Ramiz Quliyev: “Dövlətə borcum var” - MÜSAHİBƏ

ramiz quliyev dovlete borcum var musahibe

Xalq artisti, tarzən Ramiz Quliyevin APA-ya müsahibəsi

 

...1945-ci ildə Ağdama müharibədə sol əlini itirən döyüşçü gəlir. Adı Həbib, soyadı Quliyev. Özü də balaca Ramizin əmisi. Həmin döyüşçü evdən çıxanda tarı divardan asıb getmişdi. Və haradan bilərdi ki, pərdələrdə gəzən barmaqları bir də heç vaxt tar üzü görməyəcək. Divarda toz basan həmin yadigar tarı hər dəfə atasından istəyəndə Əyyub kişinin gözləri dolardı.

 

- Həbib əmim mayor idi, müharibədən sonra Kəlbəcərdə Hərbi Komissarlıqda işləyirdi. İndiki kimi yadımdadır, Novruz bayramı ərəfəsi idi. Əmim gəldi, tarı ona göstərdim ki, bu tar kimindir? Dedi, sənin. Elə bil dünyanı mənə verdilər. Elə o sənin, bu sənin, ömrümü tara bağladım, olduq doğma qardaş.

 

...Aprelin 30-da Ramiz Quliyev 70 yaşını tamam edəcək. Mayın 2-də Azərbaycan Dövlət Filarmoniyasında yubiley konserti keçiriləcək. Tarzənin başı qarışıqdır, narahat, yorğun görünür. Hələ üstəlik dəvətnamələri də özü ilə gəzdirir, kimə verəcəyini saf-çürük edir. Mən soruşuram: sizə kömək edən yoxdur? Niyə bütün işləri özünüz görürsünüz? Və elə bu sualla da söhbətimizə başlayırıq:

 

 

 

- Öz işimi özüm görəndə rahat oluram. Mən həm məsuliyyətli, həm də dəqiq adamam. Buna görə də müəllimlərimə, valideynlərimə borcluyam. Gecə-gündüz çalışmalıyam, onların mənə olan etimadını doğruldum. Yəni çəkdikləri zəhmətin əvəzini qaytarmalıyam. Deməli, bundan sonra lap məsuliyyətli olmalıyam. Bilirsiniz, bəzi adamların köməkçiləri var. Ya da kiməsə 3-5 manat verir, dəvətnamələrini paylatdırır. Bu mənim üçün başa düşülən deyil. Dəvətnamələrin hamısının üstünü özüm yazıram və kimə göndərirəmsə, adının qabağına “Hörmətli” yazıram. Necə ki, tarı kökləyirsən ha, bax, insanı da gərək xoş sözlərlə elə kökləyəsən. Mənim yubiley tədbirimə gələn min adamdan on nəfəri qədirbiləndirsə, tarı sevirsə, mənim kimi bağrına basırsa, deməli, o adamlara mən də hörmətimi bildirməliyəm.

 

- Oğlunuz Əyyub sizə kömək etmir?

 

- İnanın, Əyyubun işləri o qədər çoxdur, özününküləri görəndən sonra növbə mənə çatır. Mənim Əyyuba verdiyim ən böyük hədiyyə tərbiyə və tərcümeyi-haldır. Övlad kimi ondan çox razıyam. Bir hadisə yadıma düşür, onu sizə danışım. Əyyub 7-8 yaşında idi, dərsdən çıxıb evə nahara getmişdim. Adətim idi ki, nahardan sonra yarım saat məşğul olum. Həyat yoldaşıma dedim, məni telefona çağırsan olsa, deyərsən, evdə yoxdur. Bir dəfə gördüm, Əyyub da anasına deyir, “mama, məni soruşan olsa, evdə yoxam”. (Gülür). Əyyub bunu deyib mənə baxdı. Yəni o demək idi ki, əməl düzgün olmalıdır. İndiki cavanlar bir qədər fərqlidirlər. 70 yaşa çatmışam, özümdən böyüyün yanında heç vaxt səsimi qaldırıb, nalayiq hərəkət etməmişəm. Görürsünüz, siz gələndə mənim sinfim bağlı idi. Tələbələrdən biri qapını bağlayıb, açarı qoyub cibinə, düşüb aşağı. İçəri girəndə gördük, skripka ortalıqdadır. Amma biz heç vaxt tarı ortalıqda qoyub küçədə siqaret çəkib, tum çırtlamamışıq. Ömür çox qısadır. Bizim çox zəngin mədəniyyətimiz var. Onu öyrənib təbliğ etməliyik. Deyirlər, indiki gəncləri öz cavan vaxtlarınızla müqayisə etməyin. Düzünü danışmaq lazımdır: indi bizim Azərbaycanımızda olan inkişaf heç vaxt olmayıb. Bir milyon cavan varsa, onların yüz nəfəri vətənə, sənətə, mənəviyyata bağlı olsa, şükür edərəm.

