç kim dəvət olunmasın, biz özümüz oxuyaq. Konservatoriyada çalışırdım, Ukrayna Konservatoriyanın rektoru gəlmişdi. Qonaqları Opera və Balet Teatrına apardım, “Toska”ya baxdılar. Çox utandım ki, bizim Opera və Balet Teatrımız bu səviyyədədir. Birinci hissədən sonra qonaqlar dedilər, aydındır, biz gedək.

 

- Nazir Səlim Müslümovu “O olmasın, bu olsun” tamaşasında görmüşdüm. Litvalı qonaqlara Üzeyir bəydən, Azərbaycan musiqisindən danışırdı. Bu haqda yazı da yazmışdım ki, dövlət məmurunun, nazirin teatra bilet alıb getməsi, Azərbaycan mədəniyyətini təbliğ etməsi gözəl mənzərədir. Ad çəkə bilərsinizmi başqa hansı məmurlar sizin teatrın tamaşaçısıdır?

 

- Nazirlər Kabinetindən, Prezident Administrasiyasından qonaqlarımız çox olur. Səlim Müslümov operanı sevən insandır, bizim tamaşaçımızdır. Maliyyə naziri Samir Şərifov, gənclər və idman naziri Azad Rəhimov, bizim nazirimiz Əbülfəs Qarayev, səhiyyə naziri Oqtay Şirəliyev daimi tamaşaçılarımızdır. Gələndə də tək gəlmirlər, xanımları ilə bir yerdə tamaşaya baxırlar. Bundan başqa, Fatma Abdullazadə ailəsi ilə bir yerdə tamaşalarımızda iştirak edir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov xanımı ilə gəlir, tamaşalarımıza baxırlar. Elçin Əfəndiyev tez-tez tamaşaçımız olur. Mən adını çəkdiyim şəxslərin hər birinə təşəkkür edirəm ki, tədbirlər olanda qonaqlarını bizim teatra gətirirlər.

 

- Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin Əfəndiyev APA-ya müsahibəsində demişdi ki, bizdə klassik baletin problemi ondandır ki, mentalitetdə buna başqa cür baxırlar. Bəzi valideynlər özlərinə sığışdırmır, övladı çılpaq çıxıb səhnədə oynasın. Siz balet sənətinin problemləri haqqında nə düşünürsünüz?

 

- Timuçin müəllimlə razıyam, tamamilə düz deyir. Bizim balet truppamızda çox istedadlı bir qız çalışırdı. Özü də azərbaycanlı idi. Biz ona imkan yaradırdıq ki, əsas partiyaları ifa etsin. Özü də tamaşaların yaraşığı idi. Bir də gəldi ki, gedirəm? Niyə, nəyə görə? Dedi ki, bəs ərə gedirəm. Əri də istəmir, balerina kimi səhnəyə çıxsın.

 

- Ərə gedəndə bilmirdi kimə gedir?

 

- İndi seviblər də bir-birini. Bax, belə problemlərimiz var. Ona görə də bizim baletin əksər nümayəndələri başqa millətlərdən olub. Vaxt var idi, burda bütün partiyaları başqa millətlərin nümayəndələri ifa edirdi. Bizim qarşımızda dayanan əsas məsələlərdən biri o idi ki, azərbaycanlıları cəlb edək.

 

Bu problemləri yavaş-yavaş həll edirik. Məsələn, Kamilla Hüseynova kimi balerinamız var. Yeganə balerinadır, “Bolşoy Teatr”ın, Mariinski Teatrının səhnəsində oynayıb. Kamilla Hüseynova bütün tamaşalarımızın bəzəyi idi. İndi yaşı artıq 40-a çatıb. Heç bilmirəm, bu yaxınlarda beləsi olacaq, ya yox.

 

- Xalq artisti Gülağası Mirzəyev mənə bir problem haqqında danışmışdı. Deyirdi ki, əvvəlki qanuna görə artistlər 15, solistlər 20 il işləyəndən sonra pensiyaya çıxa bilərdilər. İndi isə vəziyyət fərqlidir. Balet artistləri adi vətəndaş kimi 65 yaşdan sonra pensiyaya çıxa bilər. Balet artisti 15-20 ildə bütün gücünü  xərcləyir. Onların adi vətəndaş kimi pensiyaya çıxması nə dərəcədə doğrudur?

 

- Gülağası Mirzəyev hər şeyi düz deyir, bu problem doğrudan da var. Bununla əlaqədar bizim Mədəniyyət və Turizm Nazirliyi və Həmkarlar İttifaqı Təşkilatı təkliflərini dövlətə çatdırıblar. Bu məsələyə çox ciddi baxırlar. İnanıram ki, müsbət həllini tapacaq. Çünki bizim nazir məsələ ilə ciddi məşğuldur.

 

“Bizim tamaşalara axınla gəlirlər, tamaşaçılarımızın böyük əksəriyyəti xaricilərdir”

 

Təkliflərə Nazirlər Kabinetində baxılır və məndə məlumat var ki, problem həllini tapacaq. Əlbəttə, 65 yaşında balet artisti, balerina ola bilməz.

