Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında xalq artisti Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

APA-nın məlumatına görə, AMEA prezidenti, akademik Akif Əlizadə Qara Qarayevin Azərbaycan musiqinin və bəstəkarlıq məktəbinin inkişafındakı rolundan danışıb.

 

A. Əlizadə qeyd edib ki, bəstəkarın yaradıcılığı Azərbaycanda musiqişünaslıq elmi üçün qiymətli mənbə olub: "Böyük bəstəkar öz təkrarsız və özünəməxsus əsərləri ilə musiqi tariximizi, musiqi nəzəriyyəçiləri üçün əvəzsiz tədqiqat imkanları yaradıb. Qara Qarayev öz musiqiləri ilə hələ sağlığında Azərbaycanı bütün dünyada layiqincə təmsil edib. O, yaradıcılığında Azərbaycanın klassik əsərlərinə istinad edirdi. Onun yaradıcılığının əzəməti öz kökünü məhz milli klassikamızdan götürürdü". 

 
Qara Qarayevin yaradıcılığı haqqında məruzə ilə çıxış edən professor Zemfira Səfərova "Azərbaycan musiqi tarixi" kitabının üçüncü cildinin çap olunduğunu bildirib. O qeyd edib ki, kitab Qara Qarayevin yaradıcılığı ilə başlayır. 
 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Qara Qarayevlə bağlı xatirələrini bölüşüb. O, böyük bəstəkarın tələbəsi olmaqdan qürur duyduğunu deyib: "Xoşbəxtəm ki, bu böyük insanın təkcə tələbəsi deyiləm, həm də onunla bir yerdə çalışmışam. Qara Qarayev insan kimi yüksək səviyyəli ziyalı idi. Qara müəllim 110 musiqi əsərinə imza atıb. Onların hər biri əzəmətli, təkrarsız əsərdir. Onun azad düşüncəsi öz yaradıcılığına da nüfuz etmişdi". 
 

Sonda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin təşkilinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. Nazirin sözlərinə görə, Qara Qarayevin 100 illik yubileyi çərçivəsində tədbirlər təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də keçiriləcək. Nazir TÜRKSOY-un bu ili Qara Qarayev ili elan etdiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, Qara Qarayevin yubileyi UNESCO-da da qeyd ediləcək. 
 

Tədbirdə Qara Qarayevin əsərlərindən ibarət konsert təqdim olunub.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301