 

“Cavanlar böyüyə yol verməkdənsə, gəlib adamı itələyib keçirlər. Mən buna necə yaxşı baxa bilərəm?”

 

Çünki indi elə bir dövrdür, cavanlar başqa ölkələrdən nümunələr götürürlər. Mənim keçmişdə aldığım tərbiyə ilə indiki cavanların aldığı tərbiyənin çox böyük fərqi var. Ona görə də biz düşünməliyik, nəticə çıxarmalıyıq ki, hara və necə gedirik? Bizim tərbiyə aldığımız quruluş başqa idi, müharibədən sonrakı dövrün gəncləri idik. İndi hər şey boldur, bizim gəncliyimizdən fərqli olaraq, cavanların çoxunun əyin-başı yaxşıdır, cibləri doludur, amma yolunu azanları çoxdur. Tədbirə gedirsən, görürsən, üç cavan qızdır, böyüyə yol verməkdənsə, gəlib adamı itələyib keçirlər. Mən buna necə yaxşı baxa bilərəm? Belə şeyləri görəndə xəcalət çəkirəm, utanıram. Bəzi ölkələr var, onlardan nümunə götürürlər. Yox, onlar bizdən nümunə götürməlidirlər. Şəhərdə elə yerlər var, onların qapısını açın, görün nə hoqqadan çıxırlar? O qızların, yaxud oğlanların ikisinin valideynini tapıb gətirin, görüb, özlərini asarlar.  

 

 

 

- Siz gecə klublarından danışırsınız...

 

- Bəli. Görün yarımzirzəmilərdə nə işlərlə məşğuldurlar. Amma sivil Avropa ölkələrində görün rəqsi necə, hansı tərzdə edirlər. Bizim də milli, gözəl rəqslərimiz var. Bir var, tappa-tarap, guppa-gurup, bir də milli rəqs. Milli musiqi tərbiyə edir.

 

- Ramiz müəllim, bir gənc “Nəlbəki” rəqsini gecə klubunda necə oynasın?

 

 - Adam var, heç bilmir, “Nəlbəki” adında gözəl rəqs var. Çünki keçmişini bilmir, tanımır. İndiki cavanlar gecə klubunda “Nəlbəki” oynayarlar? Bağışlayın bu ifadəmə görə, orda bir-birinə kəllə atırlar. Oralarda elə hadisələr olur, onu təsvir edə bilmərəm. Düzdür, ağıllı, tərbiyəli cavanlar var, amma istəyirlər, onları da təsir altına salsınlar, başqa səmtə yönəltsinlər. Niyə? Çünki onların güclü mənəvi tərbiyəsi var. Bir ailənin mədəniyyətindən əvvəl onun mənəviyyatı gəlir. Ona görə də biz hamımız bir-birimizə nümunə olmalıyıq. Mən həmişə keçmiş şəraitlə bu günü müqayisə edəndə indiki şəraitə üstünlük verirəm.

 

Sovet vaxtı iki-üç klub, mədəniyyət evləri vardı, indi isə onların sayı çoxdur. O qədər işıqlı, təmiz mədəniyyət evlərimiz var, adam heyran olur. Görün necə gözəl Muğam Mərkəzi tikilib. Allah prezidentimizi və Mehriban xanım Əliyevanı qorusun. Cənab prezident idmana, mədəniyyətə, musiqiyə böyük qayğı göstərir. Şərait varsa, bunu qiymətləndirmək lazımdır. Necə ki xəstəxanaların şəraiti gözəldir, mədəniyyət evləri, klublar da o cürdür. Görürsünüz də, xəstəxanaları yaman gözəl düzəldiblər.

 

- Deməyin ki, adam lap xəstələnmək istəyir...

 

- (Gülür). Yox-yox, Allah eləməsin. İş xəstəxananın təmirli olmasında deyil. Orda maddi məsələlər, aptek işləri var. Allah eləməsin ki, maaşı alıb birbaşa aptekə gedək. Aptekdən iki balaca dərman alırsan, 30 manat edir. Deyirəm, ay qardaş, belə olmaz. Cavab verir ki, hələ gözləyin, bu gün-sabah yenə artacaq. Mənə ürək-dirək verməkdən, qolumu-qanadımı qırır.

 

 

 

- Bilirəm ki, gəncliyiniz qayığı olub. Sıxıntılardan qurtulub nə vaxt rahatlıq tapdınız?