 

- Balet və opera artistlərinin sosial problemlərinin həll olunmasında köməklik göstərə bilirsiniz?

 

- Mədəniyyət ocaqlarının içində ən çox fəxri adı alanlar Opera və Balet Teatrının artistləridir. Demək olar, qabaqcıl solistlərin hamısı ayda 500 manat prezident mükafatı alırlar. Bundan başqa, bəzi qabaqcıl solistlərimiz dövlətdən mənzil alıblar. Mən bunu başqa ölkələrdəki həmkarlarımıza deyəndə, təəccüblənirlər ki, nə gözəl, bizim ölkəmizdə bu məsələ problemdir.

 

- Teatrın təmiri ilə bağlı məsələ çoxdan müzakirə olunur. Yenilik var?

 

- Teatr sonuncu dəfə 1987-ci ildə təmir olunub. Artıq 30 ildir. Layihə hazırlanıb. Təmirdən sonra bizim çox gözəl Opera və Balet Teatrımız olacaq. Həmin layihə həyata keçsə, Avropanın ən gözəl teatrı olacaq. Sadəcə, layihəyə bəzi dəyişikliklər etdik ki, çox baha olmasın. İndi iş aparılır. Biz onu hazırlayanda dünyada və Azərbaycanda belə maliyyə sıxıntıları yox idi. Ona görə də bəzi məsələləri sadələşdirdik.

 

- Bakı Xoreoqrafiya Akademiyası ilə münasibətləriniz necədir?

 

- Xoreoqrafiya Akademiyası ilə əlaqələrimiz hər zaman sıx olub. Timuçin müəllim rəhbər təyin olunandan sonra əlaqələrimiz daha da sıxlaşıb. Ənənəvi olaraq, teatrın bədii rəhbəri balet akademiyasında da bədii rəhbər olub. İndi Kamilla Hüseynova hər iki müəssisədə bədii rəhbərdir. Bu, bizim işimizə yarayır. Çünki istedadlı gəncləri onlar teatra cəlb edirlər.

 

- Akif müəllim, Nəzakət Teymurova teatrdan niyə getdi?

 

- Nəzakət Teymurovaya bizim çox böyük hörmətimiz var. Çox ağıllı bir xanımdır, heç vaxt söz-söhbətə qarışmayıb, qeybətlə arası olmayıb. Nəzakət Teymurova hər şeyə Opera Teatrında nail olub. Özü də deyim ki, Leyli partiyasını hər zaman uğurla ifa edib. Nəzakət xanım ağıllı insandır. Qadının yaşını deməzlər, amma biz professional sənət söhbəti edirik. Bilir ki, yaş əlliyə çatır, bu yaşda da Leyli olmaz. Nəzakət xanım dərs deyir, yükü çoxdur. Mənə müraciət etdi ki, hər şeyə görə çox sağ olun, amma vaxt çatıb, gedirəm. Bəzi artistlər var, vaxtın çatdığını hiss edirlər.

Bəziləri də olur, üzrlü sayın, istəyirlər, bunları elə səhnədən aparsınlar. 60 yaşında Məcnun, 55 yaşında Leyli ola bilməz axı! Bəlkə də ola bilər, amma sənin görünüşün buna imkan verməlidir.

 

- Məsələn, Mənsum İbrahimovun yaşı 60-a çatır, amma yaxşı qalıb...

 

- Bəli, həm yaxşı qalıb, həm də yaxşı ifa edir. Ona qulaq asanlar fikirləşmir ki, qocalıb, belə Məcnun olmaz.

 

- Xalq artisti Mədinə Əliyeva Kamilla Hüseynovanın bədii rəhbər təyin olunmasına etiraz olaraq işdən gedib. Bildiyim qədər, siz ona qalıb işləməyi təklif etmisiniz...

 

- Bəli, etmişəm. Vaxt var idi, Mədinə xanım balet qrupunda yeganə azərbaycanlı solist idi. Və mən ona hər zaman dəstək vermişəm. Onu bədii rəhbər təyin etdim, deyirdi, məndən başqa gərək heç kim oynamasın. Başqaları da mənim üstümə qalxmışdılar ki, necə yəni, biz oynamayaq? Mən irad bildirəndə ərizə yazdı ki, bədii rəhbər işləməyəcəyəm. Mədinə xanım Xoreoqrafiya Akademiyasında da bədii rəhbər idi. Qısa müddət işlədi, çıxdı. Bayram günündə tamaşa olub, uşaqlar Mədinə xanımı çağırıblar işə, deyib, bayram günü məni niyə narahat edirsiniz? Necə yəni, lazımsınız, ona görə çağırıblar. Özü də kiminsə maaşını hesablamaq kimi çıxmasın, 1300 manat prezident təqaüdü alır, 1250 manat da teatrdan maaş alırdı. Biz Kamilla Hüseynovanı bədii rəhbər təyin etdik. Sizə deyim, Kamilla xanımın bütün fəxri adları var, təqaüd alır, üstəgəl, elmlər namizədidir. Balet truppasının Kamillaya münasibəti çox yüksəkdir, Xoreoqrafiya Akademiyasında da başına and içirlər. Mənə zəng vurdular ki, Mədinə Əliyeva mətbuata 15 nəfərin işdən getdiyini deyib. İnanın mənə, işdən gedənlərin hər biri öz ərizəsi ilə gedib və mənə təşəkkür ediblər ki, çox sağ olun.