 

- Bundan danışmaq üçün beş saat vaxt lazımdır. Gözümü açanda ailəmizdə səkkiz övlad olub. Atam altı yaşında atasını itirib. Qardaşlarını, bacılarını saxlamaq üçün çox əziyyətlər çəkib. Biz ehtiyac içində yaşamışıq. Deyirlər, dahilik ehtiyacdan yaranır. İnsan gərək ehtiyacı görsün. Yadımdadır, Ağdamda insanların bir-birinə elə gözəl münasibəti var idi ki... Amma müharibədən sonra çörək qıtlığı yarananda növbələrdə insanlar bir-birini elə itələyirdilər, olmayan kimi. Bir dəfə məni yuxarıdan necə atdılarsa, başım-beynim əzildi. Vaxt olub, bir ayda iki dəfə isti yemək yeməmişik. İndi oturduğumuz Musiqi Akademiyası əvvəllər Konservatoriya olub. Bura gələndə heç kimi tanımırdım. Demişdilər, gedəcəksən Bakıda “Beşmərtəbə” deyilən yer var, orda düşüb bir az qabağa gedəcəksən, Konservatoriya ordadır. Düşdüm “Beşmərtəbə”də, heç yeri tanımıram. Bir kişi yaxınlaşdı, dedim, Konservatoriyada imtahan vermək istəyirəm.

 

“Vaxt olub, bir ayda iki dəfə isti yemək yeməmişik”

 

Məni götürdü maşına, gəldik vağzalın yanına. Düşdüm, baxdım  ki, Üzeyir bəyin heykəlini tapa bilmirəm. Mənə demişdilər, Konservatoriyanın qarşısında Üzeyir bəyin oturan yerdə, fikirli halda heykəli var. Amma vağzalın yanındakı heykəl ayaq üstə idi. Sən demə, kişi məni səhvən gətirib Cəfər Cabbarlının heykəlinin yanında düşürüb. Axır gəlib konservatoriyanı tapdım. Üzeyir bəyin heykəlinə təzim edib keçdim içəri. Gördüm, heç kim yoxdur. Çıxdım ikinci mərtəbəyə, gördüm, siniflərdən elə gözəl səslər gəlir. Çevriləndə bir nəfər uzun saçlı, bəstəboy kişi ilə rastlaşdım. Məni əsəbi səslə yanına çağırdı ki, kimsən? Dedim, müəllim, Ağdamdan qəbula gəlmişəm, sənəd vermək istəyərəm. Çaykovskidən sual verdi, cavabını tapdım. Qlazunov (bəstəkar, dirijor, Sankt-Peterburq Konservatoriyasının direktoru – C. Zeynallı) haqqında soruşanda yaxşı cavab verə bilmədim. Dedi, get öyrən, səndən imtahanı özüm götürəcəyəm. Aşağı düşəndə, qapıçı dedi, evin tikilsin, icazəsiz niyə içəri girmisən? Səni sual-cavab edən bilirsən kim idi? Rektor Cövdət Hacıyev. Çox pis oldum. Kor-peşman çölə çıxıb rus arvaddan iki pirojki alıb yedim, getdim ev kirayələməyə. “Beşmərtəbə” tərəfdə Nisə xalanın evini kirayələdim, başladım nisgilli-nisgilli tar çalmağa.

 

 

 

- Müəllimlik həvəsiniz, öyrətmək istəyiniz tükənməyib? 

 

- Məndə öyrətmək istəyi tükənməzdir. Özüm də bu gün öyrənirəm. Axtarsaq, bəlkə də hələ tarın zirvədə dayanan ifaçısı gələcəkdə yetişəcək. Bunu tarix göstərəcək ki, indiki ifaçılar güclüdür, yoxsa bundan sonra gələnlər daha yaxşı sənətkar olacaqlar.

 

- Tarzənlərdən kimlərin ifasını qiymətləndirirsiniz?

 

- Onların adını deməyə ehtiyac yoxdur. Siz məndən yaxşı bilirsiniz ki, bu gün yaxşı tar ifaçıları kimlərdir. İki-üç nəfərin adını çəksəm, o biriləri inciyər. Mən ən yüksək səviyyədə ifası, texnikası olan tarzəndən tutmuş, lap zəif ifaçıya qədər hamıdan öyrənmişəm. Keçmişdəkilərdən beş-altı tarzən tarixdə qalıbsa, indikilərdən bir-ikisi qalacaq. Tarixdə qalmaq müşkül məsələdir.

 

Haşiyə: Söhbətin bu yerində muğam ifaçılarının bəlli qalmaqallarından söz salıram. Mən sual verəndə görürəm, Ramiz Quliyev narahat olur, danışmaq istəmir. Daha doğrusu, başını aşağı əyib üzünə narazı ifadələr verir. Və qısa cavabla söhbəti başqa səmtə yönəltmək istəyir...