 

“Mədinə Əliyevanı bədii rəhbər təyin etdim, deyirdi, məndən başqa gərək heç kim oynamasın”

 

Məsələn, Skomoroşenko Yelena və Dmitriy Tarusov ər-arvad idi, Moskvaya köçdülər. Angelina Podolskaya ABŞ-a köçüb, Veronika Arazova Moskvaya köçüb, baletlə məşğul olmur. Olqa İlyinix ailə vəziyyəti ilə bağlı Türkiyəyə gedib, İntiqam Məmmədov Gürcüstanda çalışır və s. Mən bu siyahını uzada bilərəm. Bizim hüquqşünasımız deyir, Mədinə xanımı məhkəməyə verək, çünki böhtan atıb bizə.

 

- Opera və Balet Teatrında 1250 manat maaş olduğunu bilmirdim...

 

- Deyim sizə. Rəhmətlik Heydər Əliyev ən prioritet kollektivləri saxlamaq üçün maaşları beş dəfə qaldırmışdı. O cümlədən də balet artistlərinin.

 

- Arif Məlikov sizi ittiham edib ki, onun “Məhəbbət əfsanəsi” baletini tamaşaya hazırlamırsınız. Bu haqda nə demək istərdiniz?

 

- Arif Məlikova həmişə böyük hörmətim olub. Mən Konservatoriyada işləyəndə ona hər zaman böyük kimi baxmışam. O vaxt bəzi bəstəkarlar məsələ qaldırmışdılar ki, Opera və Balet Teatrının səviyyəsini qaldırmaq üçün gərək Akif Məlikov oranın direktoru olsun. Məsələn, Fikrət Əmirov belə deyirdi. Mən də söz vermişdim, Arif müəllim, əgər teatrın direktoru olsam, sizin əsərinizi tamaşaya qoyacağam. Mənim əmrim verilən kimi sözümün üstündə durdum. Arif müəllimi dəvət etdik ki, sizin əsərinizi tamaşaya qoymaq istəyirik, amma truppada cəmi 60 nəfər var, mümkündürsə, əsərdə bəzi ixtisarlar aparaq. Məsələn, “Bolşoy Teatr”da, Mariinski Teatrında səhnənin hər tərəfindən 16 nəfər çıxır. Bu, bizim imkanımız xaricindədir. Arif müəllim razılaşmadı ki, siz məni təhqir edirsiniz.

 

“Nə qədər ki, Arif Məlikov mövqeyində qalır, “Məhəbbət əfsanəsi” baletinin səhnəyə qoyulması mümkün olmayacaq”

 

İki gündən sonra bütün qəzetlərdə mənə qarşı, teatra qarşı yazılar yazıldı ki, teatrın səviyyəsi yoxdur. Biz Arif müəllimin ittihamlarına rəsmi olaraq cavab vermişik. Yəni nə qədər ki, o, mövqeyində qalır, “Məhəbbət əfsanəsi” baletinin səhnəyə qoyulması mümkün olmayacaq.

 

- Akif müəllim, bildiyim qədər Xəyyam Mirzəzadənin də “Ağ və qaralar” baleti repertuarda yoxdur...

 

- Mən təşəbbüsümlə Xəyyam müəllimin baleti tamaşaya qoyuldu. Çox yaxşı da premyerası keçirildi. Klassik şedevrlər istisna olunmaqla, bir əsər daimi olaraq repertuarda qala bilməz. Dəyişiklik olmalıdır, repertuara yeni əsərlər daxil edilməlidir. Ola bilər, bir müddət sonra biz yenidən “Ağ və qaralar” baletinə müraciət etdik.

 

- Yeni balet və opera əsərləri yazılırmı?

 

- Bizə müraciət edən bəstəkarlar olur. Sizə səmimi deyim, səviyyə o deyil ki, tamaşaya hazırlayaq. Ramiz Mustafayevin “Vaqif” operasını bərpa etdik. Bundan başqa, Firəngiz Əlizadənin “İntizar” operası repertuardadır. Açığı, indi opera və balet yazanlar da o qədər çox deyil. Bir tərəfdən də Qara Qarayev, Üzeyir Hacıbəyov, Fikrət Əmirovlar indi yoxdur. Bu, obyektiv reallıqdır. Heç dünyada da Çaykovski, Verdi, Puççini yoxdur. Bizim hörmətli bəstəkarlarımız opera və balet yazıblar, onları tamaşaya qoymuşuq. Amma o əsərlərə tamaşaçı tələbatı olmayıb.

 

- Yəni bilet satılmır...

 

- Tamaşaçı gəlmir. Və mən bilirəm ki, bunun səbəbi nədir. Bu yaxınlarda bir neçə cavan bəstəkarın musiqisinə baxdıq. Çox zəifdir. Ona görə də onları tamaşaya hazırlaya bilmərik.

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