 

- Yaman pis sualdır. Buna necə cavab verim? Bir dəfə çıxış eləyib dedim ki, bu bizə başıaşağılıq gətirən söhbətdir. Bir də o dediklərimi təkrar etmək istəmirəm.

 

“O qədər bekar deyilik ki, seriala baxaq”

 

Adam danışığına, hərəkətinə, keçmişinə, bu gününə qiymət verməlidir. Gərək jurnalistlər də bu məsələdə diqqətli olsunlar. O söhbətdə hər kəs öz cavabını aldı. İndi elə zamandır, heç kimdən heç nə gizlətmək olmur.

 

 

 

- 70 yaşda dövlətdən nə gözləyirsiniz?

 

- Azərbaycan dövləti mənə o qədər diqqət, o qədər qayğı göstərib, bundan sonra nə isə gözləyə bilmərəm. Əksinə, mənim dövlətə borcum var. Bundan sonra mənə göstərilən diqqəti qat-qat artıq doğrultmalıyam. Çünki babamın da, ulu babamın da görmədiyi şeyləri mən görmüşəm. Hər zaman demişəm, indi də deyirəm. Ruhu şad olsun, böyük tarixi şəxsiyyət olan unudulmaz Heydər Əliyev Azərbaycanda elə bir ənənənin əsasını qoydu ki, biz o yolla getsək, Azərbaycanı cənnət-məkan görəcəyik. Möhtərəm İlham Əliyev elə uğurla daxili və xarici siyasət aparır ki, onu qiymətləndirməmək, ucaltmamaq nadanlıqdır.

 

- Siz tanınmış insansınız. Məşhurluğunuzdan istifadə edib ehtiyacı olanlara kömək edə bilirsiniz?

 

- Olub, çox olub. Kiməsə kömək etmək lazımdırsa, onu mütləq etməliyəm.

 

- Televiziya kanallarına baxırsınız?

 

- Baxıram. Bir veriliş yaxşıdır, on veriliş pis. Reklamlar bizi öldürür. Nə qədər olar? Ağ eləmək olmaz. On dəqiqə film verirlər, sonra on dəqiqə reklam gəlir. Arzu edirəm, telekanallarımız yaxşı səviyyədə olsun.

 

- Ailə üzvlərinizlə seriallara baxırsınız?

 

- Bizim nə o qədər vaxtımız, nə də səbrimiz yoxdur. Bir də o qədər bekar deyilik ki, seriala baxaq. Yaxşı tarixi filmlər olanda məmnuniyyətlə baxırıq.

 

- Səhv etmirəmsə, oğlunuz Emin hüquqşünasdır...

 

- Emin Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb. Özü də qırmızı diplomla qurtarıb. İndi İdarəçilik Akademiyasında dosentdir. Eyni zamanda Konstitusiya Məhkəməsinin işçisidir. Emin bunların hamısını öz tərbiyəsi, xətir-hörməti, savadı ilə qazanıb.

 

 

 

- Yazıçılardan kimləri oxumusunuz?

 

- Elçin Əfəndiyevi, Natiq Rəsulzadəni, Əli Əmirlini, Anarı, Çingiz Abdullayevi oxumuşam, çox xoşuma gəlib. Kitabda maraq olanda, yaxşı yazılanda, adam həvəslə oxuyur. Zorla verilən kitabları kitab saymıram. Onsuz da onları heç kim oxumayacaq. Cavanlardan Qulu Ağsəsin yaradıcılığını çox yüksək qiymətləndirirəm. Qulu Ağsəs danışıq tərzindən tutmuş, şeirlərinə, yazılarına qədər adama doğma gəlir.

 

- Qulu Ağsəs ağdamlıdır, ona görə nisbətən cavanlardan ancaq onun adını çəkdiniz?

 

- Yox, inanın, Qulu Ağsəsin ağdamlı olduğunu birinci dəfə sizdən eşidirəm. Mənim üçün hamı ağdamlıdır, Ağdam hər yandır. Ədəbiyyatda səmimilik, ürəyə yaxınlıq olmalıdır. Bu olandan sonra ədəbiyyat adama doğma gəlir.

 

- Dolanışığınız necədir?

 

- Vallah, baxır harada, necə dolanışıq. Azərbaycanda olan bugünkü bolluq heç vaxt olmayıb. Mən nə varlı deyiləm, nə kasıb. Sadəcə, arzu edirəm, bahalıq azalsın, ucuzluq yenə öz yerini tapsın. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
  • prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib
    Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışın...
prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib prezident ilham eliyev neftcala senaye mehellesinin acilisinda istirak edib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